RUSİYAYA QARŞI SANKSİYALARA QOŞULMAQ AZƏRBAYCAN ÜÇÜN BÖYÜK FƏLAKƏTLƏR DOĞURAR!

image-media-1645619909_rusiya-76ybn3-jpgbackend

Qərb sanksiya məsələsində də prinsiplərinə xəyanət edir

I YAZI

Son günlərdə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında “Türk şahinləri”nin – Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların, “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan təyyarələrin paytaxtımızın səmasında müxtəlif aviaşoular nümayiş etdirməsi, “Bayraktar TB2” və “Akınçı” pilotsuz uçuş aparatlarının manevrləri göz və könül oxşayır. Lakin Qərbin Azərbaycandakı V kolonu bu faktın özündən belə ictimaiyyətin gözünü qorxutmaq üçün istifadə edir. Əfsuslar olsun ki, qərbçi-liberal düşüncəli V kolonun komplo teorisinin təsirinə düşənlərin sırasında ağlı başında olan insanlar da var. Liberalların trendə çevirdiyi son günlərin şüarı budur: Rusiyanın Ukraynadan sonrakı hədəfi Azərbaycandır! Guya həqiqətən belə bir ciddi təhdid var və Türkiyə qırıcılarının Bakı səmasında aviaşousu məhz bu təhdidə qarşı qabaqlayıcı tədbirdi.

Liberalların əsassız “Azərbaycana Rusiya təhdidi” iddiası

Cənablar, əfəndilər, bəylər, xanımlar, bəhs etdiyiniz məsələ sadəcə bir festivaldı, onun arxasında geopolitik maraqlar axtarmaq, hansısa kənar təhdidə qarşı qabaqlayıcı tədbirlər planı kimi görmək ən yaxşı halda sadəlövhlükdür. Əgər bu festivalın arxa planında nəsə axtaracaqsınızsa, o zaman bunu “Rusiya təhlükəsi” faktoru kimi görməkdənsə, Brüssel danışıqlarından sonra Ermənistanı tez zamanda sülh prosesinə məcbur etmək planı kimi alqılamaq daha ağlabatan və məntiqli olardı.

İddia edilən bu komplo teorisinə aydınlıq gətirmələri, cəmiyyətin istinad etdikləri kəsimini ikna etmələri üçün qarşı tərəfə bir neçə sual ünvanlamaq ehtiyacı duyulur:

 

Sual 1: Rusiya Azərbaycanı niyə hədəfə almalıdır, bunu gərəkdirən səbəblər nədir?

Sual 2: Brüssel danışıqlarından sonra “Zəngəzur dəhlizi” kimi önəmli əhəmiyyət daşıyan bir layihənin gerçəkləşdirilməsi ehtimalı daha da yüksəlib. Bu layihədə ən çox maraqlı olan tərəflərdən biri də məhz Rusiyadır. Şimal qonşumuz bu dəhliz vasitəsilə bütün Yaxın Şərqə, hətta Afrikaya birbaşa quru yol əldə edir. Rusiya ona çox böyük – həm iqtisadi, həm də siyasi dividentlər gətirəcək bu meqalayihədən niyə imtina etsin, niyə onun reallaşmasına maneçilik törədəcək addımlar atsın?

Sual 3: Ukraynadakı savaşın ilk günlərindən etibarən həm Azərbaycan, həm də qardaş Türkiyə liberal Qərbin bütün basqılarına rəğmən, işğala məruz qalan ölkə kimi Ukraynanın ərazi bütövlüyü, suverenliyi barədə rəsmi mövqe ortaya qoysalar da, bitərəfliliklərini qoruyub saxlamış və tərəflər arasında sülhə nail olmaq üçün hər imkandan istifadə etməyə çalışıblar. Yəni Qərbdən fərqli olaraq, savaşın bitməsi əsas prioritet olaraq seçilib. Həmçinin həm Türkiyə, həm də Azərbaycan Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmayıb. Mübaliğəsiz olaraq demək olar ki, bu iki qardaş ölkə Rusiya üçün nəfəslik rolunu oynayır və onun bitərəf dünyaya çıxış qapısıdır. O zaman belə bir sual ortaya çıxır ki, Rusiya Azərbaycana ehtimal edilən müdaxiləsi ilə bu qapını niyə bağlasın?

Dəyərli dostlar, bu cür adekvat sualları istənilən qədər sıralamaq olar. Ancaq bu sualların heç birinin qarşı tərəfin lehinə olacaq məntiqi cavabı yoxdu. Tərəddüdsüz olaraq deyə bilərik ki, Rusiyadan bizə qarşı heç bir təhdid gözlənilmir, çünki bu, ilk növbədə onun özünün ziyanınadır. Biz zatən Rusiyanın ziyanına olan heç bir prosesdə iştirak etmirik, normal qonşuluq münasibətlərini qoruyub saxlayırıq, hər kəslə bərabər məsafədə dururuq. Bu, şimal qonşumuzun da istəyinə uyğundur və bizdən daha artığı da tələb olunmur.

Bəs, elə isə, “Rusiya Azərbaycanı təhdid edir”“bir sonrakı hədəf Azərbaycandır” sayaq dezinformasiya xarakterli tezisləri gündəmə çıxarıb, ictimaiyyətdə qorxu və təlaş yaratmaqda məqsəd nədir? Hesab edirəm ki, bu sualın məntiqli cavabını ala bilməmiz üçün özünü ana müxalifət hesab edən AXCP-nin sədri Əli Kərimlinin son statuslarından birinin arxasında gizlənən məkri anlamaq lazımdır. Liberal V kolon hər vəchlə çalışır ki, Rusiya-Azərbaycan münasibətləri pozulsun, tərəflər arasında gərginlik yaransın və Cənubi Qafqaz yeni bir münaqişə ocağına çevrilsin. Guya bununla Rusiyanın müqaviməti sındırılacaq və onun tam məhvi üçün çox böyük addım atılacaq. Bu çirkin planın şerçəkləşməsi üçün Azərbaycanın gözdən çıxarılması, qurban seçilməsi Kərimli kimi V kolon nümayəndələrini əsla narahat etmir. Ən yaxşısı, gəlin sözü verək cənab Kərimlinin özünə…

Əli Kərimlinin yalançı faktlara dayanan məkrli iddiası

AXCP sədri yazır: “İlham Əliyev “müttəfiqi” Putini qorumaq, Rusiyanın iqtisadi çöküşünü önləmək üçün əlindən gələni edir. Tətbiq olunmuş beynəlxalq sanksiyalar Rusiya iqtisadiyyatını ciddi şəkildə sarsıdır. ABŞ Rusiyaya ixracatını 5 dəfə, Fransa 3 dəfə, Niderland 3 dəfədən artıq, Almaniya 2,3 dəfə, İtaliya 2 dəfə, bütövlükdə Avropa Birliyi 55 faiz azaldıb. Dünyanın əksər ölkələri Rusiya ilə ticarət dövriyyəsini azaldıb. Hətta Rusiyanın əsas ümid yeri olan Çin belə, beynəlxalq sanksiyaları pozmaqdan ehtiyatlanaraq, Rusiyaya mal ixracını 26 faiz azaldıb. Ancaq belə bir şəraitdə Rusiya-Azərbaycan ticarət dövriyyəsi bu ilin aprelində ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artıb. Əvvəlki yazılarımın birində qeyd etmişdim: beynəlxalq sanksiyalar üzündən iqtisadiyyatına ildə 18 milyard dollar zərər dəyən Belarusla da Azərbaycan bir ildə ticarət dövriyyəsini iki dəfəyədək (1,9 dəfə) artırıb. İlham Əliyevin Lukaşenko və Putinə dəstəyi onların ortaq avtoritar dünyagörüşlərilə bağlıdır. Əliyev ətrafdakı avtoritar rejimlərin sürətli çöküşündən qorxur və prosesi ləngitmək üçün əlindən gələni edir. Ancaq hər zaman olduğu kimi bu dəfə də şəxsi maraqlarına görə ölkənin milli maraqlarını zərbə altına qoyur. Yaxşılıq deyil ki, əllərindən gəlməyə”.

 

Elə son cümlədən başlayaq: Kərimlinin əlindən sözün hər mənasında yaxşılıqdan başqa nə desən gəlir – marijinal maraqları naminə yalan söyləmək, böhtan atmaq, şantaj etmək, publikaya oynamaq, milli və dövlət maraqlarını xarici güclərin maraq və istəyi doğrultusunda zərbə altında qoymaq, ictimai rəyə təsir edə bilmək üçün hətta ölkədə siyasi xaos yaratmaq və s. Bütün bunlar özünü baş müxalifətçi hesab edən şəxsin siyasi fəaliyyətinin əsas konturlarıdı.

İndi qayıdaq Əli Kərimlinin statusunun başlanğıcına. O, Rusiya Federasiyasının prezidenti Putini İlham Əliyevin “müttəfiqi” hesab edir. Tamam, anladıq, bu iki siyasi lider müttəfiq ola bilərlər və bu, təbii siyasi prosesdi. O ayrı məsələdi ki, Əli Kərimli bu müttəfiqliyi bəyənməyə bilər və buna qarşı müxalif mövqe sərgiləyər. Bu da onun doğal siyasi haqqıdı. Ancaq “müttəfiq” sözünün niyə dırnağa alındığı anlaşılan deyil. Bu nə dilimizin qrammatik qaydalarına uyğundu, nə bir siyasi mahiyyət daşıyır, nə də etikaya sığır. Bu, sadəcə, publikaya oynamaqdı, siyasi cılızlıqdı, başqa heç nə deyil. O, guya öz aləmində mövcud Rusiya-Azərbaycan münasibətlərinə ironiya edir və bu sözü dırnaq arasına almaqla bu münasibətlərin nə qədər təhlükəli bir proses olduğunu diqqətlərə çatdırır, istinad etdiyi kütləyə fikrinin təsir gücünü artırır. Lakin yanılır! Çünki Azərbaycan onun 5-10 minlik troll ordusundan ibarət deyil, 10 milyonluq kifayət qədər böyük bir ölkədir. Və bu insanların içərisində Əli Kərimlinin yalan üzərində qurduğu təbliğatı puç edə biləcək xeyli sayda insan var.

Əlahəzrət faktlar

Xülasə, gələk faktların üzərinə. Əli Kərimli yazır ki, beynəlxalq sanksiyalar Rusiya iqtisadiyyatını ciddi şəkildə sarsıdır, ancaq Azərbaycan öz “müttəfiqinin” iqtisadi çöküşünü önləmək üçün əlindən gələni edir. O, bu məsələdə tam olmasa da, müəyyən qədər haqlıdı. Əvvəla, sanksiyalar Rusiyanı heç də sarsıtmır, əksinə, bu sanksiyaları tətbiq edənlərə daha çox iqtisadi və siyasi təsirlər göstərir. O ki qaldı, Əli Kərimlinin təbirincə desək, Azərbaycanın öz “müttəfiqinə” yardım göstərməsi faktına, beynəlxalq siyasətdə prinsiplərə sadiqlik və ədaləti qorumaq kimi önəmli kriteriyalara sahib olması Azərbaycana həmişə müsbət divident gətirib. Nədən biz bu üstün keyfiyyətlərimizdən imtina etməliyik? Azərbaycan açıq şəkildə bəyan edir ki, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini tanıyır. Ancaq bununla belə, onu da qeyd edir ki, hər hansı sanksiya əsla böhrandan çıxış yolu deyil və biz kimlərinsə marağı doğrultusunda öz maraqlarımızdan imtina etməyəcəyik. Bəs, Əli Kərimlinin öyüb bitirə bilmədiyi Qərb ölkələri nə edir? Özləri sanksiya tətbiq edir və özləri də bu qərarlarına əməl etmir.

Rusiyaya sanksiya tətbiq edən Qərb ölkələrinin öz qərarlarına əməl etməməsi Əli Kərimlinin sözlərindən də açıq görünür. Məsələn, “ABŞ Rusiyaya ixracatını 5 dəfə, Fransa 3 dəfə, Niderland 3 dəfədən artıq, Almaniya 2,3 dəfə, İtaliya 2 dəfə, bütövlükdə Avropa Birliyi 55 faiz azaldıb” nə deməkdir, bunu necə anlayaq? Niyə tam dayandırmayıblar? Niyə bu sanksiyalar əsasən Rusiyaya ixrac edilən mallara tətbiq olunur? Niyə həmin ölkələrin Rusiyadan idxal etdikləri mallar demək olar ki, sanksiyalardan kənar qalıb? Niyə Rusiya ona mal ixrac etməkdən imtina edən ölkələrə hələ də mal göndərir? Hakimiyyətə iddialı Əli Kərimli niyə bu suallara cavab vermədən, ağına-bozuna baxmadan “Azərbaycan Rusiyaya tətbiq olunan iqtisadi-siyasi sanksiyalara qoşulmalıdır” fikrini beyinlərə yeridir?

Dəyərli dostlar, bu yazıda bütün bu suallara cavab tapacaqsınız… İlk əvvəl onu deyim ki, cənab Kərimlinin istinad etdiyi rəqəmlər Census Bureau (bundan sonra yazıda CB kimi qeyd edəcəyik, ABŞ-ın Statistika Komitəsidir) adlı təşkilatın hesabladığı rəqəmləridir. Biz də həmin o təşkilatın analoji statistikasına əsaslanacağıq.

 

CB-nin məlumatına görə, ABŞ-dan Rusiyaya ixrac edilən mal dövriyyəsi 2022-ci ilin mart ayında əvvəlki aya nisbətən təxminən 5 dəfə azalıb. İlk baxışda bu, dəhşətli bir rəqəm kimi görünür – BEŞ DƏFƏ! Əli Kərimli də publikanı çaşdırmaq üçün bu rəqəmin vahiməsini yaradır. Bəs, əslində, vəziyyət necədir? O zaman konkret rəqəmlərə baxmalıyıq. Bu ilin fevral ayında ABŞ-dan Rusiyaya ixrac edilən ümumi mal dövriyyəsi 497,5 milyon dollar təşkil edib. Mart ayında isə bu, təxminən 5 dəfə azalaraq, 101,1 milyon manat olub. Rusiyanın 1 aylıq xarici ticarət dövriyyəsi təxminən 70 milyard dollardı. ABŞ-ın Rusiyaya ixrac etdiyi malların həcmi (aylıq 500 milyon dollar) ümumi dövriyyənin heç 0,2 faizini də təşkil etmir. Bu kiçik rəqəm Rusiya iqtisadiyyatını necə çökdürəcək?

Situasiyanı tam olaraq qavramamız üçün məsələyə fərqli aspektdən də yanaşa bilərik. CB məlumat verir ki, mart-aprel aylarında ABŞ-ın Rusiyaya ixracına qadağa qoyduğu əsasən lyuks yaşayış üçün nəzərdə tutulan mallardı: bahalı içkilər, parfumeriya, bahalı qadın çantaları, qiymətli zinət əşyaları, dəyərinə baha biçilməz qol saatları və avtomobillər. Bir rus üçün yarım litrlik likyor və yaxud viskiyə 1000 dollar xərcləməməsi onu nəinki çökdürməz, əksinə, mal varlğını artırar. Putinin sevgilisi qoluna bahalı amerikanski dəri çanta keçirməsə də olar, barmağına 50 min dollarlıq brilyant qaşlı üzük taxmasa da, vallah, dünya dağılmaz…

