Bu il mayın 5-də Naxçıvanda “Altai” adlı müasir üsluba malik yeni teatr fəaliyyətə başlayıb.
“BUSAAT.az” saytına müsahibəsində Naxçıvan Dövlət Uşaq Teatrının quruluşçu rejissoru, “Altai” teatrının rəhbəri, əməkdar artist Nurbəniz Niftəliyeva ilə ölkəmizin qədim bölgəsində yeni sənət məbədinin yaranmasından, onun fəaliyyətindən, teatr mühtindən, planlardan və qarşıda duran vəzifələrdən danışdıq.
– Nə üçün teatr adət etdiyimiz kimi “Altay” deyil, “Altai” adlandırılıb?
– Bunun maraqlı hekayəsi var. Oğlumun adı Altaydır. Övladımın dünyaya gəlməsi ərəfəsində ona böyük mənası olan ad axtarışında idim. Qədim türk tayfalarından gələn və türkçülüyü ifadə edən Altay adı çox xoşuma gəldi. “Uca dağ” və ya “Qızıl dağ” mənasını daşıyan bu ad özündə gözəl, işıqlı həyatı və firavanlığı əks etdirir.
2022-ci il fevralın 24-də Ukraynada idik. Həmin gün, bildiyiniz kimi, Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladı. Bütün ukraynalılar kimi biz də çox qorxulu, həyəcanlı anlar yaşayır, zirzəmidə qalırdıq. Müharibənin başlanmasından iki gün sonra, fevralın 26-da, mənim oğlum dünyaya gəldi.
Azərbaycan səfirliyi ilə əlaqə nəticəsində qatarla Ukraynadan çıxmağın mümkün olduğunu öyrəndik. Zirzəmidə bizimlə bərabər qalan bir qrup gəncin sayəsində taksi çağıra bildik və biz üçgünlük övladımızla bərabər gedib qatara çatdıq. Həmin çətin günlərdə Moldova və Rumıniya vasitəsilə vətənimizə qayıdarkən Altay bizim üçün əsl “yaşıl işığ”a və uca dağa çevrildi. Hər iki ölkədə övladımın adı ilə maraqlandılar. “Altay” dedikdə, “Altai”, “qəhrəman” cavabını eşidirdik. Sən demə, moldavanlar və rumınlar “Altay” sözünü “Altai” kimi tələffüz edirlər. Müvəqqəti sığınacaq yerlərində qeydiyyatdan keçdiyimiz bütün sənədlərdə oğlumun adını “Altai” yazdılar. Bu, çox xoşuma gəldi, hətta həyat yolaşıma “Kaş adını Altai qoyardıq” söylədim. Oğlumun həm müharibə şəraitində, həm də Xocalı soyqırımı günündə doğulması sanki bizə işarə idi. Başımıza gələn bu hadisələr və “Altai” sözü fikrimdə çox fırlanırdı. Naxçıvanda özəl teatr yaratmaq fikrinə düşəndə sənədlərə baxırdım. Orada “Altai” sözünü görəndə öz sənət məbədimizi belə adlandırmaq qərarına gəldim.
– “Altai” yeni və müasir üsluba malik teatr kimi təqdim edilir. Müasir üslub dedikdə nə nəzərdə tutulur?
