İnsanda intihar fikri varsa, özünü necə xilas edə bilər?-PSİXOLOJİ RƏY

image-intihar-1backend

Son günlər ölkədə baş verən ardıcıl intiharlala bağlı psixoloq Fuad Əsədov Busaat.az-ın suallarını cavablandırıb.

-Fuad bəy, son günlər ölkədə baş verən ardıcıl intiharların səbəbi nədir?

-Hər birimizin həyatında neqativ hadisələr olur. Həmin neqativ hadisələrə müxtəlif reaksiyalar verə bilərik. Problemi həll etmək üçün bu hadisələrin qarşısını necə almaq, necə həll etməklə bağlı düşünə və həllini tapa, ya tapmaya bilərik. Tapsaq, lap yaxşı, tapmasaq da bir o qədər problem deyil. Çünki ən azından mübarizə aparılır və bu da öz-özlüyündə motivasiyadır. Bir də var ki, insanın həyatında problem baş verir və insan problemin həll yolunu düşünmür. Çünki həll yolunun olmadığını fikirləşir. Tamamən ümidisizlik, çarəsizlik içində olur, özünü küncə sıxlmış hiss edir və burada söhbət kəskin depressiyadan gedir. İnsan da depressiyada olanda elə bilir ki, keçmişdə pis hadisələr yaşayıb, daha çox neqativ xatirələrini xatırlayır və gələcəyə ümidisiz şəkildə baxır. Nəticədə çıxış yolunu intihar etməkdə görür və intiharla bağlı planlar qurmağa başlayır. Məsələn, özünü asacaqsa əvvəlcədən kəndir alır, gecə zəngli saatı qurub oyanır və hamı yatandan sonra planını həyata keçirir. Yəni, ciddi bir plan üzrə hərəkət edir. Bəzən, affekt halının təsiri ilə də intihar halları olur, yəni, insan həmin an özünü pis hiss edir və ya dərman qəbul edərək, ya da damarlarını kəsərək özünə qəsd edir.

-Yəni, son günlər baş verən intihar hadisələri daha çox planlanmış şəkildə baş verir…

-Elədir. Son günlər ölkəmizdə artan intihar tendensiyasında da bunu müşahidə edirik. Yəni, gənclər evdən çıxırlar, bunun üçün bəlkə evə yalan danışırlar, ya da başqa bir şey uydururlar və intihar etməyə getdiklərini demirlər. Əvvəlcə, plan qururlar, sonra gedib bir binanın ən hündür mərtəbəsinə çıxırlar və özlərini binadan aşağı atırlar. Bu son baş verən hadisələr də planlama şəklində həyata keçirilir. Əslində, depressiya həmişə olub və depressiyada olan insanların sayı da həmişə çox olub. Ümumiyyətlə, depressiya bütün dünyada yayılmış psixoloji problemdir. Amma diqqət etsək, intiharların son günlərdə biraz daha artdığını görərik. Bunun da səbəbi Verter fenomenidir. Belə ki, məhşur alman yazıçısı Höte “Gənc Verterin iztirabları” adlı əsər yazır. Əsərin qəhrəmanı gənc Verter sonda özünü öldürür. Həmin kitabın işıq üzü görməsindən sonra bir çox insan intihar etməyə başlayır. Yəni, Verterin intiharı ilə bağlı olan əsərin yayınlanamsından qısa müddət sonra intiharların sayı çoxalır. Çünki insanlar sanki intihar deyə bir şeyin olduğunu xatırlayırlar. Yəni, problemin “həll yollları”ndan birinə intihar punktunu da əlavə edirlər. Bizdə son dövrlərdə artan intiharların səbəblərindən birini də mən buna bağlayıram. Yəni, hal hazırda ölkədə bir Verter fenomeni müşahidə olunur. Belə ki, sosial media, xəbər portalları bu intiharları işıqlandırır, intiharlar haqqında geniş paylaşımlar edilir və bu haqda geniş müzakirələr aparılır ki, şəxsən mən həmin müzakirələrin bir çoxunu dəstəkləmirəm. Çünki bir çox insanlar paylaşımlarında intiharlara haqq qazandırır, intiharların bəzən məntiqli bir yol olduğunu irəli sürür və intihar etməyin sanki yaxşı bir şey olduğunu aşılayırlar. Hətta, mən düşünürəm ki, bu barədə sorğular keçirən səhifələrin yeganə məqsədi də aktivliyi artırmaqla bağlıdır. Məhz bu sorğuları keçirmək və müzakirələr aparmaq Verter fenomeninin aktivləşməsinə səbəb olur. Təbii ki, hər hansı bir bədbəxt hadisə olanda biz bunu işıqlandırmalı və bu barədə danışmalıyıq. Lakin bunun həlli barədə danışmalıyıq. Biz danışmalıyıq ki, insanda intihar fikri varsa özünü necə xilas edə bilər, müəyyən problem varsa, onunla necə mübarizə aparmaq lazımdır və s. Yəni, daha çox həyat keyfiyyətinin artırılması ilə bağlı müəyyən təkliflər, maarifləndirilmə işləri aparılmalıdır. Amma intiharı qəhrəmanlıq səviyyəsin qaldımaq həmin Verter fenomeninin aktivləşməsinə gətirib çıxarır və nəticədə intihar edən gənclərin sayı artır.

image-fuad-esedov
Fuad Əsədov-Psixoloq

-Aparılan müzakirələrdə bəzi insanların intiharlara məntiqi əsas qazandırdığını və bunun Verter fenomeninin aktivləşməsinə səbəb olduğunu bildirdiniz. Siz necə düşünürsüz?

-Məntiqi baxımdan da yanaşanda, intiharların məntiqi səbəblərinin olmadığını görürük. Bu cümlə ilə ilk baxışdan razılaşmaya bilənlər ola bilər. Yəni, kimlərsə bəzi intiharların məntiqli olduğunu deyə bilər. Amma mən bunu analiz etməyin, sorğulamağın tərəfdarıyam. Məsələn, intiharla bağlı düşüncələrdən biri bu ola bilər ki, insan hansısa probleminin heç vaxt düzəlməyəcəyini düşünür. Təbii ki, bu düşüncənin reallığı doğru şəkildə analiz etdiyinə inanmıram. Çünki birincisi, bizim heç birimizin öncədən görmə qabiliyyətimiz yoxdur ki, problemin ömür boyu bizlə yaşayıb, yaşamayacağını bilək. Yəni, bununla bağlı dəqiq fikir söyləməyimiz mənasız olar, çünki bilmirik. Elmi araşdırmalar da göstərir ki, problemlər 99 faiz hallarda ömür boyu sürmür, yəni, problem periodikdir və hər bir problemin müddəti var. Onu da biz ya cəhd göstərərək həyatımızdan çıxaracağıq, ya da öz-özlüyündən çıxacaq. Ona görə də biz həll yolunu fikirləşməliyik. Lazımdırsa, psixoloqa, psixatra, sosial xidmətlərə, müvafiq məsləhətxanalara müraciət etməliyik, amma intihar etməməliyik. Yəni, əgər problem varsa və bu problemlə insan təkbaşına mübarizə apara bilmirsə, bunun üçün insana kömək ola biləcək bir çox sektorlara müraciət olunmalıdır. Həmin sektorlara müraciət etmək üçün “maddiyyat lazımdır” düşüncəsinə gəlincə, bu, yenə də mənim razılaşmadığım məsələdir. Çünki mən özüm də bu sektorda fəaliyyət göstərən psixoloq kimi bilirəm ki, bir çox baxımdan tamamən ödənişsiz əsaslarla insanlar bu sektorlarda müəyyən xidmətlərdən yararlana bilərlər. Bunun üçün isə sadəcə doğru adamları tapmaq, müraciət etmək və problemi anlatmaq kifayət edir.

-İntiharlar şəxsi problemlərdən başqa digər problemlərdən də qaynaqlana bilərmi?

-Məsələn, intiharla bağlı düşüncələrdən biri də başqa insanların düşüncələrindən narahat olmaq olur. Məsələn, intihar edən insanlar hansısa səhvlərinə görə, düşünürlər ki, digər insanlar onlar haqqında pis fikirdədirlər və bu fikirlər yayıla bilər. Lakin bu düşüncələr həddən artıq ümumiləşməməlidir. Çünki ola bilər ki, insan hansısa bir səhv edə bilər və bu səhvə görə kimlərinsə gözündən düşə də bilər, kimlərsə inciyə də bilər, amma bu, ömür boyu belə davam edəcək anlamına gəlmir. Yəni, həmin insanların sevgisini, hörmətini yenidən qazanmaq olar, səhvi yenidən düzəltmək olar bilər və həyatı yenidən daha keyfiyyətli perioda keçirmək olar. Bu da insanın öz əlindədir və bunun yollarını ya insan özü tapmalıdır, ya da bu işdə ona kömək edə biləcək başqa insanlara müraciət etməlidir. İntiharlarla bağlı ciddi elmi araşdırmalar da göstərir ki, intihar edən insanların düşüncələrinə səbəb olan nüanslar və o düşüncələrin hər birində məntiqi və düşüncə xətaları olduğunu görürük. Yəni, bu düşüncələr reallığı düzgün əks etdirən düşüncələr olmur. Bu isə bütün dünyada aparılan psixoloji tədqiqtalardan əldə edilən nəticədir. Ona görə də insanlara biz təbliğ etməliyik ki, əgər insanların intihar yönümlü düşüncələri varsa, deməli, nəyisə doğru dəyərləndirməyiblər. Ya məsələ çox şişiridilib, fəlakət həddinə çatıb, ya həddən artıq ümumiləşdirilib, ya da yaxşıları bir kənara atıb pislərə fokuslanılıb. Yəni, düşüncə xətası baş verib.

-Bir sözlə, intiharlar əsasən, depressiyadan və depressiyanın yaratdığı məntiqi xətalardan qaynaqlanır…

-Bəli, intiharların əksəriyyəti depressiya halında olur və bununla bağlı da araşdırmalar var ki, depressiyada halında olan insanlarda məntiqi xətalar baş verir. Hətta, depressiyada olan insanlar bəzi atalar sözlərinin belə, mənasını düzgün şəkildə açıqlaya bilmirlər. Bu, o demək deyil ki, intihar edən insanlar məntiqsizdir, əksinə, inthar edən insanların arasında çox savadlı, ağıllı elm adamları və məntiqli insanlar var. İntihar edən insanlar məntiqsiz insanlar deyillər, sadəcə olaraq intihara səbəb olan düşüncələrdə məntiqsizlik var və onu düzəltmək üçün terapistlərə müraciət etmək olar, sosial xidmətlərdən yararlanmaq mümkündür, həmçinin, məsləhətxanalara müraciət etmək lazımdır və s. Ən əsası da sosial şəbəkələrdə və digər platformalarda bu barədə fikir bildirəndə mümkün qədər məsuliyyətli və diqqətli davranmaq lazımdır.

Müəllif: Mərahim Nəsib

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki