“Bir çox ekran əsərlərinə çəkilməyə dəvət edirlər. Düzdür, tez-tez yox. Bəziləri düşünür ki, birdəfəlik Moskvaya köçmüşəm, burada yoxam. Səhvdir… Filmə gəlincə, çəkilməyə hər an hazıram. Əgər kimsə məni filmə çəkmək istəsə, sadəcə zəng edib, desə ki, Leyla xanım, sizi bu filmə dəvət edirik, həmin an təyyarəyə minib uçaram Bakıya. Mənim başqa məşğuliyyətim yoxdur. Sərbəst insanam”.
Busaat.az xəbər verir ki, bu sözləri Xalq artisti Leyla Şıxlinskaya “ATV səhər”ə açıqlamasında deyib. Aktrisa illərdir filmə çəkilməməsinin səbəbini açıqlayıb:
“Sadəcə, yaxşı ssenari yoxdur. Soruşanda ki, niyə yoxdur? Deyirlər ki Leyla xanım, ssenarini sifariş etmək lazımdır. Bunlar da hamısı puldur. Hər şeyi maddiyyata bağlayırlar. Düşünmürəm ki, Anar müəllim, Arif Babayev, Rasim İsmayılov “Gün keçdi” kimi belə bir filmi çəkəndə dedikləri qədər çox sayda pul lazım olub.
Yalnız onu deyə bilərəm ki, “Gün keçdi”, “Dədə Qorqud”, “Arşın mal alan” kimi filmlərdən sonra gedib, zəif filmlərə çəkilməyə mənim haqqım yoxdur. Maraqlı süjet və ssenari olsa, böyük məmnuniyyətlə istərdim”.
L.Şıxlinskaya “Gün keçdi” filmi ilə bağlı sirri açıqlayıb. O bildirib ki, orada əslində, Xalq artisti Şəfiqə Məmmədova çəkilməli imiş:
“Orada bir səhnə çəkilməli idi: 10-cu sinif şagirdi dikdaban ayaqqabıda “klas-klas” oynayır. O səhnə isə alınmadı. Şəfiqə xanım əlbəttə ki, gözəgəlimli, çəkici xanım idi. Amma 10-cu sinif şagirdi roluna uyğun gəlmirdi. Hər halda mən belə düşünürəm. Anar isə mənim bu filmə çəkilməyimi istəmirdi. Mən onu başa düşürəm.
Bu filmə qədər mən yalnız “Arşın mal alan” filminə çəkilmişdim. O da sakit bir qız rolu idi. Amma əsas odur ki, o film çəkildi qutardı və hətta Anar üzr istədi. Dedi ki, Leyla, bağışla. Tərəddüd etdim, amma sağ ol ki, belə bir film alındı. Yaşım az idi, bəlkə ona görə də belə təbii alındı. Çünki mən orada özümü, sadəcə özümü oynayırdım. Həyatda necə idimsə, filmdə də elə…”.
Aktrisa Xalq artisti Rasim Balayevlə “Dədə qorqud” filminin çəkilişləri zamanı yaşadıqlarından bəhs edib:
“Rasim Balayevlə daha gülməli səhnələr olub. Orada döyüş anı çəkilməl idi, döyüşü əvvəlcədən öyrənməliydim. Çempion Aydın İbrahimov mənim məşqçim idi. Rasim bir dəfə də olsun, gəlmədi ki, nə işim var orada, Leyla xanım 45 kilodur, bir dəfəyə tutub ataram. Dedim, yaxşı. Çəkiliş başladı, Rasim deyir, Leyla xanım, məni ehtiyatlı at, camaat deyər ki, qadın o boyda Nəsimini yerə çırpır. Mən də söylədim ki, sən indi Nəsimi deyilsən, Beyrəksən. Dedi, yox, nə danışırsan… Operatorlara dedi ki, çəkiliş prosesinə baxan uşaqların hamısını göndər, mənə də söylədi ki, Leyla orada ot var, məni onun üstünə atarsan. Sizin verilişi izləsə, bəlkə də, məndən inciyəcək. Mən isə sizə tam düzünü dedim”.