Argentina prokurorluğu əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı onun şəxsi həkimi barəsində ittiham irəli sürüb.
Busaat.az “Todo Noticias” telekanalına istinadən xəbər verir ki, Leopoldo Luke adam öldürmə və xəstəyə kömək göstərməməkdə şübhəli bilinir. Ona qarşı istintaq, Maradonanın qızlarının həkimin hərəkətlərini şübhə altına alan ifadələri əsasında başladılıb.
Məhkəmə Lukanın evində axtarış aparılmasına icazə verib. Əməliyyatlar zamanı Maradonanın xəstəlik tarixcəsi ələ keçirilib.
Bundan əvvəl əfsanəvi yarımmüdafiəçinin vəkili Matias Morla Maradonaya vaxtında təcili tibbi yardım göstərilməməsindən şübhələndiyi üçün ölüm hadisəsi ilə bağlı istintaq aparmaq istəyini ifadə edib.
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bildirilib.