DİN-dən Bəxtiyar Hacıyevin şikayəti ilə bağlı açıqlama – Video

image-bextbackend

Daxili İşlər Nazirliyi ictimai fəal Bəxtiyar Hacıyevin şikayətinə baxılmaması ilə bağlı iddialarına münasibət bildirib.

DİN Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynov “Qafqazinfo”ya açıqlamasında bildirilib ki, keçən ilin iyul ayında Bakı şəhər sakinləri  Bəxtiyar Hacıyev və tanışı Ülviyyə Muradova qarşılıqlı ərizə ilə Yasamal Rayon Polis idarəsinə şikayət ediblər: “Onların müraciətləri araşdırıldı və müəyyən edildi ki, B.Hacıyev pişiyinin Ü.Muradovanın pişiyi ilə cütləşməsindən doğulacaq balalardan birini Ü.Muradovaya verməyi vəd etsə də, sonradan o vədinə əməl etmədiyindən tərəflər arasında narazılıq yaranıb. Bundan sonra Ü.Muradova sosial şəbəkədə bu məsələ ilə əlaqədar paylaşımlar etdiyindən B.Hacıyev onun evinə gedərək mübahisə yaradıb.

Tərəflərin şikayətləri araşdırılıb və əməldə cinayət tərkibinin olmadığı müəyyən edildiyindən cinayət işinin başlanması rədd edilib. Eyni zamanda onlara şərəf və ləyaqətin alçaldılması, işgüzar nüfuzu ləkələyən yalan məlumatların təkzib olunması, vurulmuş zərərin ödənilməsi və əmlak tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunub.

Bundan sonra Bəxtiyar Hacıyev xüsusi ittiham qaydasında Ülviyyə Muradova barəsində Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edib.

Müraciətlə əlaqədar ötən il oktyabr ayının 15-də keçirilən məhkəmə iclasında fasilə zamanı B.Hacıyev Ü.Muradovanın ünvanına qeyri-etik ifadələr səsləndirərək qəsdən münaqişə yaradıb, ictimai qaydanı və məhkəmənin normal iş rejimini kobud surətdə pozub. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək Ü.Muradovaya qarşı zor tətbiq edib sağlamlığına yüngül zərər vurmaqla qərəzli xuliqanlıq edib”.

DİN-in açıqlamasında qeyd edilir ki, fakta görə Yasamal RPİ-də Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb: “Hazırda istintaq davam etdirilir, tamamlandıqdan sonra cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək.

Bütün bunlara baxmayaraq Ülviyyə Muradova və Bəxtiyar Hacıyev bu proseslərdən narazı qalaraq bir-birilərinin həbs edilməsini tələb edirlər. Hər dəfə də onlara izah edilir ki, istintaq başa çatdıqdan sonra məsələyə məhkəmədə hüquqi qiymət veriləcək”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90