Ramiz Mehdiyev təqaüdə çıxmış bir adamdır, onun arxasınca danışmaq… – Sabir Rüstəmxanlı ilə MÜSAHİBƏ

image-231backend

Busaat.az-ın “Tarixə düşənlər” rubrikasının budəfəki qonağı Vətəndaş Həmrəyliyi Partiyasının başqanı, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlıdır.

Müsahibəni təqdim edirik:

Gərək tez-tez gedib, kəndin havasını udum

– Sabir bəy, bu isti havalarda harada dincəlirsiniz?

– Şuşada Vaqif Poeziya Günlərində iştirak etdim, indi qayıtmışam, Bakıdayam. Ən yaxşı istirahəti Azərbaycanda edirəm. Amma yaxşı olar ki, bir az Bakıdan kənara çıxasan, rayona, dağlara gedəsən, ən yaxşı istirahət imkanları oralardadır.

– Şuşadan, Vaqif Poeziya Günlərindən hansı hiss və təəssüratlarla geri döndünüz?

– Vaqif Poeziya Günlərinin təməli 1982-ci ildə qoyulub. Vaqifin məzarı üstündə böyük bir abidə tikilib. Vaqif XVIII əsrdə qətlə yetirilib. Həmin dönəmdə hələ nə Şuşada, nə də Xankəndidə erməni izi olub. Bu abidə bizim varlığımızı göstərən abidədir.

Vaqif Poeziya Günlərinin keçirilməsi Vaqifin bizim ədəbiyyat tariximizdə böyük yerini, bir ədəbi məktəbin varisi olduğunu göstərən əlamətdir. Qarabağda “Dağlıq Qarabağ” deyilən qondarma bir rejim, quruluş vardı. Ona görə də Vaqif Poeziya Günləri Azərbaycanın səsinin daha da möhkəmlənməsinə yönəlmiş bir ədəbiyyat siyasətidir. Vaqif Poeziya Günləri uzun illər keçirilib. Erməni işğalı dönəmində Vaqifin abidəsi dağıdılmışdı. O vaxt sözügedən abidənin təməlini ulu öndər Heydər Əliyev qoymuşdu. Ermənilər bizdən qisas almaq üçün Vaqifin abidəsini dağıtdılar. Şuşa işğaldan azad olunandan sonra prezident İlham Əliyev abidəni bərpa etdirdi. Elə həmin ildən də Vaqif Poeziya Günləri keçirilməyə başladı. Bu il artıq 4-cü Vaqif Poeziya Günləri baş tutdu. Bu tədbir ildən-ilə daha gözəl, daha möhtəşəm, daha yaddaqalan keçirilir. Xarı Bülbül Festivalı Şuşanın musiqi paytaxtı olduğunu, Vaqif Poeziya Günləri isə Şuşanın həm də söz mərkəzi olduğunu göstərir. Bu, həm də sözümüzün bayramıdır. Vaqif Poeziya Günlərində söz və musiqi birləşir. Vaqif Poeziya Günlərinə mədəniyyət işçiləri, elm xadimləri təşrif buyurmuşdular. Vaqif Poeziya Günləri həm musiqi, həm mədəniyyət, həm də sözümüzün bayramıdır.

-Qeyd etdiniz ki, yaxşı olar ki, istirahət üçün bir az Bakıdan kənara çıxasan, rayona, dağlara gedəsən, ən yaxşı istirahət imkanları oralardadır. Bu hiss sizdə son illərdə yaranıb, yoxsa elə əvvəldən bu düşüncədə olmusunuz?

-Həmişə belə olub. Mən kənddən çıxmış bir adamam, kökümüz də oradadır. Şübhəsiz ki, Bakını çox sevirəm, bütün ömrüm Bakıda keçib, amma kəndə getməyəndə sanki havam çatmır. Gərək tez-tez gedib, kəndin havasını udum.

Hazırda Ramiz Mehdiyevlə heç bir problemim yoxdur

– Sabir bəy, sosial mediada Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə Sizin aranızda yaranmış bir konfliktə bağlı kifayət qədər tünd sözlə əhatələnmiş çıxışınızı izlədik. Bundan məlumatınız varmı və video niyə indi yayınlandı?

– Çoxu yayılmasa, o zamanlar milli və dövlətçilik mövqeyimizi müdafiə edən xeyli çıxışlarım var. Bu videoları o vaxtlar vermirdilər, ehtiyat edirdilər. İndi tapıb paylaşırlar. Bunu normal dəyərləndirirəm. Tarixi inkar etmək olmaz. Hazırda Ramiz Mehdiyevlə heç bir problemim yoxdur. O, təqaüdə çıxmış bir adamdır. Ramiz Mehdiyev vəzifədən azad ediləndə vaxtikən çörək verdiyi adamlar ona hücumlar etdilər. Mən onda bir söz yazmadım, fikir bildirmədim. Amma videodan da görünür ki, bizim aramızda yaranan konflikt onun qılıncının dalının-qabağının kəsdiyi dövrə təsadüf edir. Ramiz Mehdiyevin özü də salonda idi, oturmuşdu. Bu video bizim təbiətimizi, xarakterimizi, mübarizə üsulumuzu göstərən bir amildir. Kimsə vəzifədən gedəndən sonra arxasınca danışmaq bizə yaraşmaz. O zaman Ramiz Mehdiyev mənim ünvanıma fikir bildirmişdi, mən də sözümü dedim. Mənim cavabım həmişə belə olub.

– Feysbukda belə bir post paylaşmışdınız: “Bir neçə aydır xatirələrimi yazıram. Çox çətin bir işdir. Çətinliyi ondandır ki, bir çox önəmli olaylar, görüşlər, həyatımdan keçən insanlar yaddaş ümidinə qalıb. Yaddaşım möhkəm idi və düşünürdüm hər şey zehnimə elə həkk olunur ki, heç bir qeyd dəftərinə ehtiyac qalmayacaq. İndi görürəm, yanılmışam”. Bu müraciətdən sonra Sizə yazanlar oldumu?

– Bəli, mənə xeyli yaxşı məsələləri, prosesləri xatırladıblar. Hələ ki yaddaşım yerindədir, möhkəmdir. Onsuz da xatirələri yazacağam. Amma indi mənə unutduğum xırda detalları yazırlar. Mənim üçün o xatirələri eşitmək, oxumaq çox xoşdur. Şübhəsiz ki, onlar da xatirələrimdə öz əksini tapacaq. Onlar olsa da, olmasa da, xatirələrimi yazacaqdım. Hər halda başqalarının yaddaşında olan məsələləri də eşitmək istədim və xeyli xoş rəylər aldım.

Mənim böyük bir parlamentim var, sözümlə, şeirimlə xalqın yanındayam

– Bu il sentyabrın 1-də Azərbaycanda baş tutacaq növbədənkənar parlament seçkisində Siz deyil, həyat yoldaşınız, müşaviriniz Tənzilə xanım namizədliyini irəli sürəcək. Necə oldu ki, siz geri çəkildiniz, ümumilikdə bu qərar necə formalaşdı?

– Mən heç vaxt, heç yerdən geri çəkilmirəm. Mənim böyük bir parlamentim var, mən yenə millətin vəkiliyəm, amma sözümlə, şeirimlə xalqın yanındayam. Millətin sözünü demək, elə millət vəkili olmaq deməkdir.

Tənzilə xanım mənim həyat yoldaşım olmaqla yanaşı, həm də Vətəndaş Həmrəyliyi Partiyasında (VHP) müşavirimdir. İkincisi, iki böyük ciddi ictimai təşkilatın- Azərbaycan-Türk Qadınlar Birliyi və Azərbaycan-Türkiyə evi- sədridir. Tənzilə xanım ölkənin ictimai həyatında kifayət qədər fəaldır. Deputat seçilmək onun da haqqıdır. Bu məsələ “Sabir Rüstəmxanlı öz yerini Tənzilə Rüstəmxanlıya verdi” kimi dəyərləndirilməməlidir. Belə söhbət yoxdur. Tənzilə xanım xalqın səsini qazansa, deputat seçiləcək.

– Yeni Azərbaycan Partiyası da siyahısını açıqladı. Bir gözləntilər vardı ki, YAP yeni heyətlə, yeni vitrinlə gələcək, amma bu gözlənti sanki özünü doğrultmadı…

– Köhnə bir film vardı. Orada deyirdilər: Savaşa qocalar gedir. YAP -da bir xeyli təcrübəli, sınaqdan çıxmış adamlar var ki, onlar Milli Məclisə qayıdırlar. YAP-ın Milli Məclisdə daha güclü olmağına ehtiyac var. Həm də görünür, müxalifətin təzyiqi getdikcə artır, onlar da bunun qarşısında daha güclü görünmək istəyirlər. YAP təcrübəli adamları Milli Məclisə qaytarır. Parlamentdə peşəkarların sayı nə qədər çox olsa, o qədər yaxşıdır.

– Azərbaycanda partiyalararası əlaqələr, münasibətlər hansı formadadır?

– Ölkəmizdə siyasi təşkilatlar arasındakı münasibətlər o müstəviyə gəlib ki, partiyalar arasındakı qarşıdurmalar sakit dialoqa dönüşüb. Bu dialoq milli mənafelərə xidmət edir. Parlament savaş deyil, dialoq meydanına çevrilməldir. Bütün müzakirə və mübahisələrimizin ana xəttində milli dövlətçilik maraqları dayanmalıldır. Parlamentdə bu mövqeyə xidmət edəcək peşəkarların sayı nə qədər çox olsa, bir o qədər lehimizdədir.

Avropa universitetlərində təhsil alanlar, “Meydan Universiteti”ni bitirənlərə tay ola bilməz

– Hərdən elə düşünürəm ki, Sabir Rüstəmxanlı və onun kimi meydan hərəkatının lokomotivi olmuş şəxslər geri çəkilərsə, meydan boş qalar…

-İnşallah meydan boş qalmaz. Əvvəla, onu deyim ki, mən meydanlardan gəlməmişəm, meydanlara ədəbiyyatda yetişib gəlmişəm. Gənclərin əlində gəzən kitablarımla, müzakirə olunan mətnlərimlə gəlmişəm. Məni kitablardan oxuyan xalq meydanlarda da qəbul edib. Əlbəttə, meydanda yetişən başqa adamlar da var. O dövr xüsusi bir dövr idi. Millətin həmrəy olduğu bir zaman idi. O dövrdə yetişən adamların milli duyğuları tamam başqadır. Bunu heç nə əvəz edə bilməz. O dövrü görməyən, bilməyən, yaşamayan adam düzgün qiymət verə bilməz.

– Gənc deputat Bəhruz Məhərrəmov kimi…?

-Bəli, o, meydan hərəkatını şou adlandırmışdı. Millətin işğalçılara qarşı birləşib, meydanlara çıxmasına belə qiymət verən adam haqqında nə danışmaq olar ki?! Onun da cavabını vermişəm. Bu cavab o cür düşünənlərə bir dərs olmalıdır. Rəsulzadəyə, Azərbaycan Xalq Cümhuriyyətinə, Xalq hərəkatına dil uzatmaq günah deyil, artıq cinayətdir. Bu gün bizim müstəqil dövlətimiz varsa, bunun təməlində həmin tarix, həmin yol dayanır. O ayrı məsələdir ki, 1992-ci ildə hakimiyyətə gələn qüvvələrin müəyyən yanlışlıqları oldu. Bu ayrı məsələdir, xalq hərəkatı isə başqa məsələdir. Avropa universitetlərində təhsil alanlar, “Meydan Universiteti”ni bitirənlərə tay ola bilməz.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki