
İrandan rejim müxalifləri ilə görüşən Makrona reaksiya
İran Fransa prezidenti Emmanuel Makronun Parisdə rejim əleyhdarı insanlarla görüşünü pisləyir.
Busaat.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani deyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib: “Azadlıq iddiasında olan bir ölkənin prezidenti, səviyyəsini aşağı salaraq, son aylarda İran coğrafiyasında nifrət, zorakılıq və terror aktları yaymağa çalışan mənfur kukla ilə görüşür”.
Makronun İranda baş verən son hadisələri inqilab adlandırmasını kədərli və utanc verici qəbul etdiklərini qeyd edən Kenani, “Bu görüş Fransa səlahiyyətlilərinin beynəlxalq konvensiyalarda yer alan terror və zorakılıqla mübarizə üzrə öhdəliklərini pozması deməkdir” – deyə, əlavə edib.
Qeyd edək ki, cümə günü Fransa prezidenti Makron paytaxt Parisdəki Yelisey sarayında iranlı müxalifət fəalları Məsih Əlinejad, Şeyma Babayi, Ruya Pirayi və Laden Berumendlə görüşüb.
Busaat.az























