Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa… – konstitusiyamız dəyişəcəkmi? – 2 rəy

image-ff672f84451c0942f08e9ed1ba6d4c23backend

BMT Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü sovet sərhədləri çərçivəsində tanıyıb, Azərbaycan Respublikası isə AXC-nin hüquqi-siyasi varisidir; “Əksinə, Ermənistan öz konstitusiyasına dəyişiklik etməlidir, çünki…”

Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində sülh danışıqları üçün şəraitin olduğunu açıqlamışdı. “Yeni Müsavat” xatırladır ki, dövlət başçısı Ermənistanda bu xüsusda açıq-aydın təsəvvür olmadığını bildirmişdi.

Sitat: “Biz təklif etmişik ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın, sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilsin, kommunikasiyaların açılması prosesinə start verilsin və sülh müqaviləsi imzalansın. Yəni, sülh müqaviləsinin imzalanması 100 faiz qarantiya olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə minimuma endirir. Halbuki biz onu da bilməliyik ki, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər. İndi imzalansa da, imzalanmasa da, biz dediyim kimi, öz hərbi gücümüzü, qüdrətimizi daim artıracağıq və artırmalıyıq. Ermənistan tərəfi isə tərəddüd edir. Yenə də bu, onu göstərir ki, rəsmi dairələr bu məsələ ilə bağlı öz fikrini hələ formalaşdıra bilməyib. Bir tərəfdən, onlar başa düşürlər ki, sülh müqaviləsi olmasa və güclü Azərbaycan mövcud olduğu halda onların müəyyən narahatlığı ola bilər. Digər tərəfdən başa düşürlər ki, sülh müqaviləsi imzalanarsa, orada mütləq hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması müddəası olmalıdır və onlar buna hazır olmalıdırlar. Ona görə, bilirsiniz, necə deyərlər, iki daş arasında qalıblar. Ancaq seçim etməlidirlər, düzgün seçim etməlidirlər. Mən demişəm, bizim xoşniyyətli davranışımız şərt deyil ki, əbədi olacaq və şərt deyil ki, bu təkliflər əbədi masa üzərində qalacaq. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Yəni, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var. Amma buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə biz buna hazırıq. Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq”.

Amma həqiqətən Ermənistan gec-tez Azərbaycanın ərazi bütövlüyünü tanımalı olacaq. Əks halda, yeni müharibə qaçılmazdır və onun indiki sərhədlər daxilində mövcudluğu da sual altına düşəcək. Lakin məlumdur ki, BMT Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü sovet sərhədləri çərçivəsində tanıyıb. Əgər Ermənistan da bu tanınmaya getsə, o zaman biz konstitusiyamızı dəyişiklik etməliyikmi? Çünki indiki konstitusiyamıza görə, hazırkı Azərbaycan Respublikası Azərbaycan SSR-in yox, AXC-nin hüquqi-siyasi varisidir – sonuncunun bütün atributları ilə birgə. O halda AXC dövründə olan ərazilərimiz də suverenliyimizə qaytarılmalıdır, yoxsa konstitutsion dəyişikliklərə getməliyik? Ümumiyyətlə, bunların heç biri olmadan Ermənistan ərazi bütövlüyümüzü tanıya bilərmi?

Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulsa... - Qulamhüseyn Əlibəyli

Qulamhüseyn Əlibəyli

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a qeyd etdi ki, nəzəri olaraq, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa, bizim konstitutsiyada hər hansı dəyişikliyə getməyimizə ehtiyac yoxdur. Onun sözlərinə görə hüquqi-siyasi varislik öz yerində, amma delimitasiya beynəlxalq normalar əsasında həyata keçirilməlidir: “Əksinə, Ermənistan öz konstitutsiyasına dəyişiklik etməlidir, çünki orada Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiaları var. Onlar dəyişməlidir, bizim onlara qarşı iddiamız yoxdur”.

Q.Əlibəyli bldirdi ki, delimitasiya işi uzun müddət çəkir: “Hələ Gürcüstanla tam bitməyib. Ermənistanla da davam edəcək. Ancaq İrəvan prosesi başlatmaqdan imtina edir və erməni tərəfi istəmir ki, bu iş başa çatsın”.

Politoloq: “ABŞ-ın yeni hökuməti İran siyasətini dəyişməyəcək” -  29.11.2020, Sputnik Azərbaycan

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, delimitasiya 1918-ci il xəritələrinə istinadla olmayacaq. Onun fikrincə, Azərbaycanın özünü AXC-nin siyasi-hüquqi varisi elan etməsinə baxmayaraq, üçtərəfli razılaşmada sərhədlərin müəyyən edilməsi o dövrün xəritələri əsasında olmayacaq deyə hər hansı konstitutsiya dəyişikliyinə zərurət qalmır: “O zaman Ermənistandan əsər-əlamət qalmaz, bütün tarixi torpaqlarımızda respublika qurublar. Bizsə bununla belə onların suveren ərazisi kimi tanınmış həmin torpaqlara qarşı iddia qaldırmırıq. Bu baxımdan AXC-nin siyasi-hüquqi varisi olmağımız reallıqdırsa belə, praktik olaraq 10 noyabr sənədi fərqlidir. Bizi maraqlandıran budur ki, sərhədlər çəkilsin, Ermənistan ərazi bütövlüyümüzü tanısın, biz İrəvana görə referendum keçirməyi, ana qanunumuza dəyişikliyi düşünmürük”.

“Yeni Müsavat”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90