İngiltərə Baş naziri Rişi Sunak gələcək nəsilləri siqaretin zərərlərindən qorumaq üçün qanunlar çıxaracaqlarını və hər il siqaret alma yaşını artırmağı planlaşdırdıqlarını bildirib.
Busaat.az xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.
Sunak lideri olduğu Mühafizəkarlar Partiyasının illik konfransının bağlanışında ölkə gündəmində olan bir çox məsələlərlə bağlı fikir bildirib.
O, çıxışında gənclərə siqaret satışının qadağan edilməsi ilə bağlı qanunun İngiltərə parlamentində səsverməyə çıxarılacağını deyib.
“Siqaret alma yaşı hər il artırılacaq. Gənc nəsil siqaretsiz də yaşaya bilər”, – Sunak söyləyib.
O, Britaniya parlamentində bu məsələ ilə bağlı səsvermənin sərbəst olacağını vurğulayıb.
Sunak elektron siqaretlərin istifadəsi ilə bağlı da açıqlamalar verib.
“Uşaqlarımızın ləzzətlərə, qablaşdırma ekranlarına və birdəfəlik elektron siqaretə çıxışını məhdudlaşdırmaq üçün tədbirlər görəcəyik. Gələcək nəslə üstünlük verməliyik və bunu edəcəyəm”, – Sunak yekunlaşdırıb.