Azərbaycanda evlərin qiymətinin yüksək olması aktual məsələlərdəndir. Əmlak bazarındakı qiymətlər adətən fəslə görə dəyişir. İndi yay fəsli olduğundan bağ evlərinə daha çox tələbat var.
Bəs əmlak bazarında qiymətlərdə yenə artım müşahidə edilirmi?
“Qiymətlər nə qalxıb, nə də enib”
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bizim.Media-ya açıqlamasında hazırki vəziyyətdən danışıb.
“Ölkənin daşınmaz əmlak bazarında xüsusən, paytaxt Bakı, Sumqayıt, Xırdalan və digər şəhərlərdə hər il qiymət artımları baş verir. Qiymət daha çox təbii ki, Bakıda artır. Qiymətlərin ən böyük artımı 2023-cü ildə baş verdi ki, həmin vaxt təkcə Bakı şəhərində ortalama daşınmaz əmlaklarda 15 faizdən 30 faizə qədər qiymət artımı oldu.
Lakin 2023-cü ilin oktyabr ayından başlayaraq bu günə qədər əmlak bazarında çox ciddi sakitlik hökm sürür. Yalnız 2024-cü ilin fevral və mart ayları ipoteka kreditlərinin verilməsi səbəbindən əmlak bazarında ciddi müştəri çoxluğu müşahidə olundu. Bu da qiymətlərə təsir etdi. Hal-hazırda əmlak bazarında qiymətlər demək olar ki, 2023-cü ildə mövcud olan qiymətlərdə stabil olaraq qalıb, ciddi artım müşahidə olunmur. Lakin bununla bərabər qiymətlər enməyib”.
“Artıq tələbat təkcə Bakıya deyil…”
Ekspertin sözlərinə görə, Azərbaycanın turistik bölgələrinə də tələbat çoxdur.
“Bu ərazilərdə də torpaq sahələri alıb bağ evi tikirlər və yaxud hazır bağ evləri alaraq yaşıyırlar, həm də icarəyə verirlər. Qiymət artımı bölgələrdə Bakıdan daha çox müşahidə olunur. Həmçinin qiymət artımı Xırdalan şəhərindədir ki, Abşeron rayonunda daha çox tələbat bu əraziyədir. Sözügedən ərazilərdə təxminən 5-6 il bundan əvvələ qədər qiymətlər ucuz olsa da, hazırda ciddi qiymət artımları var”.