“Neftçi Arena” “Qarabağ”la oyuna niyə hazır olmadı? – Klubdan cavab

image-204182_0h20gxc1lvbackend

Xəbər verdiyimiz kimi, Misli Premyer Liqasının 7-ci turunun “Neftçi” – “Qarabağ” oyununun yeri dəyişdirilib. Sözügedən görüş “Neftçi Arena”da yox, “Qarabağ”ın ev oyunlarını keçirdiyi “Azersun Arena”da oynanılacaq. Buna səbəb isə “Neftçi Arena”da gedən təmir işlərinin başa çatmamasıdır. 

“Neftçi” oyunun məkanının dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi müraciət edib. “Neftçi” klubunun rəsmi müraciətini, “Qarabağ” klubunun rəsmi razılığını rəhbər tutan Peşəkar Futbol Liqası müvafiq qərarlar qəbul edib. Qərara əsasən, Misli Premyer Liqasının 7-ci turunun “Nefçi” – “Qarabağ” oyunu ilə 15-ci turun “Qarabağ” – “Neftçi” oyununun yeri dəyişdirilib.

Bəs “Neftçi Arena”nın hazır olmamasının səbəbi nədir? Stadiondakı təmir işləri nə vaxt yekunlaşacaq? Klub təmirdən çıxan stadionunda ilk matçını nə vaxt keçirəcək?

Bu suallara QOL.az saytına açıqlamasında Bakı təmsilçisinin mətbuat koordinatoru Rüstəm Əfsərli cavab verib. O, stadionun 8-ci turun “Sumqayıt”la matçınadək hazır olacağını qeyd edib:

“Bizdə təmir işləri davam edir. Biz çox ümid edirdik ki, bütün işlər “Qarabağ”la oyunadək yekunlaşar. Amma orada təkcə ot örtüyü dəyişmir. Skamyalar quraşdırılır, VİP oturacaqlar yenilənir. Digər xırda işlər də var. Təəssüf ki, bütün prosesləri tam olaraq çatdıra bilmədik. Böyük ehtimalla, “Sumqayıt”la oyunadək stadion hazır olacaq”. 

O, təmir işlərində xüsusi bir problemin yaranmadığını deyib: “İşlər planlanan kimi gedirdi. Sadəcə təmir işlərində bəzən fors-major hallar yaranır. Belə hallarda 1-2 gün belə çox önəmli olur. Xüsusi bir problem yaranmayıb. Sadəcə təmir işlərində 1-2 gün əlavə vaxt lazım ola bilir. Ot örtüyü normal səviyyədədir, üzərində işlər gedir. Bununla paralel digər işlər də nəzarətimizdədir”.

Qeyd edək ki, sentyabrın 20-də keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 20:00-da başlayacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki