Hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyəti Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar partiyanın namizədlərini elan edib.
Busaat.az-ın məlumatına görə, YAP 125 dairənin hamısı üzrə namizədlərini açıqlayıb. Namizədlərdən 66 nəfərin ilk dəfə YAP-dan deputatlığa namizəd kimi elan edilməsi diqqəti cəlb edib.
Bundan başqa, siyahıda əvvəllər YAP-dan deputat seçilmiş, lakin 2020-ciu il seçkilərində namizəd olmamış Əli Əhmədov, Mübariz Qurbanlı, Xanlar Fətiyev, Səyyad Aran, Eyvaz Qurbanov kimi partiya veteranlarının yenidən namizəd olması maraqla qarşılanıb.
Növbədənkənar seçkiyə hazırlıq prosesi və hakim Yeni Azərbaycan Partiyasının elan etdiyi namizəd siyahısı ilə bağlı Bakivaxti.az-ın suallarını Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli cavablandırıb.
– Əziz bəy, YAP parlament seçkilərinə qatılacaq namizədlərin siyahısını açıqladı, ciddi dəyişiklik gözləntusu vardı. Sizcə, gözləntilər özünü doğrultdumu?
– Siyasi düşüncə və istiqamətin, siyasi mühitin effektiv şəkildə idarə olunmasına yönəlik namizəd siyahısını müşahidə etdim. Strateji düşüncədə kimin hansı gözləntisinin olması önəmlidir. Azərbaycanda hazırda bu sahədə inqilabi dəyişikliklərə ehtiyac yoxdur. Bu sahədə keçmişi unutdurmağa yönəlik bəzi siyasi işbazların, o cümlədən əldə olunmuş zəfərə, qalibiyyətə qarayaxmağa çalışan keçmiş qaragüruhun cavabının verilməsinə daha çox ehtiyac var. İllər keçdikcə həqiqətlərin unudulduğunu zənn edən bir qrup siyasət dəllalları gənc nəslə tanıdılmalıdır. Keçmiş proseslərlə bağlı indiki vəziyyətdə daha çox gənc və nisbətən orta yaşlı nəslin maarifləndirilməsinə ehtiyac duyulur. Çünki onlar cəmiyyətin önəmli hissəsində qərarlaşırlar. Mühüm proseslərdə iştirak edirlər.
Bu mənada keçmiş siyasətçilərin, təcrübəli şəxslərin prosesə cəlb olunması hesablanmış addımdır. Onlar daha yaxşı bilirlər ki, keçmiş dönəmlərdə ümummilli lider Heydər Əliyev Azərbaycan xalqını hansı təhlükələrdən, bəlalardan xilas edib. Bu gün prezident İlham Əliyevin əldə etdiyi zəfərin ümumi miqyasını, qlobal əhəmiyyətini aşağı salmağa çalışanların ifşa edilmə vaxtıdır.
– Müxalif partiyalar və müstəqil namizədlərin parlament seçkilərində iştirak həvəsi hansı səviyyədədir?
– Azərbaycanda siyasi iştirakçılıqla bağlı problem yoxdur. Əslində əvvəlki illərə nəzərən, bu, strukturlaşmış səviyyəyə keçib. Ən azından Prezident Aparatında müvafiq şöbənin yaradılması bunun bariz isbatıdır. Əvvəlki illərdən daha çox siyasi partiya mənsublarının parlamentdə iştirakı mümkün olacaq. Amma Azərbaycanda siyasi mədəniyyətlə, siyasi iştirakçılıqla bağlı əsas problem müxalif partiyaların ideoloji böhranla yaşamasında, lider yetişdirə bilməməsindədir. Bu, bir az da onunla əlaqədardır ki, iqtidar çox güclüdür. İqtidar və onun rəhbəri İlham Əliyevin əldə etdiyi qalibiyyətlər o qədər üst səviyyədədir ki, müxalif fikir alternativ fikir istehsal edə bilmir. Açığı, bu mənada özünü müxalif adlandıran kəsimin də böyük ölçüdə siyasi spekulyasiya imkanları yoxdur. Hakim siyasi partiyaya qarşı mübarizə aparmaq çox çətindir.
– Sosial Tədqiqatlar Mərkəzinin seçkiyə dair sorğusu varmı və nəticələr nədən xəbər verir?
– STM-in birbaşa və bilavasitə seçkilərlə bağlı sorğuları mövcuddur. Budəfəki sorğuların nəticələri seçki öncəsi açıqlanacaq. Amma ümumi qeyd edim ki, seçki ilə bağlı paradiqmalar yanaşmalar, yeni vizyon seçkisinin olmasıdır. Bu prosesin öz adı var, bu, Azərbaycanın zəfər parlamenti olacaq. Müharibədən sonra təşkil edilmiş ilk seçkili orqan olacaq. Cəmiyyət tərəfindən daha yüksək dəstək almaq imkanları var. Hazırda prezident seçkisi qədər mühüm nəticələr olmasa belə müxtəlif lokal səviyyələrdə seçici fəallığının olduğu dairələri görə bilərik.
– Siz də seçkiyə qatılacağınızı elan etmişdiniz, fikriniz qətiləşdimi, seçkidə iştirak etsəniz hansı dairədən qatılacaqsınız?
– Bu gün qərar vermək hələ tez olar. Hələ ki proses davam edir. Seçkiyə qatılmaqla bağlı potensial imkanlar nəzərdən keçirilməlidir. Hesab edirəm ki, yaxın günlərdə məsələyə aydınlıq gətiriləcək.
– Ümumilikdə gənc kardların seçkiyə marağı varmı və bu maraq nədən qaynaqlanıb?
– Bütövlükdə Azərbaycan siyasətində vitrinin gəncləşdirilməsi hər zaman aktual olub. Çünki nəsillərarası irsin ötürülməsinə böyük mənada ehtiyac var. İndiki mənada siyasi institutların iqtidar cinahında uğurlu təcrübə paylaşılmaqdadır. Düşünürəm ki, müxtəlif biznes holdinqlərdən və ASAN Xidmət mərkəzlərindən çıxmış gənclər idarəetmədə yüksəlməkdədirlər. Onların seçkidə də boy göstərməsini müşahidə edə bilərik.
– Bu, kütləvi şəkildədirmi?
– “Siyasət siyasətçilərin işidir” prinsipi ilə gənclərin siyasi proseslərə baxışı indi daha çox qabarıqdır. Siyasətə təcrübə və müxtəlif əlaqələr dairəsinə malik olmaqla gəlmək daha uğurlu sayılır. Orta və yaşlı nəslin siyasətdə uğur qazanması bunun sübutudur.
– Bizim parlamentə necə kadrlar lazımdır?
– İlk növbədə ideoloji fikirlərin gizli şəkildə interpretasiya edilməsinə ehtiyac var. Parlamentdə təmsil olunacaq kadrlar müasir ideoloji istiqamətlərin nədən ibarət olduğunu qiymətləndirməyi bacarmalıdırlar. Azərbaycan Prezidenti Zəfər Respublikası qurub. Bunun tarixə yayılan əhəmiyyəti nə olmalıdır, ictimai rəydə necə möhkəmlənməlidir? İqtisadiyyatımızın qurulmasında, idarə olunmasında, dövlətimizin güclü olmasında, problemlərin həlli yolunda nə cür baxışlar tətbiq olunmalıdır? Bu məsələlər üzərində fikir istehsalçıları olmalıdır. Prezidentin inkişaf konsepsiyasını dəsətəkləyən, fərqli formada təqdim etməyi bacaran fikir istehsalçılarına böyük şəkildə ehtiyac duyulur. Problem hər cəmiyyətdə, hər nöqtədə mövcuddur. Sonu görünməyən dünyada problemlərdən danışmaq hər zaman aktual olmaq demək deyil. Amma inkişafdan danışmaq da öz içində problemləri yaşadır. Prosesləri bu mənada nəzərdən keçirsək daha yaxşı olar.