Karantin rejimi yenidən uzadıldı: “Problemin həllinə fokuslanmalıyıq”

image-karantin-ubackend

Məlum olduğu kimi, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti iyunun 1-dək uzadılıb. Nazirlər Kabinetinin qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılıb.

Karantin müddətinin uzadılması ölkə vətəndaşları tərəfindən birmənalı qarşılanmayıb və etirazlara səbəb olub.

Karantin rejiminin uzanmasının psixoloji tərəflərini Busaat.az-a dəyərləndirən psixoloq Fuad Əsədov bildirib ki, karantin insanlara bir çox sahədə mənfi təsir göstərdiyi üçün əlbəttə ki, arzuolunan deyil: “İstər iş yerlərinin bağlanması nəticəsində yaranan maddi sıxıntılar olsun, istər ictimai nəqliyyat vasitələrinə tətbiq edilən məhdudiyyətlər və nəticədə insanların taksi xidmətlərinə daha çox müraciət edərək tıxaclarda ləngiməsi olsun, istər əyləncə mərkəzləri və ticarət obyektlərinin bağlanaraq insanların əylənməsinə əngəl olması olsun, təbii ki, arzuolunmur. Əlbəttə ki, karantinin bizim həyatımızda bizim üçün önəmli olan şeyləri nə qədər məhdudlaşdırması göz önündədir. Bu baxımdan, nəinki biz, dünyanın heç bir ölkəsində heç bir insan karantini istəmir”.

“Düzdür, ortada hamıya məlum olan virus və bütün dünyada tətbiq edilən karantin rejimi var. Karantinin rejimi hansısa ölkədə biraz daha sərt, hansısa ölkədə biraz daha yüngül formada olması isə mahiyyəti dəyişmir. Lakin mən çıxış yolu olaraq təklif edirəm ki, karantinin mənfi tərəflərindən danışmaqdan və şikayət etməkdənsə, karantində də həyatımızı necə irəlilədə biləcəyimizi düşünməliyik. Buna da karantinin həyatımızın hansı tərəflərini pozması istiqamətindən yanaşmalıyıq. Burda ən önəmli məsələlərdən biri müəyyən iş yerlərinin bağlanması ilə əlaqədar olaraq insanların maddi sıxıntı çəkməsidir. Bəs, bunu necə leyhimizə çevirə bilərik? Bunun üçün müasir dünyanın standartlarına baxmaq lazımdır. Hazırda bir çox sahələri onlayn şəkildə idarə etmək olur. Məsələn, mən də psixoloq kimi onlayn terapiyalar aparıram. Hansı ki, pandemiyadan əvvəl mən onlayn terapiyalar aparmamışam. Amma hal hazırda bu kimi problemləri nəzərə alaraq onlayn seanslar həyata keçirirəm. O cümlədən, bir çox sahələri də onlayn şəkildə idarə etmək olar və bu zaman insanlar maddi sıxıntı da çəkməzlər”-deyə, psixoloq vurğulayıb.

image-fuad-esedov
Fuad Əsədov-Psixoloq

 

Əsədov karantin rejimindən şikayət etmək əvəzinə, problemin həllinə fokuslanmağın daha zəruri olduğunu əlavə edib: “Yəni, düşünmək lazımdır ki, əgər karantin rejimi maddi cəhətdən ziyan vurursa, necə etmək lazımdır ki, bu şəraitdə də maddi rifahı ən azından, stabil saxlamaq mümkün olsun? Ümumiyyətlə isə problem əvəzinə, problemin həllinə fokuslanmaq hər zaman lazımdır. Məsələn, insanlar karantinin əyləncəni, istirahəti onların əlindən aldığını deyirlər. Düzdür, hal hazrda teatrlar, kinoteatrlar və bir çox əyləncə mərkəzləri bağlıdır. Təbii ki, həmin məkanlar açıq olsaydı, insanlr asudə vaxtlarında gedib istirahət edərdilər. Lakin burda bir sual yaranır: əylənməyin tək yolu budurmu? Evdə əylənmək mümkün deyilmi? Ya da ki, karantinin icazə verdiyi dərəcədə əylənmək olmazmı? Təbii ki, olar. Çünki insanların daxili rahatlığı, psixloji rifahı onun içindən başlayır və əgər, insan daxili rifaha nail olmursa, karantin olmasa belə, o, yenə də özünü narahat hiss edəcək. Necə ki, pandemiyadan əvvəl də dünyada nə qədər zəngin insanların depressiyaya düşərək intihar etdiyinin şahidi olmuşuq. Halbuki, onların hər şeyə əlləri çatır, istədikləri kimi əylənə bilərdilər”.

“Demək ki, məsələ insanın daxili hissləri ilə bağlıdır. İnsanlar öz zövqlərinə uyğun olaraq əyləncələrini bərpa edə bilsələr, müəyyən qədər də ən azından, psixoloji sakitliyə nail ola bilərlər. Və yenə də insan özünə sual verməlidir ki, “karantin rejimində belə, mən əyləncəli həyatımı necə qura bilərəm?” Düşünürəm ki, insanlar bu istiqamətdə düşünsələr, onlar üçün də daha yaxşı olar”-deyə, müsahibimiz fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki