GEOPOLİTİK SAVAŞDA İLHAM ƏLİYEVİN QƏLƏBƏSİ

image-demir_yumruqbackend

Azərbaycanın ərazi bütövlüyünü təmin edən strateji əsaslar…

Hazırda qlobal güclər arasında davam edən savaş kiçik dövlətləri böyük dövlətlərin koloniyasına çevirməkdədir. Azərbaycan əvvəldən strateji qərarlar qəbul elədiyinə görə bu gün açıq təhdidlərdən asanlıqla yayına bilir və ciddi manevr imkanlarına malikdir.

2003-cü ildən ölkəyə rəhbərlik edən prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsəd Qarabağın işğaldan azad olunması məsələsi idi. Qarabağın azad edilməsinin iqtisadi-siyasi, hərbi strategiyası illər öncədən hazırlanırdı və mərhələli şəkildə həyata keçirilirdi. Bəs, cənab İlham Əliyev bu konsepsiyasını mərhələli şəkildə necə reallaşdırdı? Əgər aşağıdakı amillərdən heç olmasa, biri olmasaydı, nəinki Qarabağın azad olunması, hətta orada kiçik miqysaslı hərbi əməliyyatların aparılması da mümkünsüz ola bilərdi. Əgər İ lham Əliyev 2008, 2013, yaxud 2018-ci illərdə yenidən prezident seçilməsəydi, Qarabağın azadlığı üçün hazırlanan konsepsiya da qırılacaq, yarımçıq qalacaqdı.

Qarabağı azad etmək üçün:

Azərbaycan hər hansı hərbi ittifaqa üzv olmalı deyildi. İlham Əliyev buna nail olmaqla, ölkənin “tərəfsiz güc” imicini və mövqeyini formalaşdırdı. Heç şübhəsiz, Azərbaycan NATO-ya, yaxud KTMT-yə üzv olsaydı, Qarabağ probleminin real həllindən söhbət belə gedə bilməzdi. ABŞ-ın Əfqanısanda hərbi kampaniyası başlayanda NATO-nun Azərbaycana qarşı “incə təhdid” siyasəti da start götürdü. Belə mülahizələr səslənirdi ki, ABŞ-ın İrana qarşı real hərbi addımlar atması üçün Azərbaycan plasdarm rolunu oynaya bilər. Bəs İlham Əliyev nə etdi? O, İrana qarşı hərbi kampaniya aparmaq üçün Azərbaycanı ABŞ-ın hərbi “istinad” və “qərargah” niyyətlərindən tamamilə çıxdaş etdi. Nəticədə Azərbaycan poliqona çevrilməkdən xilas oldu. İlham Əliyev Azərbaycanı “əlaltı dövlət”ə çevirməyə hesablanan təhdidləri sıfırlamaqla yanaşı, İrandan gələn təhlükələrdən də sığortaladı və “mehriban qonşuluq” siyasətinin təməl prinsiplərini strateji hala gətirdi;

 Azərbaycanda heç bir dövlətin hərbi bazası yerləşməməli idi. Prezident buna nail olmaqla, Azərbaycanın belinə “təhlükəsizlik kəməri” bağladı;

Azərbaycanda böyük güclərin bioloji laboratoriyaları mövcud olmalı deyildi. Prezident bunu da mümkünə çevirdi. Bu, bizi qlobal təhlükəsizlik məsələrində əsas tərəfdaşa çevirdi. Halbuki Orta Asiya ölkələrinin bəzilərində və Ermənistanda (2016-cı ildən) Qərbin bioloji laboratoriyaları mövcuddur. Bu gün Rusiyanın və ABŞ-ın bu ölkələrə qarşı əsas təzyiq vasitələrindən biri də məhz bu amildir;

Azərbaycan Qoşulmama Hərəkatının nüvəsinə çevrilməli idi. İlham Əliyevin işğala məruz qalan ölkənin lideri kimi, bu hərəkatda əsas güclərdən birinə çevrilməsi geopolitik münasibətlərdə yeni istiqamətin açılması demək idi;

Azərbaycanda Qarabağı azad edə biləcək monolit hakimiyyət formaşaldırmaq lazım idi. İlham Əliyevin Qarabağın azadlığı istiqamətində formalaşdırdığı sürətli əyləc sistemi bir çox hallarda hakimiyyətdəki “köhnə komanda” tərəfindən tormozlanırdı. Diqqət edəriksə, kadr islahatların aparılması prosesi Qarabağın azadlığı üçün aparılan müharibədən az öncə başladı və ən strateji postlar məhz həmin vaxt təmizlənmiş oldu;

Azərbaycan Qarabağın azad edilməsi üçün böyük dövlətlərdən birini özünə həqiqi dost və strateji tərəfdaş kimi qazanmalı idi. Bunun üçün ən uyğun dövlət Türkiyə ola bilərdi, belə də oldu. Bu məsələ uzun və tarixi təhlil yolu keçmiş bir amildir. Nəzərə almaq lazımdır ki, 1992-1993-cü il Birinci Qarabağ müharibəsi zamanı Türkiyə Azərbaycana yetərincə yardım edə bilmədi. Qardaş ölkə olsaq da, Azərbaycanla Türkiyə arasındakı münasibətləri indiki mərhələyə çatdırmaq böyük siyasi iradə, zaman və strateji qərarlar qəbuledilməsi lazım idi. İlham Əliyev buna da nail oldu.

Ölkənin ciddi “diplomatik bazası” yaradılmalı idi. Qonşu ölkələrlə dostluq, mütəffiqlik, strateji tərəfdaşlıq və qlobal güclərlə münasibətlərin milli maraqların müdafiəsi istiqamətində qurulması İlham Əliyevin Azərbaycana qazandırdığı “diplomatik baza”nın mühüm istiqamətlərini təşkil edirdi;

Ordunun peşəkarlaşdırılması, hərbi arsenalın zənginləşdirilməsi, iqtsiadiyyatın güclü bazasının yaradılması və s. də Qarabağın azad edilməsi üçün hazırlanan konsepsiyanın mühüm tərkib hissələrindən biri idi.

Azərbaycan Qarabağ müharibəsi zamanı təkcə torpaqlarını işğaldan azad etmədi. Biz digər strateji hədəflərimizə də çatmış olduq. Məsələn:

Qarabağda Ermənistanda da daxil olmaqla, müxtəlif ölkələrə məxsus narkotik plantasiyaları fəaliyyət göstərirdi. Ərazilərimiz işğaldan azad olunandan sonra bu plantasiyalar da məhv olub getdi. Hərbiçilərini, silah-sursat ehtiyatlarını narkotika ticarətindən gələn gəlirlər hesabına formalaşdıran Ermənistan belə bir “böyük imkan”dan məhrum oldu. Beləliklə, Ermənistan böyük tranzit ərazini itirdi;

Müxtəlif terrorçu təşkilatlar, eləcə də ermənilərin qanunsuz silahlı birləşmələri Qarabağdan təlim mərkəzi kimi istifadə edirdilər. Qarabağ torpaqlarının azad edilməsi dünyada terrorizmə vurulan ən ciddi zərbələrdən biri idi.

Samir Feyruzov

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki