İnvestisiya Holdinqinə verilən dövlət qurumlarının sayı 8-ə çatdı

image-kollajbackend

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə daha 4 dövlət qurumu Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilib. Bunlar “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” MMC-dir.

Qeyd edək ki, yanvarın 25-də Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”na daxil edilmişdi. Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmana dəyişiklik edilməsi barədə fərman imzalamışdı.

Busaat.az xəbər verir ki, daha əvvəl də 4 dövlət qurumu AİH-nin idarəetməsinə verilib. İlkin mərhələdə, 6 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “AzerGold” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC AİH-nin idarəetməsinə daxil edilib.

Bu məqamda xatırladaq ki, “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs Prezident İlham Əliyevin Fərmanı ilə ötən il avqustun 7-də yaradılıb və Holdinqin nizamnaməsi təsdiq edilib. Bu qurumun yaradılmasında məqsəd dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsidir.

AİH-nin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir. Holdinqin nizamnamə kapitalı 10 milyon manat təşkil edir.

Həmçinin, dövlət başçısının 12 avqustda imzaladığı Fərmanla Holdinqin Müşahidə Şurasının tərkibi təsdiqlənib. Müşahidə Şurasının sədri Baş nazir Əli Əsədov, Müşahidə Şurasının üzvləri isə Prezidentin köməkçiləri – Şahmar Hüseynov və Natiq Əmirov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifovdur.

Qurumun İdarə Heyətinin sədri Mətin Eynullayev, İdarə heyətinin üzvləri Azər Mursaqulov, Rusan Əlixanov və Rövşən Nəcəfdir.

AİH-nin Baş Iicraçı direktoru Rusan Əlixanovdur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki