Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov vaxtının keçdiyini və bu səbədən istefa verməyə razı olduğunu açıqlayıb.
Busaat.az xəbər verir ki, bu barədə keçmiş Baş Nazir Temir Sarıyev “İnterfaks”a bildirib.
“Sooronbay Jeenbekovun anlayışı var və vaxtının keçdiyini hiss edir”,- deyə Sarıyev qeyd edib. Onun sözlərinə görə, prezident müəyyən şərtlərlə könüllü olaraq istefaya hazırdır.
“Hələlik Sooronbay Jeenbekov hazırkı prezidentdir. Prezidentin bir neçə funksiyasını yerinə yetirməsi şərti ilə, o, istefaya hazırdır. Birinci hökumətin istefasını qəbul etdikdən və Nazirlər Kabinetinin yeni tərkibi ilə bağlı bir fərman imzaladıqdan sonra o, ayrılmağa hazırdır”,- deyə T. Sarıyev bildirib.
Siyasətçi bu gedişatın insanları razı salacağını sözlərinə əlavə edib.
“Əgər bu edilməzsə, qanuni çərçivədən kənara çıxacağıq. Xalq bunu qəbul edəcək. Hökumət olmadan yaşaya bilmərik. Ölkəni küçə idarə edə bilməz”,-deyə o qeyd edib.
Qeyd edək ki, oktyabrın 4-də Qırğızıstanda parlament seçkilərinin nəticələri ilə razılaşmayan insanlar etiraz aksiyalarına başlayıb. Onlar Dövlət Milli Təhlükəsizlik Komitəsinin İstintaq Təcridxanasında həbsdə olan keçmiş prezident Almazbek Atambayevi, həmçinin Moldovanovka kəndindəki koloniyada həbsdə olan keçmiş Baş Nazir Sapar İsakovu azadlığa buraxıblar. Bundan başqa, onlar Bişkekin yeni merini təyin ediblər.
Qırğızıstanın Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən parlament seçkilərinin səsvermə nəticələrinin tanınmaması barədə qərar qəbul edib.