
Ərdoğandan NATO diplomatiyası: Baş katib və İsveç liderini qəbul edəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 4-də İstanbulda NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşəcək, ardınca noyabrın 8-də İsveçin yeni Baş naziri Ulf Kristerssonu Ankarada qəbul edəcək.
Busaat.az xəbər verir ki, prezident Ərdoğan noyabrın əvvəlində NATO ilə gündəmdə olan məsələlər ətrafında geniş diplomatik görüşlər həyata keçirəcək.
Prezident Ərdoğanın cümə günü, noyabrın 4-də İstanbulda NATO-nun Baş katibi Yens Stoltenberqi qəbul etməsi planlaşdırılır. Görüş zamanı İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi, eləcə də Rusiya-Ukrayna müharibəsi ilə bağlı hadisələrin müzakirə ediləcəyi gözlənilir.
Prezident Ərdoğan dünən telefonla İsveçin Baş naziri Ulf Kristerssonla danışıb və onu noyabrın 8-də Ankarada qəbul edəcək. Görüşdə Türkiyə-İsveç münasibətləri ilə yanaşı, İsveçin NATO-ya üzvlük prosesinin də müzakirə ediləcəyi nəzərdə tutulur. Prezident Ərdoğan dünənki telefon danışığında Ulf Kristerssona İsveçin yeni baş naziri olması münasibətilə təbriklərini çatdırıb. Oktyabrın 19-da ona göndərdiyi məktuba toxunan Ərdoğan Ulf Kristerssonu Ankarada qonaq etməkdən məmnun olacağını bildirib.
İsveç Baş naziri Kristerssonun Üçlü Memoranduma sadiq olduqlarına dair açıqlamalarını izlədiyini ifadə edən prezident Ərdoğan, bu yanaşmanın qarşıdakı proses üçün bələdçi olacağını bildirib. Prezident Ərdoğan İsveçin NATO-ya üzvlüyünü və Türkiyə ilə ikitərəfli münasibətləri ümumi terror ümumi mənafeyə uyğun qiymətləndirib və terror təşkilatlarının bu münasibətlərə maneə törətməməsinin vacib olduğunu vurğulayıb.
Busaat.az























