Oğlunu bıçaqlayan atanın ifadəsi dəhşətə gətirir – Bakıda qəribə cinayət

image-gixll0qxvxtowptijw4ubqjnwrmuetcmhgqppb5fbackend

Bakının Səbail rayonunda 1990-cı il təvəllüdlü Saqi Kərimov oğlu, 2020-ci il təvəllüdlü İsmayılı və qayınanası, 1976-cı il təvəllüdlü Əminəni öldürməyə cəhd edib.

Busaat.az xəbər verir ki, Saqi 23 noyabr 2022-ci ildə qayınatası Təyyarın evinə gəlib. O, şəxsi münasibətlərin pozulması səbəbindən üç ay əvvəl atası evinə qayıdaraq orada yaşayan rəsmi nikahda olan arvadı Xeyrənsənin onunla birlikdə getməsini tələb edib.

Xeyrənsə onun bu təklifindən imtina edərək bir daha onunla birlikdə yaşamayacağını, boşanacağını, eləcə də azyaşlı övladı ilə görüşməyə imkan verməyəcəyini bildirib.

Bu zaman Saqi artıq ailə olaraq bir yerdə yaşamayacaqları və azyaşlı övladından məhrum olacağı qənaətinə gəlib. O, Xeyrənsənin bu hərəkətlərinə görə qisas almaq məqsədilə azyaşlı oğlu İsmayılı öldürmək qərarına gəlib.

Saqi həmin niyyətini həyata keçirtmək məqsədilə sonuncu dəfə oğlu ilə görüşmək üçün şərait yaradılmasını xahiş edib. Buna nail olduqdan sonra azyaşlını yataq otağına aparıb və bıçaqla vurub.

Zərbələri vurarkən yaranmış səsə yataq otağına daxil olan və hadisənin qarşısını almağa çalışan azyaşlının nənəsi Əminəyə də xəsarətlər yetirib.

“Kirayədə yaşamışıq”

İstintaq orqanı tərəfindən Saqinin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə cəhd) və 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Saqi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 14 fevral 2020-ci ildə Xeyrənsə ilə nikah bağlayıb: “Həmin ilin sonlarında oğlumuz oldu. Biz ailə qurandan Bakı şəhərində kirayə yaşamışıq. Xeyrənsə ilə aramızda mübahisə olduğundan 2022-ci ilin avqustunda uşağı götürərək Bakı şəhərində yaşayan atası Təyyarın evinə getdi”.

“Bunu etməyimi xatırlamıram”

Təqsirləndirilən şəxs qeyd edib ki, Xeyrənsəyə onunla geri qayıtmasını deyib: “Lakin Xeyrənsə mənimlə getmək istəmədiyini bildirdi. Xeyrənsə mənə borclarımın olduğunun, borclarımı qaytardıqdan sonra birlikdə yaşamağa razı olacağını dedi. Tez-tez gedib uşaqla görüşürdüm. Ailədaxili münaqişələrə görə eyibləri açıqlamaq istəmirəm. Hadisə olan tarixdə Səbail rayonu 20-ci sahəyə çatan zaman orada olan qab-qacaq satılan mağazaya daxil oldum, bir ədəd bıçaq aldım. Əynimdə olan gödəkçənin iç cibinə qoydum. Sonra oradan da Xeyrənsəgilə getdim. Ora çatan zaman Xeyrənsə, qaynanam Əminə və oğlum İsmayıl evdə olub. Qayınatam Təyyar ilə danışdım və xahiş etdim ki, ailəsimi buraxsın, mənimlə birlikdə getsinlər. Təyyar dedi ki, Xeyrənsəni mənə verməyəcək. Təyyar bu sözləri dedikdə, qərara gəldim ki, İsmayılı və özümü öldürüm. Xeyrənsə İsmayılı döşəmənin üstündən götürərək mənə verdi. İsmayılı qucaqlayaraq qonaq otağından yataq otağına apardım. Yataq otağına keçən kimi İsmayılı yataq otağında olan çarpayının üzərinə uzatdım. Gödəkçəmin iç cibində saxladığım bıçağı çıxardım. İsmayılı öldürmək məqsədilə ürəyindən bıçaqla vurdum. İstintaqda 9 bıçaq vurduğumu bildirsəm də, bunu etməyimi xatırlamıram”.

“Yetim qalmasını istəmirəm”

Saqi qeyd edib ki, baş vermiş hadisə nəticəsində bu gün övladına xəsarət yetirmiş ata kimi burada olsa da, oğlu onun düşməni deyil: “Mən də oğluma düşmən deyiləm. Mənə irəli sürülən ittiham çox ağırdır. Oğlumdan ayrı düşmək istəmirəm. Atam vəfat etdiyinə görə yetim böyümüşəm və bu hissin necə olduğunu yaxşı bildiyimdən oğlumun da yetim qalmasını istəmirəm. Etdiklərim də məhz oğlumun yetim qalmaması üçün idi. Əməlimdən peşmanam”.

Təqsirləndirilən şəxs bildirib ki, uşağın müalicəsi ilə ailəsi məşğul olur: “Əvvəllər məhkum olmuşam. Mühafizə xidmətində işləyən zaman məlumatım olmadığından boş kağızları imzalamışam, cəzamı da çəkmişəm. 3 ildir ki, ailə münaqişəm baş verir. Ailə münaqişələrini açıqlamaq istəmirəm, yoldaşımla hazırda nikahdayıq”.

“Öz boğazını kəsdi”

Cinayət işi üzrə zərərçəkmiş İsmayılın nümayəndəsi, anası Xeyrənsənin sözlərinə görə, Saqi ilə özü tanış olub və 14 fevral 2020-ci ildə ailə qurublar: “Ailə qurandan sonra Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşadıq. Bizim aramızda 5 yaş fərq var. Həyat yoldaşımla aramızda mübahisələrimiz olurdu. Maddi problemləri var idi. Həyat yoldaşım məni döyürdü. Biz evin kirayə haqqını ödəyə bilmədiyimizdən Saqi məni və oğlumu anam Əminənin evinə apardı. Oğlumla müvəqqəti orda qalmağa başladım. Hər şeyi düzəldərək işləyəndən sonra ev tutub, kirayə qalmağı planladıq. Lakin elə oldu ki, kirayə çıxmağımız bir az uzun çəkdi. Mən və oğlum uzun müddət anamgildə qaldıq. Bu müddətdə həyat yoldaşım işdən çıxaraq anamgilə bizi görməyə gəlirdi. Problemləri yox idi. Bizi görüb, uşaqla sağollaşaraq gedirdi. Bir dəfə Saqi anamgilə gəldi və dedi ki, məni və oğlumu aparmaq istəyir. Saqiyə bildirdim ki, gedəcək, qalacaq yerimiz yoxdur, uşaq var. Saqi getmək istədiyindən uşağı qucaqladı sağollaşmaq istədiyini bildirdi. Mən uşağı Saqinin qucağına verdim. Saqi uşaqla birlikdə başqa otağa keçdi. Bu zaman yataq otağından İsmayılın ağlamaq səsləri gəldi. İsmayılın səsinə otağa keçdikdə onun çarpayının üzərində qan içərisində olduğunu gördük. Saqinin əlində bıçaq gördüm və uşağı vurduğunu dərk etdim. Qışqırmağa başladım. Saqinin əlində olan bıçağı almaq istədim. Bu zaman Saqi əlində olan bıçaqla öz boğazını kəsdi. Bunu gördüm və Saqinin əlindən tutdum. Saqi təkrar əlində olan bıçaqla öz boğazını kəsdi”.

“Etibar edə bilmərəm”

Zərərçəkmiş azyaşlının anası deyib ki, Saqini bağışlamır və onunla barışmayıb. Saqiyə qanunauyğun cəza verilməsini istədiyini Xeyrənsə ondan şikayətçi olmadığını da bildirib: “Saqinin əsəbləri yerində deyil. Saqi tikinti işi ilə məşğul olub, fəhlə idi. Biz 3 ildir ailə həyatı qurmuşduq. Mənim valideynlərim Bakı şəhərində yaşayıb. Hadisədən əvvəl aramızda ciddi münaqaişə olmayıb. Əksinə bizi axşamlar görərək gedirdi. 3 il ərzində yoldaşımla aramızda bizə dair problem olmayıb. Bütün problemlər ailələrimiz ilə bağlı olurdu. Saqi məni döydüyü zaman ailələrimiz müdaxilə edirdi. Saqi məni kənarda olan söz-söhbətə görə döyürdü. Yəni anasının dediyi sözlərə görə və digər söz-söhbət səbəbi ilə mənə şiddət göstərirdi. Saqiyə anasıgildən uzaqlaşmalı olduğunu dedim. Hazırda həyat yoldaşımdan şikayətçi deyiləm. Lakin bir daha oğlumu ona etibar edə bilmərəm”.

“Demişdi ki, uşağı da öldürəcəm, səni də…”

Məhkəmədə Xeyrənsənin ziddiyət təşkil edən ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. O, istintaq zamanı verdiyi ifadəsində göstərib ki, Saqi ona dəfələrlə əgər barışmasa İsmayılı və onun ailə üzvlərini öldürəcəyini deyib: “Mən isə Saqini sakitləşdirməyə çalışdım. 23 noyabr 2022-ci ildə saat 09 radələrindən başlayaraq hər yarım saatdan bir Saqi mənə zəng vurdu, İsmayılı götürərək şəhərə gəzməyə getməyi təklif etdi. Mən isə Saqiyə İsmayılın xəstə olduğunu, buna görə də bayıra çıxarda bilməyəcəyimi, özümün də getmək istəmədiyimi bildirdim. Həmin vaxt Saqi telefonda üstümə qışqırdı. Dedi ki, elə eləmə, başqa hərəkət edim. Saqi əvvəllər dəfələrlə mənə demişdi ki, əgər sən məndən boşansan, uşağı da, səni də, ailə üzvlərini də öldürəcəm”.

“Evinə 1 manat belə pul gətirmirdi”

İş üzrə zərərçəkmiş qismində dindirilən Əminə bildirib ki, kürəkəni Saqi hər gün qızı Xeyrənsəni döyüb: “Xeyrənsə döyüldüyünü mənə və atasına demirdiş. Bunu bizdən gizlədirdi. Bir gün mən rayonda olarkən Xeyrənsə də bizə rayona gəldi və baş ağrısından şikayətlənirdi. Səbəbini soruşduqda, döyüldüyünü dedi. Qızımın bədəni göyərmişdi və döyülmənin izləri var idi. Saqi qızımı hər döyəndə həkimə aparıb, qızını müalicə etdirdim. Saqi evinə 1 manat belə pul gətirmirdi. Ailəni biz saxlayırdıq”.

Əminə qeyd edib ki, sonuncu dəfə kirayə pullarını verə bilmirdilər, bocları var idi: “Bir borcu həyat yoldaşım ödədi. Hazırda kreditə götürdüyü telefonunun pulunu həyat yoldaşım ödəyir. Saqi döydüyünə gərə, qızım İsmayılla birlikdə bizə gəldi”.

“Divara vurmasaydım, öldürəcəkdi”

Zərərçəkmişin sözlərinə görə, 23 noyabr 2022-ci ildə saat 19 radələrində Saqi onların yaşadığı evə gəlib: “Bundan sonra Təyyara zəng vurdum. Saqinin gəldiyini və söhbət etmək istədiyini bildirdim. Bir neçə dəqiqə sonra Təyyar evə gəldi. Biz birlikdə oturaraq söhbət etməyə başladıq. Qızımı və nəvəmi aparmaq istədiyini dedi. Təyyar isə Saqiyə borcunun olduğunu, borclarını qaytardıqdan sonra Xeyrənsəni aparmasına icazə verəcəyini bildirdi. Təyyar telefonla danışdıqdan sonra Saqi İsmayılı öpüb gedəcəyini bildirdi. Həmin vaxt İsmayıl qonaq otağında döşəmənin üstündə oynayırdı. Xeyrənsə İsmayılı döşəmənin üstündən götürərək Saqiyə verdi. Saqi İsmayılı qonaq otağından yataq otağına apardı. Bu zaman yataq otağından İsmayılın ağlamaq səsləri gəldi. İsmayılın səsini eşidən kimi yataq otağına tərəf qaçdım. Xeyrənsə də arxamca yataq otağına tərəf qaçdı. İçəri girən zaman İsmayılın yataq otağında olan çarpayının üzərində olduğunu və Saqinin də əlində bıçaqla İsmayılın başı üzərində dayandığını, İsmayıla bıçaqla zərbələr vurduğunu gördüm. Bu zaman “uşağı öldürdü, qoymayın uşağı öldürdü” sözlərini dedim. Qışqıraraq Saqinin əlində olan bıçaqdan və qolundan tutdum, onu divara vurdum. Saqini divara vurmasaydım, İsmayılı öldürəcəkdi”.

“Qızıma hədə-qorxu gəlirdi”

Əminə deyib ki, hazırda nəvəsi İsmayılın barmaqlarında problem var və uşaq barmaqlarını hərəkət etdirə bilmir: “Hər gün uşağın barmaqlarını həkimdə “toka” veririk ki, hərəkət etdirə bilsin. Uşağın əsəbləri korlanıb, müalicə alır. Dili tutulub və danışa bilmir. Uşağa ziyan vurarkən Saqinin əlindən tutmuşam. Bu zaman mən də xəsarət almışam. Saqi telefonda qadınla danışarkən qızım onu yaxalayıb. Ailə buna görə dağılıb. Saqi həbs olunmazdan əvvəl qızıma hədə-qorxu gəlirdi. Münaqişə Saqinin anasının Türkiyədən gəlməsi, digər tərəfdən qadınla danışması ilə bağlı yaranıb. Saqi qızıma hədə-qorxu gəlib ki, əgər ondan boşansa, anasını, qardaşını, atasını öldürəcək. Qızımın boşanmasını istəməzdim. Lakin bir daha nəvəmi Saqiyə etibar edə bilmərik”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Saqi 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Saqinin vəkili tərəfindən apellyasiya şikayəti verilib. Vəkil Saqinin barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini, ona cəzadan da aşağı həddə cəza təyin edilməsini istəyib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Saqinin barəsində verilmiş şikayət təmin edilməyib.(milli.az)

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki