“Rusiya Aleksey Navalnı işi ilə bağlı Avropa İttifaqına qarşı cavab sanksiyaları tətbiq edib”.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov yerli və xarici jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər Almaniya və Fransanın aparat rəhbərlərinin əməkdaşlarına da şamil olunacaq.
“Avropa İttifaqının Navalnı ilə əlaqəli sanksiyaları birbaşa Rusiya Prezident Administrasiyasının yüksək vəzifəli şəxslərinə təsir etdiyindən sanksiyalarımız qarşılıqlı olacaq. Artıq qəbul etmişik. Bu barədə yaxın zamanlarda alman və fransalı həmkarlarımıza məlumat verəcəyik”.
Lavrov Berlinin Navalnı ilə bağlı vəziyyətdəki davranışının qəbuledilməz olduğunu və beynəlxalq öhdəliklərə zidd olduğunu da qeyd edib.
“Almaniyanın Rusiya Federasiyası ilə münasibətlərdə yeni bir eskalasiya lideri rolunu necə öz üzərinə götürdüyünü görürük. Bu, Almaniyanın Avropada oynadığı qlobal rol baxımından da daxil olmaqla bizi narahat edir”.
Xatırladaq ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin “Şarite” klinikasına köçürülmüşdü.
Sentyabrın 3-də Almaniya hökuməti Aleksey Navalnının səhhəti ilə bağlı rəsmi mətbuat açıqlaması yaymışdı. Bəyanatda rus siyasətçinin tərkibinə görə “Noviçok” qrupuna aid olan sinir iflicedici maddə ilə zəhərləndiyi qeyd olunmuşdu.
Daha sonra onun nümunələri Fransa və İsveç laboratoriyalarında təkrar analiz olunmuş, “Noviçok”la zəhərləndiyi açıqlanmışdı.