
Misirdə BMT-nin İqlim Sammiti öz işinə başlayıb
Misirin Şarm əl-Şeyx şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP27) 27-ci Tərəflər Konfransı öz işinə başlayıb.
Busaat.az xəbər verir ki, sammitin açılış sessiyasında COP26-nın prezidenti Alok Şarma müddətli sədrliyini Misirin Xarici İşlər naziri Samih Şükriyə təhvil verib.
Sammitdəki çıxışında ətraf mühitlə bağlı “heç nə etməməyin” vəziyyəti iflic etdiyini ifadə edən Şarma iqlim dəyişikliyi ilə bağlı konkret addımların atılması lazım olduğunu qeyd edib.
Misirli nazir Şükri bəyan edib ki, dünya iqlim dəyişikliyi ilə mübarizə səylərinin qütbləşmə metodunu davam etdirə bilməz. O bildirib ki, mövcud vəziyyət təcili beynəlxalq tədbirlər tələb edir.
Qeyd edək ki, İqlim dəyişikliyi ilə mübarizə üzrə dünyanın ən əhatəli sammiti olan İqlim Dəyişikliyi Konfransı noyabrın 18-dək davam edəcək.
Təxminən 190 ölkədən 100-dən çox hökumət rəsmisi, siyasətçi və 40 mindən çox iştirakçının gözlənildiyi konfransda zirvənin ən mühüm gündəm maddələri istixana qazlarının emissiyalarının azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma və iqlim kompensasiyası planlarıdır.
Busaat.az























