Türkiyədəki seçkilərdə yenidən Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsini bir çox liderlər təbrik etdilər. Bunların içərisində Türkiyəyə qarşı mütəmadi olaraq düşmən mövqedə olan ölkələrin rəhbərləri də var idi. Ümumiyyətlə bu seçkilərin ümumi nəticəsi region ölkələri üçün nə vəd edir?
Mövzu ilə bağlı politoloq Samir Hümbətov Busaat.az-a açıqlamasında bildirib ki, keçirilən seçkilərin nəticəsinin elan edilməsindən dərhal sonra müxalifət koalisiyasın əsas simalarından biri Meral Akşenerin Ərdoğanı təbrik etməsi seçkinin demokratik məcrada baş tutmasının göstəricisi idi:
“Türkiyədəki seçkilərdə Rəcəb Tayyib Ərdoğan 52 faizdən çox səslə Türkiyənin yenidən Prezidenti seçildi. Məlum olduğu kimi, seçkilər gərgin bir məcrada keçdi. 14 mayda baş tutan həm Prezident, həm də parlament seçkiləri eyni zamanda 28 mayda da davam etdi. Bir tərəfdən ölkə daxilində seçkilərə xarici qüvvələr təsir etməyə çalışırdılar. Ölkədə informasiya müharibəsi gedirdi. İkinci bir tərəfdən isə beynəlxalq arenada bu seçkilərə kölgə salmaq istəyirdilər. Amma keçirilən seçkilərin nəticəsinin elan edilməsindən dərhal sonra müxalifət koalisiyasın əsas simalarından biri Meral Akşenerin Ərdoğanı təbrik etməsi seçkinin demokratik məcrada baş tutmasının göstəricisi idi.
Təbii ki, müxtəlif koalisiyalar var idi. Gərgin mübarizə gedirdi. Türkiyənin gələcəyi və seçicilərin səslərinin qorunması və bir çox məsələlər var idi. Ərdoğanın yenidən dövlət başçısı seçilməsinin həm regionda, həm Türkiyə daxilində, həm də dünyada baş verən hadisələrə ciddi təsiri olacaq. Türkiyənin son 10 ildə çoxvektorlu xarici siyasət strategiyasına malik olması, Ərdoğanın qalibiyyəti həm Cənubi Qafqaza, həm Yaxın Şərqə, həm Balkanlara, həm də digər coğrafiya təsir edəcək amillərdəndir.
Düşünürəm ki, qarşıda yeni dövr başlayır. Türkiyənin daha da güclənməsi ilə bağlı qarşıda bir çox layihələr var. Xüsusilə Türk dövlətləri təşkilatının daha da möhkəmlənməsi prosesi bizi gözləyir. Düşünürəm ki, Qarabağ məsələsinin yekun həlli də Türkiyədəki seçkilərdən asılı idi. Gözləntilərimiz isə ondan ibarətdir ki, yaxın gələcəkdə Türkiyənin dəstəyi ilə bu Qarabağ konflikti də tam həll oluna bilər”.
Busaat.az