İran niyə Rusiyanın məğlub olmasını əngəlləyir? – TƏHLİL

image-putin-reisi-1637987backend

Rusiyanın Ukraynanı işğala başlaması bir zamanlar utopiya kimi görünürdü. Hamı düşünürdü ki, Moskva belə bir cəsarətə sahib ola bilməz, çünki müasir dünyada işğala başlamaq bütün dünya tərəfindən, xüsusilə beynəlxalq təşkilatlar tərəfindən təklənmək və ölümcül qarşılıq verilməsi demək idi.

Ancaq kimsə düşünmürdü ki, dünya ölkələri Rusiya kimi supergüç ölkə ilə müharibə istəməyəcək, sadəcə Ukraynaya bu və ya digər dərəcədə dəstək verməklə kifayətlənəcək, bununla da Ukraynanın poliqona çevrilməsi nəticəsində Rusiyanın süqutuna çalışacaq. Digər tərəfdən, nəzərə alınmayan əsas nüanslardan biri də o idi ki, beynəlxalq təşkilatların Rusiyaya qarşı addımlar atmaq üçün heç bir gücü yoxdur. Daha doğrusu onların gücü qərar verməklə sərhədlənir, bu qərarların icrasını həyata keçirmək üçün hərbi gücü və digər təsir imkanları yoxdur.

İndi isə, başqa bir reallıq ilə üzləşməkdəyik. Yeni reallıq ondan ibarətdir ki, Rusiya işğala başladığı zaman bütün dünyada elə bir fikir formalaşdı ki, heç bir ölkə dünyaya və beynəlxalq sistemə qarşı yönəlmiş bu işğala dəstək verməyəcək. Hətta Rusiyanın ən yaxınında olan, onunla yaxşı münasibətlərə sahib olan ölkələr belə bu riski öz üzərinə götürüb, anti-Rusiya mövqeyində olan ABŞ və Avropa ilə üz-üzə gəlmək istəməyəcəklər. Əslində bu versiya özünü müəyyən mənada doğrultmuş sayılır: Belarus söz və bəyanat şəklində dəstək versə də, ciddi hərbi yardımlar görmürük. Rusiyanın hegemon olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvü digər ölkələr də bu ölkəyə faktiki dəstək vermirlər. Əksinə, Rusiyanın işğalçı addımlarını müəyyən mənada pisləyirlər. Əlbəttə, Rusiyaya qarşı konkret qərarlar qəbul edilməsə də, ən azından onun planlarına dəstək verilmir.

Hətta Çin kimi hegemon və supergüç ölkə belə, Rusiyanın Qərbə qarşı atdığı bütün addımları sevinclə qarşılamasına baxmayaraq, ona faktiki hərbi dəstək vermir, vermək istəmir və özünü təhlükənin ortasına atmaq əvəzinə bütün risklərdən sığortalayır.

Elə isə, İran niyə bir çox nöqtədə maraqları toqquşan, tarix ehtibarilə düşmən sayılabiləcək əsas rəqiblərindən biri olan Rusiyaya dəstək vermək qərarına gəldi və onun məğlub olmasını əngəlləyir?

Gəlin suala cavab vermək üçün bəzi nüanslara aydınlıq gətirək.

İran hazırda bütün dünyada sanksiyalara ən çox məruz qalan ölkələrdən biridir. On illərdir ki, İrana sanksiyalar tətbiq edilir və İran bu sanksiyalar altında məğlub olmasa da, əhəmiyyətli dərəcədə güc itirib. Burada iki nöqtə əsasdır: İran ağır sanksiyalara qarşı mübarizədə qalib gəlməsə də, məğlub olmayıb, öz daxili reasurslarının zənginliyi hesabına sanksiyalara qarşı müqavimətini qoruyub saxlayıb. Buna paralel olaraq, ağır sanksiyaların nəticəsidir ki, hazırda dünyanın ən mühüm iqtisadi mərkəzlərindən birinə çevrilmək, dünyanın əsas elmi-texniki bazarını formalaşdırmaq imkanlarına sahib olan İran dünyanın ən qapalı ölkələrindən birinə çevrilib və onun inkişafı baş tutmayıb, xaotik rejimli ölkə olaraq qalıb. Bu isə, Qərbin (xüsusilə də ABŞ və Böyük Britaniyanın) birbaşa səylərinin nəticəsidir.

Yəni İran və Rusiyanın maraqlarının toqquşduğu nöqtələr olsa da, onların ümumi düşməni də var.

Digər tərəfdən, İran yaxşı hesablayır ki, Rusiyanın məğlubiyyəti Qərbin dünyaya təsir imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Rusiyadan sonra sıra İrana gələcək. Doğrudur, İranın bu versiyada parçalanması real deyil. Çünki Rusiyanın məğlubiyyəti ilə ABŞ və İngiltərənin dünyəvi maraqları təmin edilmiş olacaq və İran elə onların hədəfinə çevriləcək. Bu ölkələrə isə, İranın parçalanıb 3-4 fərqli dövlətə bölünməsi yox, İranda rejimin dəyişməsi və beləcə, ABŞ və İngiltərə hegemonyasında xarici siyasət xətti yeridən İran lazımdır. Ancaq mollakratiya bunu istəmir. Mollakratiya özünün şovenist duyğularının əsirliyində “kafir Qərb” obrazına qarşı “bütün versiyalarda” mübarizə hədəfləyir. Bunun nəticəsidir ki, İran guya özünü xarici ölkələrin təsirindən qorumaq üçün mübarizə apardığı bir zamanda, Qərbə qarşı olan radikal mövqe onu Rusiya və Çinin təsir dairəsinə salıb.
İranın həm də Türk dünyası qorxusu var. Bura tək Cənubi Azərbaycanda alovlanmağa başlayan azadlıq hərəkatı aid deyil. Hazırki mövcud vəziyyətdə Türk Dövlətləri Təşkilatının (TDT) həm təşkilat səviyyəsində, həm də ölkələrin bir-biri ilə əlaqələrinin inkişafı müstəvisində İranın əsas çəkindiyi məqamlardan birinə çevrilib. İran yaxşı bilir ki, Rusiyanın nizamsız süqutu TDT-nin regional və dünyəvi gücə çevrilməsinin önündəki əsas əngəllərdən birini – Rusiyanı oyundan kənarlaşdıracaq. TDT və tək-tək türk ölkələrinin güclənməsi isə, rəsmi Tehran tərəfindən İrandakı farsizm üçün real təhlükə olaraq qəbul edilir.

Qeyd edək ki, İran indi Rusiyadan çəkinmir. Rusiyanın anti-İran addımlar atacaq vəziyyətdə olmadığı dərk edir. Ona görə də, İran Rusiyanın zəifliyindən istifadə edərək, regional maraqlarını təmin etməyə çalışır. Ona görə də, indi Rusiyanın məğlub olmasının qarşısını almaq, buna paralel olaraq ukraynada müharibənin uzanmasını təmin etmək İran üçün müstəsna əhəmiyyət kəsb edir. Ukraynada müharibə uzandıqca Qərb və Rusiya arasında amansız mübarizə daha da artır, hər iki güc mərkəzi zəifləyir və eyni zamanda İran üzərindəki real təhlükələr də aradan qalxır.
Yaxın zamanda İranın Rusiyaya dəstəyini artıracağını da görə bilərik. Çünki Rusiya demək olar ki, çox ciddi hərbi-texniki güc itirib, müharibə zamanı ehtiyyatındakı avadanlıqların çox hissəsini istifadə edib və onun hərbi əməliyyatlarda status-kvonu qoruması üçün imkanlar daralıb. Bu isə, Rusiyanın güzəştlərə razı olmaqla, müəyyən mənada öz maraqlarına uyğun atəşkəs imzalamasına səbəb ola bilər. Bunu ən başda İran istəməyəcək və bu səbəblə Rusiyanın əməliyyatlara davam etməsi üçün onun ehtiyacı olan silah-sursatla təminatına çalışacaq.

Xülasə, İran yaxşı oynayır, amma yanlış tərəfdə oyun qurur və dövlət maraqlarını yanlış istiqamətdə formalaşdırıb. İmperial maraqlar fonunda qurulan bu dövlət maraqlarının reallaşması imkansız olduğu kimi, acı nəticələri də ağır olacaq. İran daha çox istədikcə, özünün az olaraq qəbul etdiklərini də itirmək riski ilə üz-üzə qalıb.

Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki