
Kreml: "Rusiya Ermənistanın KTMT-dən çıxmağı planlaşdırdığına dair heç bir rəsmi siqnal görmür"
Rəsmi Moskva Ermənistanın Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik bloku olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq istəməsi ilə bağlı heç bir rəsmi siqnal görmür.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz bu mövzuda çoxlu spekulyasiyalar eşitmişik, o cümlədən Ermənistandakı qərbyönlü analitiklərdən. Lakin bu məsələ ilə bağlı heç bir rəsmi siqnal almamışıq”, – o, TASS-a deyib.
Rusiyanın Ermənistana hücuma məruz qalacağı təqdirdə onu müdafiə etməyə hazır olub-olmayacağı ilə bağlı suala Kreml sözçüsü qeyd edib: “Əgər söhbət Ermənistanın ərazisindən gedirsə, bilirsiniz ki, bizim KTMT çərçivəsində öhdəliklərimiz var. Siz onu da bilirsiniz ki, Ermənistan 1991-ci il sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra orada vəziyyət bir qədər dəyişib və bunu da nəzərə almaq lazımdır. Bu, İrəvanın qərarı idi”.
Peskovun sözlərinə görə, Rusiya Ermənistanı müttəfiqi kimi itirməkdən qorxmur, çünki Moskva və İrəvan hələ də yaxındır.
“Xeyr, qorxmuruq. Biz Ermənistanla yaxın müttəfiq və tərəfdaş olmuşuq. Bizim həll edilməli olan müəyyən problemlərimiz ola bilər, lakin bu, dialoqun bir hissəsi kimi edilməlidir. Çünki iki ölkənin inkişaf dinamikası və milli maraqları müttəfiqlik münasibətlərimizi və tərəfdaşlığımızı gücləndirməyi tələb edir”, – o vurğulayıb.