– Müasir dövrün tələblərinə cavab verən tamaşaların hazırlanmasını nəzərdə tuturuq. Bəzən “müasir üslub” ifadəsi səslənərkən açıq-saçıq, çılpaq mizan səhnələrinə fikir yönəlir. Modern teatra gedərkən “hansısa əxlaqdan kənar, nalayiq səhnələr görəcəyik” kimi düşünənlər də tapılır. Elə deyil. Biz müasir üslub dedikdə, etik qaydalar çərçivəsində çağdaş insan düşüncəsinə üstünlük verdiyimizi söyləmək istəyirik. İndi əsərlərini müasir üslubda qələmə alan gənc yazarlarımız var. Onların bu günün insanı, problemləri, qayğıları ilə səsləşən pyeslərini seçib səhnələşdirməyi, bununla da gənc dramaturqlarımızı üzə çıxarmağı düşünürük. Artıq insanlar səhnədə öz həyatını, fikirlərini əks etdirən tamaşalara baxmaq istəyir, daha səmimi, gerçək mövzuların səhnələşdirilməsini arzulayır. Biz də bu yöndə tamaşalar hazırlamağa çalışırıq ki, izləyici səhnədə ona tamamilə yad olan hallarla qarşılaşmasın. Unutmayaq ki, teatr həyatın güzgüsüdür. Bu günün tamaşaçısı çox yorğundur, onun beynini daha da qarışdırmağa hacət yoxdur. Mən buna təkcə rejissor gözü ilə deyil, həm də tamaşaçı kimi baxıram.
– “Altai”ni digər teatrlardan fərqləndirən başlıca məqam nədir?
– İnsanın mənəviyyatına xələl gətirməyən əsərləri səhnələşdirmək bizi fərqləndirən əsas cəhətdir. Əlbəttə, mən bunu deyərkən, heç də başqa teatrlarda tamaşaçılara mənfi təsir göstərən səhnələrin olduğunu söyləmək istəmirəm. Hər teatrın özünə uyğun üslubu, formatı, dəst-xətti var.
Biz daha səmimi olacağıq və tamaşaçılarımız təkcə pyesləri izləməklə kifayətlənməyəcək, ovsununa düşdükləri mizan səhnələrini özləri üçün təhlil edəcək və fikirlərini bizimlə bölüşəcəklər. İnsanlara tanış olan məqamlar onlara həyatın müsbət və mənfi tərəflərini də ayırd etməkdə, dərs götürməkdə yardım edir. Mənfini də elə göstərmək lazımdır ki, tamaşaçı, xüsusilə də gənclər, həmin mənfi cəhətlərdən bəhrələnib, hansısa hərəkətinə bəraət qazandırmasın. Əksinə, bundan dərs götürüb, öz əməllərinə diqqət yetirsin, həyatının məhv olmasına yol verməsin.
Bir sözlə, biz özümüzü nə başqa teatrlardan üstün, nə də aşağı səviyyədə görürük. İnanıram ki, gələcəkdə “Altai” teatrının öz kompakt tamaşaçı auditoriyası olacaq.
– “Altai” teatrlar arasında rəqabətə davam gətirirmi?
– “Altai” teatrı heç bir sənət məbədi ilə rəqabət aparmır. Heç bir zaman demirəm ki, hansısa teatrın tamaşaçı auditoriyasını əindən alacağam. Sadəcə, düşünürəm ki, o teatrda müxtəlif əsərləri izləyən tamaşaçı bir gün yolunu bizim sənət məbədindən də salacaq. Heç kimin tamaşasına pis demək olmaz. Dostcasına hansısa tamaşanı, hansısa aktyorun ifasını tənqid etmək olar. Amma tamaşaya baxa-baxa mənfi auranı bütün teatra yönləndirmək, onu ləkələmək və özünü hər kəsdən üstün saymaq işə hörməti itirər.
Sənətə gəldiyim ilk gündən öz yolumu tutmağa, bu sahədə mükəmməl olmağa çalışmışam. Amma bu məqsədə təkəbbürlü şəkildə çatmağa can atmamışam. Təkəbbür “sonun başlanğıcı” deməkdir. Hər bir sahədə olduğu kimi, sənətdə də qətiyyən arxayınlığa yol vermək olmaz. Bu günün işinə görə sabah sənə “sağ ol” demirlər. Mən hər gün ən çox özü ilə mübarizə aparan yaradıcı şəxslərdən biriyəm. Hər gün öz məqsədimə doğru yeni yolum başlayır. Odur ki, gələcəkdə “Altai” teatrının öz sözünü deyəcəyini düşünürəm. Bu teatr “Mən Varam!” deyəcək.
– Amma, deyirlər, sağlam rəqabət olmayan yerdə inkişaf da yoxdur…
– Biz heç bir təkəbbürə yol vermədən ali məqsədimizə – inkişafımıza doğru gedirik. Bütün teatrlar, o cümlədən “Altai” teatrı da əlahəzrət tamaşaçıya yaxşı tamaşa hazırlamağın vədini verir. Hər bir teatrın fəaliyyətini tamaşaçı qiymətləndirir. Niyə kiminsə işini ləkələməyə və yaxud aşağılamağa çalışaq ki?! İnsanlar azad və sərbəst şəkildə istədikləri teatra gedirlər. Bir gün hansısa teatra gedən, növbəti dəfə yolunu “Altai”dən sala bilər. Bəlkə də həmin vaxt, elə hər zaman bizim teatra gələcək (gülür). Təbii ki, bu, bir zarafatdır. Amma bütün teatrların arasında “Altai” öz sözünü deyəcək və öz yerini tutacaq.
– Ölkədəki teatr mühitini necə qiymətləndirirsiniz? Bu mühit sizi qane edirmi?
– Dünyada, o cümlədən Azərbaycanda, elə dönəm oldu ki, hər kəs tamaşaçının teatra üz tutmadığından, aktyorların sənətdən uzaqlaşdıqlarından, maddi problemlər üzündən digər peşələrə üz tutduqlarından gileylənməyə başladı Bütün teatr cameəsi bu durğunluğun səbəbini öyrənməyə çalışdı. Mənim fikrimcə, bu, informasiya texnologiyasının inkişafından və sosial şəbəkələrin birdən-birə insanların həyatına müdaxiləsindən başladı. İnsanlar öz telefonlarında filmlərə, seriallara baxmağı daha üstün hesab etdilər. Belə sual yarandı: tamaşaçı Oskar mükafatını alan filmləri qoyub, nədən kinoteatra və teatrlara gəlsin ki?! Bundan başqa, sosiallaşmaq, ani bir video ilə fenomen olmaq xəstəliyi gücləndi. Canlı ünsiyyəti unudan bu insanlar çox soyuq bir aləmə qərq oldular. Amma hər şeyin başlanğıcı olduğu kimi, sonu da var. İndi insanlar sosial şəbəkələrdən beziblər.
– Bəlkə koronavirus pandemiyası insanları özlərinə gətirdi…
– Bu versiya da istisna deyil. Qorxunc və öldürucü xəstəlik bəşəriyyəti əməlli-başlı silkələdi. Məhrum olduqda hamı canlı ünsiyyətin nə qədər dəyərli olduğunu anladı. Amma bütün çətinliklərdən sonra teatr öz tamaşaçılarını geri qazanmaq istədi. Müasir və sürətli şəkildə tamaşaların hazırlanması mərhələsi başlandı. İndi dünya teatrlarında elə güclü effektlər vasitəsilə tamaşalar hazırlanır ki, görənlər məəttəl qalırlar. Bu yaxınlarda Çin teatrlarından birinin tamaşasına baxdım. Səhnəyə əhliləşdirilmiş 40 canavar çıxarılmışdı. İnsanlar vahiməyə düşmüşdülər. Bəziləri belə yeniliyi qəbul edir, digərləri yox. Amma zaman gələcək, bunu da qəbul edəcəklər. Budur, bizim Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnələşdirilmiş “Əsrə bərabər gün” tamaşasında da səhnəyə dəvə çıxarılmışdı.
– Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Koroğlu” operasının Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəşdirilməsi zamanı səhnəyə at çıxarılması nümunəsi də mövcuddur.
– Elədir. Bilirsinizmi, insanları heyrətləndirmək, yerlərindən oynadacaq perfomanslı tamaşalar qurmaq lazımdır ki, onlar sevimli telefonlarından ayrılıb, canlı teatrı izləməyə gəlsinlər. Bu zaman teatr mühiti də inkişaf edəcək, tamaşaçı da yetişəcək. Bu gün əminliklə deyə bilərik ki, tamaşaçı artıq teatra qayıdıb. Düşünürəm ki, biz də gələcəkdə qeyri-adi mizan səhnələri ilə zəngin tamaşalar hazırlaya biləcəyik. Bunu naxçıvanlıların bizim tamaşalarımızdan zövq alması üçün edəcəyik.
– Maddi baxımdan aktyorların teatrlardan uzaqlaşdığını söylədiniz. “Altai” teatrına yaradıcı heyətin cəlb olunmasında hansısa problemlər var?
– Teatrımızın yaradıcı heyətinə həm peşəkar səhnədə öz sözünü deyən, həm də gənc istedadlı artistlər daxildir. Zəmanənin nəbzini tutan, öz sənətlərinə və tamaşaçılarına böyük sevgi ilə yanaşan belə yaradıcı heyətlə bir yumruq kimi birləşib, çox böyük nəticələrə nail olmaq mümkündür. Əlbəttə, istədiklərimizi tam gerçəkləşdirməyimiz üçün maddi məsələ çox önəmlidir. Hər kəs yaxşı bilir ki, teatrın ən böyük dərdlərindən, problemlərindən biri maddiyyatla bağlıdır. Dövlət teatrlarında hər bir tamaşa üçün müəyyən məbləğdə pullar ayrılır. Gəlir mənbələri sabitdir, maaşları var. Amma özəl teatrlarda belə iqtisadi sabitlik yoxdur. Burada sabit gəlir və maaş, eləcə də haradansa ayrılacaq vəsait də yoxdur. Mən teatrı öz şəxsi vəsaitim hesabına açmışam, onun gələcək inkişafına lazım olacaq vəsaitin müəyyən məbləğini də öz şəxsi büdcəmdən ayırmağa məcburam. Çünki mənimlə bərabər bu yolda addımlayan insanlara da dəstək olmalıyam. Maliyyə və gəlir sisteminin tam qurulmasından sonra planlarımızı həyata keçirəcəyimizdən tam əminəm.
– Bioqrafiyanıza baxsaq, siz peşəkar aktrisa kimi təhsil almamısınız. Bakı Mədəni-Maarif Texnikumunu bədii yaradıcılıq və rejissorluq ixtisası, Naxçıvan Dövlət Universitetini “Solo oxuma” ixtisası üzrə bitirmisiniz. Amma C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında aktrisa kimi fəaliyyətə başlamısınız. Sonra C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında bu fəaliyyəti davam etdirmisiniz. Eyni zamanda bəzi tamaşaların ikinci rejissoru da olmusunuz. Yalnız 2015-ci ildən sonra Naxçıvan Dövlət Uşaq Teatrının quruluşçu rejissoru kimi işləmisiniz. Nəyə görə aktrisalıqdan başladınız?
– Dorudur, ixtisasca aktrisa deyiləm. Bu peşəyə yiyələnməyimə test üsulu mane oldu. Amma indi minlərlə diplomlu insanlar var. Onların əksəriyyəti öz diplom üzrə peşəsinə heç yiyələnə bilməyib. Əsas məsələ kamilcəsinə peşəyə yiyələnməkdir. Mən aktyor sənətinin bütün incəliklərinə malik olmaq naminə özümü yetişdirmişəm. Bədii yaradıcılıq və rejissorluq ixtisası üzrə təhsil alarkən həm də aktyor sənətini bizə tədris edirdilər. Buna görə müəllimlərimizə minnətdaram. Tanınmış rejissorların elə aktyor peşəsindən öz karyeralarına başladıqlarını bildikdən sonra mən də öncə aktrisa kimi fəaliyyətə başlamağa çalışdım. Sonradan quruluş verdiyim tamaşalarda həm də aktrisa kimi çıxış edirdim. Çünki rejissor rolları aktyora və aktrisaya həvalə etdikdə, hər bir obrazı öncə özü yaşamalı, gözləri önündə canlandırmalı, aktyor psixologiyasına hakim olmağı bacarmalıdır. Bu zaman rejissorun aktyordan və ya aktrisadan nə istədiyi asan anlaşılır. Ona görə də aktrisalıq təcrübəsi mənə bu yöndə çox kömək oldu. “Solo oxuma” ixtisasına yiyələnməyim isə tamaşaların musiqi tərtibatında mənə böyük köməklik edir. Amma ailə qurduqdan sonra aktrisalıqdan uzaqlaşmalı oldum. İndi həm səhnə quruluşuna, həm tamaşa quruluşuna, həm də rəqslərin quruluşuna özüm nəzarət edirəm. Çünki hər üçünə peşəkarcasına hakiməm. Bəlkə də tamaşalarımızın uğuru da bundan başlayır. Hazırda mən həm də Naxçıvan Dövlət Uşaq Teatrında gəncləri yetişdirirəm. Naxçıvan Dövlət Milli Dram Teatrının gənc aktyorlarının əksəriyyəti həmin teatrda yetişib. Özümün də bu çox xoşuma gəlir. Öz ruhumu sanki onlara köçürürəm. Onları səhnədə görəndə elə bil özümü görürəm. Həm aktrisalıq, həm də rejissorluq mənə prezidemt mükafatçısı olmağı, əməkdar artist adını qazandırdı. Bu, mənim üçün böyük stimuldur.
– Qadının rejissor olması ona hansı üstünlüyü verir və ya hansı çətinliyi yaradır?
– Ümumiyyətlə, qadınlara istənilən peşədə özünü sübut etmək çox çətindir. Qadın özünü qabarıq şəkildə göstərə bilirsə, bu çətinliklər daha da çoxalır. Rejissor qadın, aktrisa olmaq isə daha fərqli çətinliyə malikdir. Burada özünü müəyyən fikirlərdən sıyırıb təmiz, pak şəkildə öz yoluna davam etməyi bacarmalısan. Çünki özünü sübutetmə, təsdiqləmə perfomansı daha qabarıqdır və göz önündədir. Hamı səni görür, səni tanıyır. Hər bir hərəkətin, hər sözün müəyyən söhbətlərə səbəb ola bilər. Ona görə, hər bir hərəkətinə, sözünə diqqət etməlisən. Qadın rejissor və qadın aktrisanın heç bir hərəkətinə tolerantlıq yoxdur. Digər cinsə nisbətən, onların səhvləri gözardına alınmır və bağışlanmır. Sənə gələn uğur qədər zərbələr də olur. Hər bir zərbədən özünü qorumalısan və çox ehtiyatlı olmalısan.
Naxçıvanımızda 3 teatr var. Onlardan ikisinin rejissoru kişidir. Amma yaxın müddətə qədər Naxçıvan Dövlət Milli Dram Teatrında qadın rejissorlarından biri Həcərxanım Məmmədova olub. Bakıdan gələn bu xanım rejissor burada səhnələşdirdiyi tamaşalarla çox sevilirdi. Bu yaxınlarda o, Naxçıvan Mədəniyyət Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri təyin olunduğu üçün teatrdan çıxdı. Hazırda Naxçıvanda tək qadın rejissor mənəm. Bunun məsuliyyətini və çətinliyini hər kəs yaxşı anlayır. Tamaşaçı rəyi səni ucalda da bilər, yerə də çırpar. Çox şükürlər olsun ki, məni sevənlərin və yaxşı insanların sayı çoxdur. Ən çətin anda belə ruhdan düşməyə qoymurlar, “Sən Nurbənizsən, davam etməlisən” demələri çox xoşuma gəlir. Buna görə də mənim ruhdan düşməyinə yol verməyən bütün insanlara öz təşəkkürümü bildirirəm.
– “Altai” teatrının hazırladığı ilk tamaşanın adı “Xəyanət”dir. Heç sənət yolunuzda xəyənətlə üzləşdinizmi?
– Mən hansı pyeslə başlayacağımızı düşünərkən bəzi sənət dostlarım teatrın ayaq tutması naminə daha məşhur milli əsərlərdən, xüsusilə də komediya janrından başlamağı tövsiyə edirdilər. Düşüncələrimiz bizi heç kimin indiyədək görmədiyi yeni əsər vasitəsilə yola çıxmağa vadar etdi. Rejissor kimi də risklərin üzərinə getməyi çox xoşlayıram. Bu vacib məqamda Naxçıvan Dövlət Uşaq Teatrının quruluş hissə müdiri Rza Zeynalov qələmə aldığı “Xəyanət” pyesini mənə təqdim etdi. Pyesi oxudum və o, məni tutdu. Pyesdə bütün xəyanətlərin təcəssümü verilmişdi. Hesab etdim ki, insanların düşünməyə və yaşadıqları xəyanətlərin fəsadlarını səhnədə görməyə ehtiyacları var. Aktyor heyətimizi də əsərin uğurlu seçiminə inandıra bildim. Bu inam özünü doğrultdu. İki saata yaxın davam edən tamaşa zamanı bir insanın belə öz teleonuna baxdığını görə bilmədik. Hər kəsin diqqəti yalnız tamaşada, hadisələrin gedişində idi.
Sənət yolunda xəyanətə gəlincə, mən də həyatda hər cür xəyanətlərlə rastlaşmışam. Əgər sənətdə üzdə və öndəsənsə, bəzi həmkarlarında səni olduğun yerdən çıxarıb geriyə atmaq kimi fikirlər yaranır. Hətta gözümün içinə baxa-baxa, qulağım eşidə-eşidə haqqımda müəyyən mənfi fikirlər səsləndirənlər də olurdu. “Niyə onlara cavab vermirsən!” iradına “Mən onlara səhnədəki obrazımla cavab verəcəyəm” deyə söyləyirdim. Səni pis görməyi arzulayanlara baş qoşmaq mənasızdır. Elə “Xəyanət” əsəri nümayiş etdirilərkən də özlərini bizi sevən kimi göstərən bəzi adamların xəyanətinə də uğradıq. Amma çox şükür Allaha, gözlənilməz badalağa baxmayaraq, öz ilk addımımızla çox sevildik.
– Axırda ənənəvi sualı sizə ünvanlamaq istərdim. Teatr mövsümünün sonu yaxınlaşır. Yaxın planlarınız nədən ibarətdir?
– Tamaşaçıların istəyi ilə “Xəyanət” əsərini yenidən nümayiş etdirəcəyik. Növbəti hədəfimiz isə rejissor ustadım Tofiq Seyidovun “Qulbacı” komediya əsərinə səhnə həyatı verməkdir. Amma bu, bayağı deyil, düşündürücü komediya olacaq. Ola bilər ki, tamaşanın adını dəyişdirdik. Əsərdə keçmiş və indiki gəncliyin müqayisəsi və mübarizəsi əks olunub. Tamaşaçı hansı gəncliyin daha münasib olduğuna özü qərar verəcək.
Yeri gəlmişkən, fürsətdən istifadə edib, gənc yazarlara müraciət etmək istərdim. Günümüzlə səsləşən əsərləri varsa, “Altai” teatrına təqdim etsinlər. Əgər əsərləri bəyənilərsə və repertuarımıza uyğun gələrsə, onları mütləq səhnələşdirəcəyik. Biz sənətimizlə cəmiyyətimizə faydalı olmağa çalışırıq və çox təqdirəlayiq haldır ki, Naxçıvanın müvafiq qurumları da fəaliyyətimizi yüksək qiymətləndirir.
Xatirə SADİQ