İngiltərə və dünyanın siyasi gələcəyi necə dəyişəcək? – “Yaşasın yeni kral!” – TƏHLİL

image-304825182_488538386614087_8856736928543052066_nbackend

Elimizin yaxşı adəti var: “Ölənin arxasından danışmazlar”. İndi, pis ya yaxşı, Kraliça Elizabet həyata gözlərini yumub. 96 illik həyatının 70 ilini dünyanın ən güclü krallığının – Böyük Britaniyanın (BB) gələcəyinə həsr edib, belə nəhəng dövlətin taxtında əyləşib.

Bu müddət ərzində BB-dən daha böyük və güclü dövlətlərin çöküşünü izləmək Kraliça Elizabetə nəsib olub: SSRİ parçalanıb, Yuqoslaviya çöküb və Çexoslavakiyanın da taleyi heç fərqli olmayıb. Yəqin desəm qınamazsınız ki, bu kimi böyük və ciddi məsələlərdə kraliçanın da müəyyən “zəhməti” olmuşdur.

Bununla da bitmir. Kraliça həm də ideologiyalar arası mübarizə və soyuq müharibə illərində də krallığın başında olub. Bu ağrılı proseslər zamanı da ölkəsinə xidmət edib və bütün qarışıq məsələlərdən həm fərd olaraq, həm də ölkə olaraq üzüağ çıxmağı bacarıb. Bəli, razıyam: İngiltərədə dövlət nümayəndələri də bu işin öhdəsindən təkbaşına gələ bilərdilər, ancaq kral ailəsi var olmasaydı…

Kraliça vəzifəsini tamamlayıb, həyatını başa vurub və artıq əbədi olaraq dünyanı tərk edib. Allah rəhmət eləsin.

Hər kəs üçün maraqlı olan Krallığın, daha doğrusu kral ailəsinin gələcəyidir. Çünki Böyük Briitaniya elə bil dövlətdir ki, dünyada baş verən hər hansı siyasi məsələni onsuz təsəvvür etmək, onsuz araşdırmaq əksikliyə və yanlışlığa səbəb olacaqdır. Böyük Britaniyanın özünü kral ailəsi olmadan təsəvvür etmək olmaz. Krallığın yeni kralı artıq bəllidir: Uels şahzadəsi Çarlz (Charles)! Şahzadə Charles özünün Kral III Çarlz olaraq adlandırılmasını istəyib. O bugün Katolik Monastr olan Vestminster Abbeyində tacqoyma mərasimindən sonra rəsmi olaraq kral elan edilib. Qeyd edək ki, son 900 ildir ki, tacqoyma mərasimi Vestminster Abbeyində keçirilir. Burada ilk dəfə Kral I Uilyama tacqoyma mərasimi keçirilib ki, III Çarlz artıq 40-cı tacqoyma mərasimi ilə kral elan edilib.

Tacqoyma mərasimindən sonra III Çarlz 56 müstəqil ölkə və 2,4 milyard insanı birləşdirən birliyin rəhbəri olub. Bu ölkələrin 14-ü, eləcə də Böyük Britaniya üçün Kral dövlət başçısı sayılır. Birlik Səltənətləri kimi tanınan ölkələr bunlardır: Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Kanada, Qrenada, Yamayka, Papua Yeni Qvineya, Müqəddəs Kristofer və Nevis, Sent-Lüsiya, Sent Vinsent və Qrenadinlər, Yeni Zelandiya, Solomon Adaları, Tuvalu.

14 Noyabr, 1948-ci ildə Bukingem sarayında anadan olmuş III Çarlz 1967-ci ildə Cambridge Universitetinin tarix fakültəsinə daxil olub. Bundan əlavə, yeddi il Kral Hərbi Hava Qüvvələrinin pilotu kimi təlim keçdikdən sonra Kral Donanmasına qatılıb və burada pilot dərsləri alaraq helikopterlərin idarə edilməsini öyrənib. O, hərbi karyerasını 1976-cı ildə HMS Bronington minaaxtaran gəmisinin komandiri kimi başa vurub. Çarlz qolf oynamağı, opera izləməyi sevir və özünün rəhbərlik etdiyi bir neçə hərbi sahədə hobbi olaraq fəaliyyət göstərən təşkilatlar var. İngiltərə taxtına keçən ən yaşlı kral olarak bilinən Çarlz eyni zamanda sarayda təhsil almayıb universitet diplomuna sahib ilk şahzadədir.

Tarixçi Ed Ovens qeyd edib ki, Çarlz Kraliça Elizabet qədər sevilən bir fiqur deyil və onun xalq arasındakı populyarlığı çox aşağıdır. Əgər yeni kral özünü xalqa sevdirmək istəyirsə, o halda atdığı addımları doğru hesablamalıdır.

Şahzadə Çarlzın kral elan edilməsi ilə dünya mediası artıq İngiltərə monarxiyasında kralın mövqeyini yenidən aktual mövzuya çevirib. Bəzilərinə görə, kral idarəetməyə həvəsli biridir. Düzdür İngiltərədə kral ailəsi dövlət idarəetməsinə qarışmadan formal olaraq varlığını davam etdirsə də, yeni kralın həvəsli olması bu reallığın özünü sual altında qoyub. Ancaq yeni kralın siyasi məsələlərə birbaşa müdaxiləsi istiqamətindəki fikirlər az ehtimallardır. Yenə də nəzərdən qaçırmaq olmaz ki, Kraliça zamanında bu ehtimmallar heç səsləndirilməyib…

Çarlzın keçmişi də onu qara kölgə kimi izləyir. Şahzadə Dianna ilə mübahisəli boşanmaq, bundan əlavə boşandıqdan qısa zaman sonra Diannanın avtomobil qəzasındakı ani ölümü və Çarlzın krallıq ənənələrinə zidd olan yenilikçi fikirləri onun haqqında kifayət qədər mənfi düşüncələr formalaşdırıb. Sally Bedell “Prince Charles: The Passions and Paradoxes of an Improbable Life” adlı kitabında yeni Kral Çarlzın davamlı olaraq kral ailəsindəki digər fərdlərin gerisində qaldığını söyləyir: “Mən düşünmürəm ki, onun üzüntüsü taxt-tacı gözləmək məcburiyyətində qalmasından qaynaqlanır. Əsas məyusluq o idi ki, o, çox şey etmişdi və… böyük ölçüdə səhv başa düşülüb. O, bir növ iki dünya arasında ilişib qalmışdı: hörmət etdiyi və çox sevdiyi anası və hələ də ona kölgə salan Diana. Sonra onun inanılmaz məftunedici oğulları…” Yazar bununla Çarlzın kral ailəsindəki “ən zəif bənd” olduğuna diqqət çəkir.

Nüfuzlu NBC nəşri bütün bu kimi neqtiv halları nəzərə alaraq yazır ki, sakit və faydalı 70 illik Kraliça dönəmindən sonra Kral Çarlzın bu suverenliyi və sakitliyi qoruyub qoruya bilməyəcəyi ətrafında ciddi fikir ayrılıqları var. Nəşr kralın müdafiəçiləri Çarlzın hələ qlobal istiləşmə və digər qlobal problemlər doğrultusunda bu kimi problemlərin yaşanmamasından əvvəl çıxış etdiyini, təbiəıti qorumaq üçün çalışdığını bildirir. Ancaq yenə də, populyarlığı 75 faiz olan Kraliça ilə müqaisədə Çarlzın populyarlığı sadəcə 42 faizdir. Bir çox ekspertlər onun populyarlığının az olmasının əsas səbəbi olaraq şahzadə Dianna ilə yaşananları götərsə də, bəziləri səbəb kimi Çarlzın apolitik biri olduğunu və anasından dramatik şəkildə ayrıldığını göstərir.

Digər tərəfdən yuxarıda da toxunduğumuz kimi Çarlzın dövlət işlərinə müdaxilə edəcəyi istiqamətinə söz-söhbətlər dolaşmaqdadır. Doğrudur, monarxlar Britaniyanın dövlət başçısı hesab edilsə də, bu sadəcə formal xarakter daşıyır. Monarxlar həftəlik dövlət nümayəndələrini qəbul edir, onlardan hesabatlar alırlar və bu heç bir şəkildə rəsmi şəxslərin işlərinə müdaxilə etməklə yaşanmır. Ən azından İngiltərə tərəfi özü bu şəkildə açıqlayır. 19-cu əsrin əsas ingilis esseisti Walter Bagehotun 1867-ci ildə yazdığı kimi: “Britaniyada suverenliyin üç hüququ var – məsləhət almaq hüququ, təşviq etmək hüququ, xəbərdarlıq etmək hüququ”. Yəni bir növ, monarxlar dövlət işlərinə qarışmır, sadəcə “məsləhət verir”, “Təşviq edir”, “Xəbərdar edir”. Elə yeni kral özü də bu kimi söz-söhbətlərə son vermək üçün 2018-ci ildə açıqlama verib. Həmin açıqlamada özünün dövlət işlərinə müdaxilə etmək kimi niyyətinin olmadığını bildirib. Bununla belə, hazırda bəzi tənqidçilər kralın dövlət işlərinə müdaxilə edəcəyindən narahatdırlar ki, onlar belə bir halın konstitusiya böhranına səbəb olacağından ehtiyatlanırlar.

Sally Bedell “Prince Charles: The Passions and Paradoxes of an Improbable Life” adlı kitabında təkrar yazmaqdadır ki, yeni kral siyasi gücün əsas fiquru kimi doğulub və doğulduğu gündən o bütün ictimayətin diqqəti mərkəzində olub. Yazar burada onun ərkəsöyün təbiətinə işarə edir ki, güclü liderlər üçün bu kimi xarakterlər xoş qarşılanmır. Həmçinin Çarlzın ailəsi çox vaxt rəsmi səfərlərdə olduğu üçün ona diqqət ayrılmır və ana-ata diqqətindən uzaqda qalırdı. NBC News-a danışan kral bioqrafı Tina Braunun dediyinə görə, Çarlz “çox həssas və emosional bir gənc” idi, buna görə də atası onu Şotlandiyadakı internat məktəbinə göndərərək onu xarakter etibariylə sərtləşdirməyə çalışıb. Braun əlavə edib ki, “Çarlzın ailəsi “daim onu bu qəlibə itələməyə çalışır, çünki o, gələcək kral olmalı idi, sadəcə kral olmağa uyğun deyildi”. Bütün məlumatlar ətrafında mərhum kraliça və yeni kralı dəyərləndirdikdə görürük ki, Çarlz heç bir halda anası Elizabet kimi güclü fiqura çevrilə bilməyəcək. Bu amil tək kralın özünə mənfi təsirlərlə yadda qalmayacaq, min illik yaşı olan kral ailəsinin də nüfuzunu bir xeyli zədələyəcək. İddia etmək mümkündür ki, İngiltərədə kral ailəsini müdafiə edən güclər belə ailənin “ən zəif bənd”ini kral olaraq xoş qarşılamayacaq. Krallığın daha sağlam təməllər üzərində qurulması üçün ailənin digər üzvlərinin populyarlaşdırılması da mümkündür. Elə yeni kralın özündən populyar iki oğlu var. İngiltərədə başqa bir risk ehtimalı isə, kralın dövlət işlərinə açıq-aşkar müdaxilə etməsi ola bilər. Artıq bu ehtimallar üzərində ciddi fikir ayrılıqları yaşanmağa başlayıb. Kralın dövlət işlərinə müdaxilə etməyə başlaması halında dünya siyasətinin aparıcı ölkələrindən biri olan İngiltərə daxili siyasətdə ciddi bölünmə yaşaya bilər: Kral tərəfdarları monarxiyanın yenidən bərpasını və dövlət idarəsini əlinə almasını dəstəkləyəcək, gücün parlament və baş nazirdə qalmasına tərəfdar olanlar isə, bu halı birmənalı şəkildə rədd edəcək. Belə olarsa, daxili siyasəti parçalanmış Böyük Britaniya ilə qarşılaşacağıq. Heç kimə sirr deyil ki, daxili siyasətində stabillik olmayan ölkələr xarici siyasətdə rahat addımlar atmaqdan çəkinir və dünyəvi proseslərdə aktiv ola bilmir. İngiltərə kimi vacib ölkənin dünya siyasətinə aktiv qatıla bilməməsi, ümumiyyətlə dünyada siyasi balansın dəyişməsi deməkdir. Şərqdə yüksələn imperial güclər üçün digər imperiyanı – Böyük Britaniyanı “oyundan kənarlaşdırmaq” hegemon gücə çatmağa bərabərdir. Onsuz da son zamanlar beynəlxalq siyasətdə baş verən dəyişikliklər, Qərb dairələrinin dünya siyasətinə nəzarəti itirməsi və Şərq dövlətlərinin güclənməsi fonunda İngiltərənin işi bir xeyli çətinləşib. İndi isə, İngiltərə öz daxilində “Kral tərəfdarları və əleyhdarları” mübarizəsi yaşanarsa, bu mübarizə nəticəsində dünya siyasətinə aktiv qatıla bilməyəcək. Bu hal Qərb hegemonyasının çöküşünün rəsmi başlanğıcı sayılacaq.

Hər halda İngiltərədə bu kimi hallar üzərində indi çoxdan düşünməyə başlayıblar. Elə yeni kral özü də bunun fərqindədir. Dövlət idarəçiliyinin beyin mərkəzləri ilə bərabər həyata keçirildiyi İngiltərədə belə ciddi səhvin yaşanması mümkün görünməsə də, monarxiyanın rəsmi olaraq dövlət idarəetməsində bərpa edilməsini istəyən güclər əllərinə keçən fürsəti dəyərləndirmək istəyəcək. Onların “zəif və həssas” fiqur olan Kral III Çarlzı istifadə etməyə cəhd edəcəklərini gözləmək lazımdır.

İngiltərənin şansı gətirmədi. Beynəlxalq vəziyyətin belə gərgin olduğu zamanda Kraliça II Elizabeti itirmək baş verə biləcək ən pis hal idi. Çünki kraliça elə bil fiqur idi ki, onu hər kəs ciddiyə alır, hörmət edir və şərtsiz tabe olurdu. Bu qədər yüksək keyfiyyətli biri olaraq, kraliça heç vaxt dövlətin siyasi gücünü rəsmi olaraq öz əlində cəmləmək cəhdlərində iştirak etmədi və öz şəxsi mənafelərini düşümədən bütün varlığını dövlətinin inkişafına yönəltdi. Açığı yeni kraldan bu kimi yüksək gözləntilərim yoxdur. Heç inanmıram ki, ingilislərin özlərinin belə gözləntisi olsun…

Busaat.az/Həşim Səhrablı

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90