
Çoxları onu gözləyir: Kimlər əfvə düşə bilməyəcək?
Bu il böyük əfv sərəncamının imzalanacağı gözlənilir.
Artıq Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası 1200-dən çox müraciətə baxıldığını açıqlayıb.
Əfvə kimlərin düşəcəyi ilə bağlı isə müxtəlif iddialar səslənir. Xüsusilə də həbsdə olan tanınmış simaların da bu siyahıda yer alacağı deyilir.
Bəs kimlər əfvə düşə bilməz? Qanunda hansısa qadağa və ya məhdudiyyətlər varmı?
Vəkil Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında deyib ki, əfvlə bağlı hər hansı bir qadağa tətbiq olunmur:
“Əfvetmə haqqında Əsasnamə”nin müddəalarına uyğun orada birbaşa qadağa nəzərdə tutulmur, amma məhudiyyətlər qoyulur.
Cinayətin kateqoriyasından asılı olaraq əfvə müraciətlə bağlı şərtlər var. Məsələn, törədilən cinayət az ağırdırsa, cəzanın ən az üçdə birini çəkdikdən sonra əfvə müraciət edə bilərlər. Törədilən cinayət ağır və xüsusi ağırdırsa, cəzanın ən az yarısını çəkdikdən, ömürlük həbsdə olanlar isə ən az 10 il cəza çəkdikdən sonra əfvə müraciət edə bilər.
Yəni müraciətlərdə məhdudiyyətlə qoyulur. Bir də praktikadan bilirik ki, əgər törədilən cinayət nticəsində kiməsə zərər dəyirsə və o zərər də ödənilməyibsə, o zaman komissiya o müraciətə imtina verir. Əsasnamədə bu haqda qeyd olmasa da, komissiya bu cür hallarda da əfv ərizəsindən imtina edir”.























