Revanşistlər MÜHARİBƏYƏ hazırlaşır – Sentyabrın 15-dən…

image-770ee97c1b414da199a667641af4aed5_1722664895-fullbackend
Bir aya sülh sazişini imzalamağa “hazır olduğunu” iddia edən Nikol Paşinyan “pərdə arxasında” savaş tədarükü görür; rəsmi İrəvanın təhlükəli oyunu ona baha başa gələ bilər; deputat və hərbi ekspertdən ilginc açıqlamalar

Ermənistanda ehtiyatda olan hərbi vəzifəlilər növbəti toplanışa çağırılıb.

Busaat.az-ın “Sputnik-Armenia”ya istinadən məlumatına görə, bu barədə hökumət qərar verib. Bildirilib ki, əsas məqsəd onların döyüş hazırlığının, eləcə də hərbi bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

Məlumata görə, toplanış 15 sentyabrdan 15 dekabra qədər, yəni 3 ay davam edəcək. Bu arada Ermənistan müdafiə nazirinin birinci müavini, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryanın rəhbərlik etdiyi nümayəndə heyəti Londonda quru müharibələrinin aparılmasına həsr olunmuş illik konfransda iştirak edib. Məlumata görə, konfransın məqsədi müharibənin yerüstü sektorunda mövcud olan təhdidləri, onlarla mübarizənin mümkün yollarını öyrənmək, həmçinin bu istiqamətdə tərəfdaş qərarları və son hərbi-siyasi və sənaye hadisələri ilə tanış olmaq olub. Qeyd olunur ki, konfrans çərçivəsində Asryan Britaniya ordusunun Baş Qərargah rəisi, general Roland Uokerlə görüş keçirib. Tərəflər müdafiə sahəsində ikitərəfli əməkdaşlığın mövcud çərçivəsini və onun gələcək inkişafı imkanlarını müzakirə ediblər. Belə çıxır ki, Britaniya da erməni ordusunun qurulmasına hansısa şəkildə kömək edir? Nəzərə alanda ki, İrəvan həm də bəzi xarici havadarları hesabına sürətlə silahlanmaqda, ABŞ və Fransa ilə ortaq təlimlər keçirməkdədir, hətta Pentaqon nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində oturması barədə anlaşma var, o zaman vaxtaşırı və uzun müddətli keçirilən hərbi toplanışlarda əsas hədəf nədir – yeni və işğalçı müharibəyə hazırlıqmı? Belə toplanışların əhəmiyyəti. Azərbaycanda da belə tədbirlər keçirilirmi? Nəhayət, müasir müharibələrdə canlı qüvvə, yoxsa müasir texnika həlledici önəm daşıyır?

Beləliklə, bir sıra xarici havadarları hesabına ölkəsini sürətlə silahlandıran, ABŞ və Fransa ilə ortaq təlimlər keçirən, hətta Pentaqon nümayəndəsinə Ermənistan Müdafiə Nazirliyində vəzifə verən Nikol Paşinyan hökuməti eyni zamanda, ölkədə tez-tez hərbi mükəlləfiyyəti olanların uzun müddətli toplanışlarını təşkil edir. Musavat.com-un məlumatına görə, erməni mediası yazıb ki, Qarabağdakı keçmiş separatçı-quldurların qanunsuz silahlı birləşmələrinin “komandanı” Kamo Vardanyan təzəlikcə Ermənistan müdafiə nazirinin müşaviri təyin edilib. “General” Vardanyan məlumatı təsdiqləyib. Kamo Vardanyan 2021-ci ildə separatçıların “komandanı” olub. 2023-cü ilin sentyabrında ordumuzun uğurlu antiterror əməliyyatı zamanı separatçıların lideri Samvel Şahramanyanla birgə Ermənistana qaçıb. Ermənistanın savaş hazırlıqlarını təsdiqləyən daha bir fakt: Vardanyanın müşavir təyin olunduğu müdafiə nazirliyində iyulun 18-dən Pentaqon təlimatçısı (ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi) işə başlayıb. Rəsmi məlumata görə, ABŞ-ın dəstəyində məqsəd Ermənistana döyüşkən ordu qurulmasında kömək etməkdir. Kimə qarşı? Məlum məsələdir. Belə çıxır, dövlətimiz və xalqımıza qarşı cinayətlər törətmiş bu separatçı ünsür indi də Pentaqonun birbaşa təlimatlarını alacaq? Beləliklə, “bir aya sülh imzalaya bilərik”, nağılını uyduran N.Paşinyan paralel şəkildə müharibəyə hazırlaşır.

Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, bu cür hərbi toplanışlar, çox ölkələrdə, o sıradan bizdə də olur: “Açığı, mən burada ehtiyatlanası nəsə görmürəm. Ancaq Qərbdəki bəlli çevrələrin Ermənistanı revanşizmə bizim qonşuluğumuzdakı bəzi böyük dövlətlərdən heç də az həvəsləndirmədikləri və hətta bu yöndə onlardan daha çox canfəşanlıq etdikləri danılmazdır. Burada ən təhlükəli olan hərbi toplanışlar yox, VOMA kimi hay gənclərinə hərbi təlim keçirilən terrorçu qruplaşmaların yaradılmasıdır ki, onların da əksəriyyəti məhz Qərbdən maliyyələşir. Qərbdəkilər 2006-cı ildəki İsrail-Livan savaşından sonra bu cür qruplaşmaların ordu hissələrindən daha effektli olduğunu gördüklərindən onlara diqqəti artırıblar və terror ənənəsi olan hay toplumunda belə qruplaşmalar formalaşdırmaq elə də çətin deyil. Yəni deməyim odur ki, biz bu regionda qarşıdurmanın qalmasında maraqlı olanların təkcə Ermənistan ordusuna verdikləri hərbi dəstəyi, onlara təlim keçməyi, təlimatçıyla təmin etmələrini yox, VOMA tipli qruplaşmalarla əlaqələrini diqqətdə saxlamalıyıq. Çünki gələcəkdə daha çox onlardan faydalannmağa çalışılacaq”.

Böyük Britaniya ilə Ermənistan arasında hərbi əməkdaşlığa gəldikdə, S.Alıyev bəzi məqamlara diqqət çəkdi: “Bilirsiniz, əslində qərbdəki böyük dövlətlər Birinci Dünya Savaşından sonra bizim regiona yanaşmada hansı siyasəti yeridirdilərsə, yenə o cür çıxış edirlər. Və mümkündür ki, o zaman olduğu kimi, indi də tərəfdaş seçimində hansısa mövqe dəyişikliyinə yol versinlər. Ancaq bütövlükdə götürdükdə, Baronessa Koks kimi tipləri nəzərə almasaq, Böyük Britaniyanın Azərbaycanla Ermənistan arasında qarşıdurmaya yanaşması ABŞ və Fransanınkından həmişə fərqlənib. Xatırladım ki, ötən əsrdə də həmən böyük dövlətlər içərisində Azərbaycana yanaşmada Böyük Britaniya daha ədalətli davranmışdı. Məhz Londonun təqdimatı ilə 1920-ci ilin 11 yanvarında Antanta Dövlətlərinin Ali Şurası Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini tanımaq haqqında qərar qəbul etdi. Məhz Londonun dəstəyi ilə Azərbaycan Paris Sülh Konfransına buraxıldı. Böyük Britaniyada da yaxşı bilirlər ki, biz bunu heç vaxt unutmadıq”.

Deputat bu məqamda bir faktı da xatırlatdı: “1918-ci ilin 17 noyabrında Britaniya hərbçiləri Birinci Dünya Savaşında qələbə çalan dövlətlər – Antanta adından Bakıya gəldi və elə həmən gün general Tomson burada Britaniya Neft Administrasiyası adlanan quruma başçı təyin edildi. Bu Neft Administrasiyasının niyə yaradıldığı və nədən ləğv edildiyi yəqin sirr deyil. Qırmızı Ordunun Azərbaycanı işğalından sonra bizim neftimiz üzərində ancaq Moskva inhisarçı ola bilərdi. Ancaq Azərbaycana müstəqillik əldə edən kimi Xəzərin karbohidrogen ehtiyatlarının birgə istismarında ən çox əməkdaşlıq etmək istədiyimiz ölkə məhz Böyük Britaniya oldu. Və biz bu istəyimizi ”Əsrin Müqaviləsi” və sonradan imzalanan digər sənədlərlə reallaşdırdıq da. Yəni Azərbaycan – Böyük Britaniya tərəfdaşlığının əsrin sınağından çıxdığını deyə bilərik və düşünmürəm ki, Londonda bu reallığı görməzdən gəlsinlər”.

Hərbi ekspert Ədalət Verdiyev isə bildirdi ki, Ermənistanın son həftələrdə çox sayda təxribatlar törətməsi və hücum silahları əldə etməsi yaxın perspektivdə bu ölkənin genişmiqyaslı təxribatlar törədə biləcəyindən xəbər verir: “Bu barədə ictimaiyyət dəfələrlə biz tərəfindən məlumatlandırılıb. Digər tərəfdən isə hər ilin sentyabr ayı gələndə mütləq və mütləq Ermənistan tərəf qeyri-adekvat addımlar atır, davamlı olaraq təxribatlarının miqtyasını məhz sentyabr ayında genişləndirir. Bu il də yenə sentyabr ayında Ermənistanın təxribatlar törədəcəyi ehtimalı böyükdür. Bunu biz Ermənistan ordusunun davranışlarına diqqət yetirməklə deyə bilərik. Ermənistanda, xüsusilə də Naxçıvan və Kəlbəcər istiqamətində genişmiqyaslı təxribatların ola biləcəyini ehtimal edə bilərik”. Britaniya ilə Ermənistanın münasibətlərinin münasibətlərinə gəldikdə, hərbi ekspert xatırlatdı ki, hazırda Ermənistan öz ərazisində həm İran, həm Fransa, həm ABŞ təlimatçılarının fəaliyyətinə, həm Hindistanın hərbi attaşe institutunun yaradılmasına şərait yardırsa, belə olan vəziyyətdə Britaniyanın da bu proseslərdən kənarda qalacağını düşünmək doğru olmazdı. Mənə elə gəlir ki, məhz Böyük Britaniya da zəif immunitetə malik Ermənistan ərazisinə yerləşmək üçün rəsmi İrəvanla müəyyən əlaqələr qurmaqda maraqlıdır”. Ə.Verdiyev qeyd etdi ki, ABŞ, Fransa ilə keçirilən ortaq hərbi təlimlər fonunda Britaniyanın tarixən Cənubi Qafqazdakı proseslərdən kənarda qalacağını düşünmək doğru olmaz: “Digər tərəfdən isə Britaniya Ermənistan hakimiyyətinə daim aşkar və gizlin təsir imkanlarına malik olub. Əvvəlki Ermənistan prezidentinin də Britaniya ilə əlaqələri hamımıza yaxşı məlumdur. Ona görə də Britaniya Ermənistana təsir mexanizmlərini etirmədiyini ortalığa qoyur. Ermənistan gərginliyin artacağ gözlənilən sentyabr ayından başlayaraq, soyuq qış fəslinədək əlində əlavə qüvvələr saxlamaq, bu mənada hərbi toplanış adı altında topladığı heyətdən istifadə etmək niyyətindədir.   Digər tərəfdən isə Ermənistan ordusunda çox sayda vakant vəzifələrin olduğunu bilirik. Toplanışa cəlb olunan heyətə yəqin ki, toplanış sonunda bəzi vəzifələrdə xidmət etmək təklifləri veriləcək. Əgər təxribatlar Ermənistan üçün uğurla başa çatarsa, yəni itkilər çox da böyük olmazsa, o zaman hərbi təlimlərə cəlb edilən heyətin bir hissəsi fərari erməni ordusu sıralarında xidmətinə davam edəcək”.

Ə.Verdiyev qeyd etdi ki, Azərbaycan ordusunda da bu tip təlimlər keçirilir: “Onların intensivliyi Vətən Müharibəsindən sonra kifayət qədər artıb. Amma biz bu təlimləri daha qısa müddətdə həyata keçiririk. Yəni üç ay çəkmir, bir ay ərzində biz bu prosesləri yekunlaşdırırıq. Digər qoşun növlərində tərxis olunmuş heyətlər Müdafiə Nazirliyinin planına uyğun olaraq təlimlərdə iştirak edir. Bu təlimlər ehtiyatda olanların bilik və bacarıqlarının, peşə vərdişlərinin artırılmasına xidmət edir”. Ekspert bildirdi ki, müasir müharibələrdə canlı qüvvə daha böyük rol oynayır: “Texnika zatən, hər yerdə eynidir. Məsələn, avtomat müxtəlif ölkələrdə istifadə olunur, eyni silahı erməni əsgəri də əlində tuturdu, Azərbaycan əsgəri də. Söhbət o silahdan, texnika, vasitə və avadanlıqdan istifadə edən şəxsi heyətin peşəkarlıq səviyyəsindən, onun vətənpərvərlik hisslərindən, torpağa, Vətənə bağlılığından asılıdır. Hərbçi nəyin uğrunda savaşdığını, canını qurban etdiyini bilməli, bu ideyaların haqlı olduğuna əmin olmalıdır. Belə əminlik olmadısa, nə o əsgərdən, nə müharibədən, nə də silahdan xeyir-bərəkət gözləməyə dəyməz. Biz bunu həm Ermənistanın, həm Rusiya ordusunun Ukraynadakı, həm də ABŞ ordusunun Əfqanıstandakı fəaliyyətlərindən çox gözəl bilirik”.

Beləcə, bir aya sülh sazişini imzalamağa “hazır olduğunu” iddia edən Nikol Paşinyan “pərdə arxasında” savaş tədarükü görür. Amma bu kimi oyunbazlıqlar rəsmi İrəvana baha başa gələ bilər, Azərbaycan Prezidenti Ermənistana və onun havadarlarına xəbərdarlığını dəfələrlə edib: “Peşman olacaqlar!”  “Yeni Müsavat”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki