
Rusiyadan vacib Türkiyə açıqlaması: "Qaz mərkəzinin detalları üzrə danışıqlar aparılır"
“Türk axını” təbii qaz boru kəmərində həcmi artırmaq üçün potensial var, Türkiyədə qaz mərkəzinin yaradılması və təbii qazın nəqli üçün danışıqlar davam etdirilir.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Kremlin sözçüsü Dmitri Peskov verib.
Peskov Türkiyənin Rusiya qazını idxal edən əsas ölkələrdən biri olduğunu vurğulayıb. Türkiyə və Rusiyanın “Türk axını” təbii qaz boru kəməri ilə bağlı planlarının olduğunu qeyd edən Peskov, “Türk axınının lazım gələrsə, həcmi artırmaq üçün əhəmiyyətli potensialı var” – deyə, açıqlayıb.
Türkiyənin Qərb ölkələrindən fərqli mövqe tutduğunu və vasitəçilik etmək imkanına malik olduğunu vurğulayan Peskov qeyd edib: “Türkiyə ölkəmizlə davam edən ticari və iqtisadi əlaqələr baxımından öz milli maraqlarını önə çəkir, onlar Rusiya əleyhinə heç bir sanksiyada iştirak etməyiblər. Bu həm türk xalqı, həm də ikitərəfli münasibətlərimiz üçün faydalıdır”.
Peskov Türkiyə ilə Rusiya arasında qaz nəqli ilə bağlı danışıqların davam etdiyini bildirib və əlavə edib: “Çox formatlı əməkdaşlıq daimi təmas deməkdir, ona görə də Türkiyə ilə görüşməyə davam edirik və edəcəyik”.
Rusiya qazında mümkün qiymət endiriminə toxunan Peskov təbii qaz ticarətində qlobal konyukturanın olduğunu və hər kəsin bunu məqbul qarşıladığını bildirib. Peskov Türkiyədə təbii qaz mərkəzinin yaradılması ilə bağlı detalları açıqlayıb:
“Detallar üzərində iş gedir. Biz bilirik ki, burada qaz satışının çox mühüm əhəmiyyəti olacaq. Bu detallar aydınlaşdıqca, layihənin konturlarını görəcəyik”.
Busaat.az























