Özəlləşdirmə çekləri problemi necə həll olunmalıdır? – Ya tədavülə buraxılmalı, ya da…”

image-cekbackend

1996-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən imzalanan fərmana əsasən, 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilmiş özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması ilə bağlı məsələsi yenidən aktuallaşıb. Məlumdur ki, bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Belə ki, özəlləşdirmə çeklərinin üzərində yazılıb: “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir”. Lakin bu gün özəlləşdirmə çeklərindən istifadəyə məhdudiyyət qoyulub. Əlində çeki qalan vətəndaşlar isə bu vəziyyətdən narahatdırlar. Bir sıra ictimai nüfuzlu şəxslər də problemin həlli və məlum narahatlığın aradan qaldırılması istiqamətində müəyyən çıxışlar ediblər.

Özələşdirmə çeklərinin yenidən tədavülə buraxılmasını zəruri edən hüquqi amillərlə aşağıdakı linkdən ətraflı məlumat əldə edə bilərsiniz:

https://busaat.az/ozellesdirme-cekleri-qanunla-hele-de-quvvededir

Mövzu ilə bağlı Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədli Busaat.az-a açıqlamasında bildirib ki, o vaxtı özəlləşdirmə prosesi idarəolunmaz səviyyədə həyata keçirildi və xaos qaçılmaz oldu. İndiki dövrdə isə xaosun yaratdığı acı nəticələrin qarşısının alınması vacibdir:

“Statistik məlumatlara görə, dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də əllərdədir. Yəni, 6,38 milyon özəlləşdirmə çeki istifadə olunmayıb. Dövlət özəlləşdirmə payına daxil olan çekin nominal dəyəri, çek özəlləşdirilməsinə aid olan Azərbaycan dövlət əmlakının 1/32000000 (otuz iki milyondan biri) hissəsinin maddi ekvivalenti idi. Proqram üzrə dövlət əmlakının özəlləşdirmə hissəsi 70-80 faiz təşkil etməli idi. Lakin o vaxtı özəlləşdirmə çekləri təyinatı üzrə istifadə edilmədi və buna görə də vətəndaşlar prosesdən kənarda qaldılar. Halbuki özəlləşdirməyə çıxarılan dövlət obyektlərinin 15 faizi öz işçilərinə, 55 faizi çek hərracına çıxarılmalı idi. 30 faizi isə investorları cəlb etmək üçün nəzərdə tutulmuşdu. Əmlak Məsələləri Dövlət Komitəsinin 12 dekabr 1997-ci il 222 nömrəli əmrinə görə, bir özəlləşdirmə payı hələ 1997-ci ildə ən azı 2000 ABŞ dolları hesablanıb və qanunla əmlak pPayı kimi infliyasiyadan qorunur. Lakin qara bazarlarda çeklərin qiyməti müxtəlif vaxtlarda dəfələrlə ucuz qiymətə, təxminən 10-100 ABŞ dolları civarında satıldı. Çeklər, demək olar ki, dəyər-dəyməzinə satılırdı.

Bütün hallarda yüzminlərlə insan hələ də bu çekləri saxlayır və yenidən tədavülə buraxılacağına ümid edir. Çünki vauçerlər qiymətli kağızdır. Mövcud qanunlara görə, bütün özəlləşdiriləcək dövlət əmlakının 65 faizinin özəlləşdirmə payı vətəndaşlara məxsusdur. Bu gün Azərbaycanda özəlləşdirmə perspektivləri olan çoxlu sayda dövlət müəssisələri var. Bu fonda tədavül müddətinin yenidən artırılması zəruridir. Bu gün əksər vətəndaşlar öz hüquqlarını bərpa etməyə çalışırlar. Əgər vətəndaşların hüquqları kütləvi şəkildə pozulubsa, bu halda prosesə yenidən baxılmalıdır. Tədavül müddəti yenidən artırılmaqla, vətəndaşların prosesdə iştirakına şərait yaradılmalıdır”.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev isə öz növbəsində qeyd edib ki, çeklərlə bağlı problemin həlli fonunda vətəndaşların hüquqlarının bərpası məqsədəuyğundur:

“Özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması vətəndaşların mülkiyyət hüququna sahib olmasına imkan yaradırdı. O vaxtı bir çox vətəndaş çeklərini saxladı və gələcəkdə daha çox faydalana biləcəyini düşündü. Təəssüf ki, həmin vətəndaşlar öz çeklərindən yararlana bilmədilər. Düzdür, bir neçə il öncə özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması ilə bağlı qərar qəbul olunmuşdu, amma bu, effektiv nəticə vermədi. Hesab edirəm ki, sözügedən məsələyə yenidən qayıtmaq lazımdır. Bu baxımdan özəlləşdirmə çeklərinin tədavülünə dəstək olan millət vəkilləri və ictimai nüfuzlu şəxslər haqlıdırlar. Ölkə başçısı hər zaman öz çıxışlarında insanların haqqları və tələblərinin təmin olunmasının vacibliyini vurğulayır. Bu fonda o vaxtı paylanan özəlləşdirmə çekləri vətəndaşların haqqıdır. Özəlləşdirmə çeklərinin qiymətləndirilməsi müqabilində ya yenidən tədavülə buraxılmalı, ya da vətəndaşlara kompensasiya ödənməlidir”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90