
Rusiyapərəst bloger və “Sputnik Ermənistan”ın müxbiri 72 saat saxlanılıb
Ermənistan İstintaq Komitəsi rusiyapərəst bloger Mikael (Mika) Badalyan və “Sputnik Ermənistan”ın jurnalisti Aşot Gevorkyanı 72 saat saxlayıb.
Busaat.az xəbər verir ki, bu barədə Gevorkyanın vəkili Liana Qriqoryan jurnalistlərə bildirib.
“Aşot Gevorkyan və Mikael Badalyan Qoris şəhərinin İstintaq İdarəsində saxlanılır. Onlar 72 saatlıq həbs olunublar”, – o deyib.
Vəkil hesab edir ki, onların irəli sürülən ittihamlarla heç bir əlaqəsi yoxdur.
Müstəntiqlər Badalyan və Gevorkyanı qanunsuz silah saxlamaqda şübhəli bilirlər. Yerli media onların avtomobilindən silah tapıldığını qeyd edib.
Rusiyanın Beynəlxalq Humanitar Əməkdaşlıq Agentliyinin rəhbəri Yevgeni Primakov cümə axşamı Telegram-da yazıb ki, Badalyan Ermənistanın cənubundakı Qoris şəhərində itkin düşüb. Rusiya rəsmisinin sözlərinə görə, Badalyan sentyabrın 6-da yerli vaxtla təxminən saat 21:00 radələrində Qorisdəki otelin yaxınlığında naməlum maskalı şəxslər tərəfindən oğurlanıb.
“Mən çox narahatam. Badalyan artıq həbs edilib və hətta bir çox insanların siyasi motivli hesab etdiyi ittihamlarla həbsxanada bir müddət yatmağa məcbur olub”, – Primakov söyləyib.
O, həmçinin bildirib ki, bloqer yoxa çıxmazdan bir gün əvvəl radio verilişində iştirak edib və Ermənistan hökumətini anti-Rusiya siyasətinə görə tənqid edib.
“Mən Ermənistan Respublikasının müvafiq xidmətlərindən məsələni dərhal həll edəcəklərini və Mikael Badalyanın taleyi və təhlükəsizliyi ilə bağlı hərtərəfli və şəffaf cavab verəcəklərini gözləyirəm”,- Primakov deyib .























