Fransa vətəndaşının hücumu nəticəsində 3 nəfərin öldüyü, 3 nəfərin yaralandığı Ahmet Kaya Mədəniyyət Mərkəzinin yerləşdiyi bölgədə PKK tərəfdarı bir qruplaşma polisə hücum edib, küçədəki avtomobillərə və mağazalara ziyan vurub.
Busaat.az Le Parisien-ə istinadən xəbər verir ki, paytaxtın 10-cu məhəlləsindəki Enghien küçəsində Fransa vətəndaşı ətrafdakı insanlara atəş açıb. İlkin məlumata görə, hücumda 3 nəfər ölüb, biri ağır olmaqla 3 nəfər yaralanıb.
Paris polisindən verilən açıqlamada hücum edən şəxsin saxlanıldığı bildirilib. Açıqlamada xilasetmə qruplarının müdaxiləsi və təhlükəsizlik səbəbiylə bölgənin boşaldılması tələb edilib.
Hücumun məqsədi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Fransanın baş naziri Elisabeth Borne də hücumda həyatını itirənlərə başsağlığı verərək, hücumçunu yaxalayan polisləri təbrik edib. Borne hadisə ilə bağlı istintaqın açıldığını təsdiqləyib.
“Kürdlərin xüsusi hədəfə alındığını söyləmək olmaz”
Hadisə yerinə gələn daxili işlər naziri Gerald Darmanin, “Hücum edən şəxs qəsdən əcnəbiləri hədəfə alsa da, kürdlərin xüsusi olaraq hədəf alındığını söyləmək olmaz” – deyə, açıqlayıb.
Digər tərəfdən, Darmaninin çıxışından sonra Parisdə Strasburq Saint Denisdə Ahmet Kaya Mədəniyyət Mərkəzi kimi tanınan binanın qarşısında təşkil edilən hücumun kürdlərə qarşı təşkil edildiyini iddia edən PKK tərəfdarı terror qruplaşması, ərazidəki polisə hücum edib. Nəticədə küçədəki nəqliyyat vasitələri və mağazalar zərər görüb. Polis hücum edənlərə gözyaşardıcı qazla cavab verib.
Hadisələr zamanı terror təşkilatı PKK-ya dəstək şüarları səsləndirən hücumçuların əllərində terror təşkilatını simvolizə edən bayraqlar olub.
Fransız mətbuatında 69 yaşlı hücumçunun Fransanın rəsmi dəmir yolu şirkəti SNCF təqaüdçüsü Fransa vətəndaşı olduğu bildirilib.
Fransa prezidenti Emmanuel Makron Twitter hesabından verdiyi açıqlamada hadisə ilə bağlı qeyd edib: “Fransa kürdləri Parisin ortasında xain hücumun hədəfi oldu. Qəlbimiz qurbanlarla, ailələri və sevdikləri üçün döyüşənlərlədir”.
Yunanıstanın paytaxtı Afinada terror tərəfdarı PKK qruplaşması Fransada 3 nəfərin ölümü ilə nəticələnən silahlı hücuma etiraz olaraq polisə hücum edib.
Parisdə Strasburq Saint Denisdə Ahmet Kaya Mədəniyyət Mərkəzi kimi tanınan binanın qarşısında hücuma məruz qaldıqlarını iddia edən bir qrup PKK tərəfdarı Fransanın Afinadakı səfirliyi qarşısında toplaşıb.
Qrup üzvləri terror təşkilatını simvolizə edən əşyalarla polisə hücum edib.
Polis səs bombaları ilə hücum edənlərə müdaxilə edib.
Bu arada, Parisdəki hücumdan sonra terror təşkilatına mənsub 150-yə yaxın PKK tərəfdarı Fransanın cənubundakı Marsel şəhərində yerləşən Bouches-du-Rhones Region Qubernatorluğu qarşısında toplaşıb.
Polislə terror təşkilatını təmsil edən qrup arasında baş verən qarşıdurmada 4 polis yüngül yaralanıb. 4 etirazçını saxlayan polis nümayişçiləri dağıdıb.
Busaat.az