Microsoft və Alphabet-in xalis mənfəəti azalıb

image-google-msft-bing-earnings-1604015009backend

 ABŞ-ın texnologiya şirkətləri Microsoft və Google-un ana şirkəti Alphabet-in xalis mənfəəti iyul-sentyabr dövründə azalıb.

Busaat.az xəbər verir ki, bu barədə Microsoft və Alphabet müvafiq dövrə aid hesabatını açıqlayıb.

Şirkətin gəlirləri iyul-sentyabr dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11% artaraq 50,1 milyard dollara çatıb. Microsoft 2021-ci ilin iyul-sentyabr dövründə 45,3 milyard dollar gəlir əldə edib.

Şirkətin xalis mənfəəti isə eyni dövrdə 14% azalaraq 17,6 milyard dollar olaraq hesablanıb. Xatırladaq ki, ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 20,5 milyard dollar olub.

Microsoft-un səhm üzrə qazancı da bu müddət ərzində 2,71 dollardan 2,35 dollara düşüb.

Müvafiq olaraq, Alphabet-in ilin üçüncü rübündəki gəliri isə keçən ilin eyni dövrü ilə müqayisədə 6% artaraq 69,1 milyard dollara çatıb. Şirkətin 2021-ci ilin üçüncü rübündə gəliri 65,1 milyard dollar olub.

Şirkətin xalis mənfəəti isə üçüncü rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 27% azalaraq 13,9 milyard dollar olub. Alphabet ötən ilin üçüncü rübündə 18,9 milyard dollar xalis mənfəət əldə edib.

Qeyd edək ki, şirkətin ötən ilin iyul-sentyabr dövründə 1,40 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 1,06 dollara qədər azalıb.

Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki