Ötən gün DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşları respublika əhəmiyyətli avtomobil yolunun kənarında silah aşkar edib.
İdarədən verilən məlumata görə, Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Qusar rayonu, Quxuroba kəndi ərazisindən keçən hissəsində xidmət aparan YPX Alayının əməkdaşları tərəfindən yolun kənarında, torpaq sahədə kisəyə bükülmüş qoşalülə ov tüfəngi aşkar edilib. Götürülən silah sonrakı araşdırma üçün aidiyyəti polis orqanına təhvil verilib.
Ümumiyyətlə, ötən il ərzində DYP xidmətinin əməkdaşları tərəfində 14 avtomat, 11 tüfəng, 1 tapança, 30 avtomat sandıqcası, 3 əl qumbarası, süngü bıçaq, döyüş patronu olmaqla xeyli sayda silah-sursat aşkar olunub.
DYP xidməti inzibati hüquqpozmalarla yanaşı, cinayətkarlığa qarşı mübarizə tədbirlərini də əzmlə davam etdirir.