
Qəzza zolağında güclü yağış nəticəsində bəzi evləri və yolları su basıb
Gecə bir neçə saat davam edən güclü yağış İsrailin blokadası altında olan Qəzza zolağında daşqınlara səbəb olub.
Busaat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videomateriallar paylaşılıb.
Görüntülərdən də aydın görünür ki, həddindən artıq yağıntı səbəbindən Qəzza zolağının müxtəlif yerlərində bəzi evlər və yollar su altında qalıb.
Qəzzadakı Fələstin Mülki Müdafiə Birliyinin sözçüsü Mahmud Basil verdiyi açıqlamada, qrupların sel basmış evlərdə xilasetmə işləri və o vaxtdan bəri təsirli olan yağış səbəbindən qırılan ağac budaqlarına nəzarət kimi bir sıra fəaliyyətlər həyata keçirdiyini bildirib.
Mütəxəssislər Liviyanı vuran və daha sonra Misirə təsir edən “Daniel” qasırğasının Fələstin ərazisinə mülayim təsir göstərməyə başladığını qeyd ediblər.
Meteoroloq Qusay əl-Həlayika sosial media hesabından verdiyi açıqlamada temperaturun endiyi və yağışların başladığı Fələstində qeyri-sabit hava şəraitinin hökm sürdüyünü bildirib.
Fələstin Meteorologiya Müdirliyi isə bölgənin hər yerində qeyri-sabit hava şəraitinə qarşı vətəndaşlara xəbərdarlıq edib.























