
İstanbuldakı hadisəni törədən terrorçunu kim yetişdirib? - İlk açıqlaması yayıldı
Taksimin İstiqlal küçəsinə bomba atdıqdan sonra qaçan suriyalı terrorçu Əhlam Əlbəşir gecə saatlarında İstanbulun Küçükçekmece bölgəsində keçirilən əməliyyatla saxlanılıb.
Busaat.az xəbər verir ki, terrorçunun dindirilməsi zamanı onun PKK/PYD/YPG terror təşkilatı tərəfindən xüsusi kəşfiyyatçı kimi yetişdirildiyi və hərəkətə keçmək üçün Afrin-İdlib üzərindən qeyri-qanuni yollarla Türkiyəyə daxil olduğu öyrənilib.
Qeyd edək ki, anti-terror əməliyyatı zamanı 46 nəfər saxlanılıb. Şübhəlilərin dindirilməsi zamanı bombanı yerləşdirən qadının Küçükçekmecedəki bir ünvana getdiyi müəyyən edilib. Saat 02:50-də təyin olunmuş ünvanda həyata keçirilən əməliyyatda hadisəni törədən Suriya əsilli Əhlam Əlbəşir tutulub.
Qeyd olunub ki, terrorçu PKK/PYD/YPG terror təşkilatının Suriyanın Kobani şəhərindəki qərargahından İstanbulda hərəkət əmri alıb və dünən saat 16.20 radələrində partlayış törətdiyini etiraf edib.
Hadisə ilə bağlı başladılan araşdırmaların çoxşaxəli şəkildə davam etdiyi bildirilib.
Busaat.az























