
Lavrov: Biz Türkiyənin təşəbbüsü ilə taxıl müqaviləsinin bərpasından məmnunuq
Rusiya Ukraynanın Türkiyəyə verdiyi zəmanətdən sonra taxıl ixracı sazişinin bərpasından məmnundur.
Busaat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov İordaniyanın Xarici İşlər naziri Ayman əs-Safedi ilə görüşündən sonra keçirilən mətbuat konfransı zamanı deyib.
Lavrov Ukraynanın Türkiyə tərəfinə verdiyi qarantiyaların onları qane etdiyini, lakin Kiyevin də razılaşmanı saxlamaq üçün üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməli olduğunu vurğulayıb.
“Kiyev Türkiyənin təklifi ilə humanitar (dəniz) dəhlizlərin bir daha hərbi məqsədlər üçün istifadə olunmayacağına dair zəmanətlər imzaladı” – deyə, Lavrov qeyd edib.
Digər tərəfdən, Lavrov bəyan edib ki, Donbas bölgəsində yaşayan əhali qorunmalı və Rusiya ilə mənəvi və dini əlaqələrini qorumaq istəyən yerli insanlara qarşı heç bir ayrı-seçkilik edilməməlidir.
İordaniya naziri Safedi isə çıxışında Suriya böhranı, ölkəsinin təhlükəsizliyini təhdid edən təhlükələr və bu təhlükələrin zərərsizləşdirilməsi üçün atılacaq addımlara toxunub:
“İordaniya-Rusiya koordinasiyasına ehtiyac var. Suriyanın cənubunda vəziyyət belə davam edərsə İordaniya milli təhlükəsizliyi qorumaq üçün əlindən gələni etməyə məcbur olacaq”.
Fələstin məsələsində Rusiya ilə iki dövlətli həllin alternativi olmadığı mövzusunda həmfikir olduqlarını qeyd edən Safedi, İsrailin gərginliyi artırması barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Lavrov əvvəlcədən planlaşdırılmamış rəsmi səfər üçün İordaniyaya gəlib. Lavrovun Kral II Abdullahla da görüşü gözlənilir.
Busaat.az























