“Bu, üçüncü respublikamızın tarixinin ən biabırçı və ağrılı səhifələrdən biridir. Bütün bunlardan yeganə məsul və günahkar olanlar Ermənistanda hazırda iqtidarda olan bir qrup xəyanətkardır”.
Busaat.az xəbər verir ki, bu sözləri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri, “Vətən” partiyasının sədri Artur Vanetsyan “Pressing”ə verdiyi müsahibəsində deyib.
“Son dəqiqəyə qədər dövlət təbliğat maşını hər kəsi aldadır və qazandığımızı söyləyirdi. Həqiqəti deməyə çalışanlar dərhal xain kimi təqdim olunurdu”,-deyə Vanetsyan qeyd edib.
Həmçinin Artur Vanetsyan, keçmişdə sözügedən “xain qrup” ilə çalışdığına diqqət çəkərək qeyd edib:
“Əhalimizin əksəriyyəti inqilaba inandığı üçün yeni bir keyfiyyətə sahib Ermənistanın yaradılacağına ümid edirdik. Bir müddət Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsində çalışandan sonra əslində nümayiş olunanların, deyilənlərin tamamilə yalan olduğunu görməyə başladım. Hamını aldatmaq, hər yerdə aldatmaq … Nikol Paşinyan xroniki bir yalançıdır, hər zaman hər məsələdə yalan danışır və sonra yalanlarına haqq qazandıraraq bəhanələr gətirməyə başlayır. Başlanğıcda təhlükəli proseslərin qarşısını alacağına ümid edirdim, lakin MTX rəhbəri dövlət başçısından fərqli siyasi açıqlamalar verə bilməzdi. “Dayan!” müraciəti ilə Nikol Paşinyana istefa məktubu təqdim etdim”,- deyə Vanetsyan sözlərinə əlavə edib.
Xatırladaq ki, Artur Vanetsyan ötən ilin sentyabrında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən istefa vermişdi. Onun anidən istefa verməsi ölkədə yeni gərginliyin başlanğıcını qoymuşdu.
Qeyd olunurdu ki, A. Vanetsyan Paşinyan komandasının ən reytinqli məmurlarından biri olub. Onun son bir ildə korrupsiya ilə bağlı açıqlamaları və bu istiqamətdə gördüyü işlər strukturun imicini ictimaiyyətin gözündə ciddi şəkildə artırmışdı. Ölkədə belə nüfuzu olan adamın istefaya göndərilməsi sual olaraq qalmışdı.