Böyük ehtimalla İran Ukraynadakı müharibəyə yanaşmasını dəyişəcək – İCMAL

image-iran-ukraynabackend

“Mehr” xəbər verir ki, Kiyev hökumətinin İsfahanda qarşısı alınmış pilotsuz təyyarə hücumuna görə məsuliyyəti dolayı yolla qəbul etməsinə cavab olaraq İran Ukraynadakı müharibəyə yanaşmasını dəyişəcək.

İranın “Nour News” telekanalına danışan anonim mənbə isə deyib ki, “Ukrayna prezidentinin müşavirinin düşmənliyə hesablanmış ifadələri Tehrandan fərqli reaksiyalara səbəb ola bilər”.

“Ukraynanın İranın milli təhlükəsizliyini təhdid etməkdə israrlı olması İran İslam Respublikasının Ukraynadakı müharibə ilə bağlı mövqelərinin dəyişdirilməsinə və Kiyev hökumətinin davranışına mütənasib yeni yanaşmanın mənimsənilməsinə yol aça bilər. Ukrayna prezidentinin müşaviri Mykhailo Podolyakın İrana qarşı düşmənçilik bəyanatları ölkə hakimiyyəti tərəfindən düzəldilməzsə, bu, İran İslam Respublikasının müxtəlif reaksiyalarına səbəb ola bilər”, – mənbə bildirib.

“Nour News”un mənbəsi bildirib ki, İran Ukraynada müharibə başladığı gündən prinsipial mövqe tutub və dəfələrlə hərbi münaqişəyə son qoyulması və problemin dialoq yolu ilə həllinin vacibliyini vurğulayıb.

“Qərb tərəfdaşları tərəfindən qızışdırılan Ukrayna hökuməti İranı Ukraynadakı müharibə zamanı Rusiyaya silah yardımı göstərməkdə yalandan ittiham etsə də, hələ ki, iddiasını sübut edəcək heç bir dəlil təqdim edə bilməyib”, – nəşrin mənbəsi bildirib.

O, həmçinin qeyd edib ki, İran dəfələrlə Kiyevin Tehrana qarşı ittihamları ilə bağlı mümkün sübutları müzakirə etmək üçün Ukrayna tərəfi ilə birgə görüş keçirməyə çağırıb.

“İki ölkənin siyasi və hərbi ekspertləri arasında Qətərdə keçirilən son birgə görüşdə Ukrayna tərəfi İranın Rusiyaya silah dəstəyi iddiasını sübuta yetirən heç bir sənəd təqdim etməyib və sənədlərin Rusiyaya təqdim olunması barədə razılıq əldə olunub”, – mənbə əlavə edib.

Qeyd edək ki, yanvarın 28-i axşam İsfahanda güclü partlayış olub. İran Müdafiə Nazirliyi bunun pilotsuz uçuş aparatlarının uğursuz hücumu olduğunu bildirib. İran mediası ən azı beş əyalətdə partlayışlar barədə yazıb. “Al Arabiya” telekanalı İsrailin İrana qarşı “hərbi əməliyyatı” barədə məlumat yayıb.

Bundan əvvəl Podolyak öz “Twitter” səhifəsində İsfahandakı Müdafiə Nazirliyinin obyektinə pilotsuz təyyarə ilə hücumun və Azərşəhrdəki şirkətdə baş verən partlayışın Ukraynada baş verən hadisələr və İranın Rusiyaya yardımı ilə bağlı ola biləcəyini açıqlayaraq, “Ukrayna sizə xəbərdarlıq edib”, – sözləri ilə şərh edib.

Podolyakın bəyanatı ilə əlaqədar İran Xarici İşlər Nazirliyi Ukraynanın müvəqqəti işlər vəkilini məsləhətləşmələrə çağırıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90