Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsində prioritet xərclərlə yanaşı, bir sıra digər istiqamətlər üzrə də əlavə vəsaitin yönəldilməsi nəzərdə tutulur.
Busaat.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkəmizin həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi və ölkəmizin yeni “Azərsky-2” peykinin orbitə çıxarılması ilə əlaqədar “Azərkosmos” Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması üçün cəm olaraq 297,5 milyon manat ayrılacaq.
Bundan əlavə, beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyətlə bağlı xərclər üçün cəmi 139,6 milyon manat, ondan xarici maliyyə yardımı üçün 100 milyon manat, Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının əməkdaşlarının təminat və kompensasiyaları ilə bağlı yeni qaydaların qüvvəyə minməsi və bəzi xarici ölkələrdə səfirliklərin və diplomatik nümayəndəliklərin fəaliyyətə başlaması üçün 26 milyon manat, Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişməsi üzrə çərçivə konsepsiyasına uyğun olaraq Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinəyetirilməsi üçün 13,6 milyon manat ayrılıb.
Dəmir yolu sahəsində, ölkə ərazisində elektrik enerjisi təchizatı və digər infrastruktur layihələri üzrə yenidənqurma və əsaslı təmir xərcləri üçün 128 milyon manat, sahibkarlıq fəaliyyəti iləməşğul olan şəxslərə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması üçün 50 milyon manat, bəzi büdcə təşkilatlarının maddi-texniki təminatının yaxşılaşdırılması (62,8 milyon manat) və digər zəruri tədbirlərin maliyyə təminatı (39 milyon manat) üçün cəm olaraq 101,8 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclər üçün 177,5 milyon manat, dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatların əlavə büdcədənkənar gəlirləri hesabına xərclərinin artırılması üçün 135 milyon manat ayrılması nəzərdə tutulur.