ABŞ-dan Rusiyaya ixrac olunan avtomobillərin sayında da azalma var, çünki bu sahə də sanksiyalara məruz qalıb. Əgər fevral ayında Rusiya 80 milyon dollarlıq Amerikan model maşınlar almışdısa, mart ayında bu rəqəm 20 milyon dollar təşkil edib. Yəni bir rus “Ford” deyil, “Lada” markalı maşında gəzsə, bu, Rusiya iqtisadiyyatına nə dərəcədə təsir göstərər?

 

Bəs, Rusiyadan ABŞ-a mal ixracı ilə bağlı vəziyyət nə yerdədi? CB-nin statistik rəqəmlərinə görə, burada vəziyyət tam əksinədi. Belə ki, fevral ayında Rusiyadan 2 milyard 578 milyon dollarlıq mal idxal edən ABŞ, sanksiyalara rəğmən, mart ayında bu rəqəmi 6,5 faiz artıraraq, 2 milyard 750 milyon dollara çatdırıb. Artan idxal məhsulları isə əsasən bunlardı: neft və neft məhsulları, gübrələr, qara metal, almaz, platin, kosmik raketlər üçün mühərriklər və s. və i. İstisnasız olaraq hamısı strateji əhəmiyyət daşıyan məhsullardı.

Bütün bu faktlardan göründüyü kimi, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar tam gücü ilə işə düşsə belə, bu, nəinki Rusiyanı zəiflətməz, əksinə, rəqibləri qarşısında o, mühüm közırlar əldə edər. Təsəvvür edin, Rusiya Amerikaya kosmik raketlər üçün mühərriklərin idxalına embarqo qoyur. Nəticə bilirsiniz nə olar? NASA çökməsə də, dərin bir böhranın içərisinə girər. CB-nin məlumatlarına obyektiv baxış Rusiyanın ABŞ-dan deyil, əksinə, ABŞ-ın Rusiyadan asılılığını göstərir.

Əli Kərimlinin adını çəkdiyi digər ölkələrlə bağlı qarşılıqlı iqtisadi münasibətlər də eyni mənzərəni göz önünə sərir. Rusiya Qərb ölkələrindən strateji əhəmiyyət daşıyan demək olar ki, heç nə almır. Əgər söhbət texnologiyadan gedirsə, şimal qonşumuzun bu yöndə də alternativləri var. İlk olaraq, Rusiyanın Çin kimi nəhəng iqtisadi partnyoru var. İkincisi, o, öz spesifik texnologiyasını yaratmaq üçün hər cür şans və şəraitə malikdi, həm elmi-texniki, həm də maddi baxımdan.

Əli Kərimli bütün bunları bilməmiş deyil. Elə bunları bildiyinə görə də Rusiya-Çin iqtisadi münasibətləri ilə bağlı faktlara deyil, yalana əl atır. O yazır ki, Rusiyanın əsas ümid yeri olan Çin beynəlxalq sanksiyaları pozmaqdan ehtiyatlanaraq, Rusiyaya mal ixracını 26 faiz azaldıb. Bu, yalandı! Həm də ağ yalan!

Bəli, Çin Rusiyanın ən böyük ticarət partnyorudu. Ötən il təxminən 800 milyard dollar təşkil edən Rusiyanın xarici ticarət dövriyyəsində Çin 140 milyard dollarla ilk yeri tutub. Bu o deməkdir ki, Rusiyanın ümumi ticarət dövriyyəsinin 18 faizi Çinlə iqtisadi əlaqələrin payına düşür. Bu, olduqca nəhəng bir rəqəmdi. Mövcud sanksiya qərarından sonra iki ölkə arasındakı iqtisadi əlaqələr daha da genişlənmiş və rekord səviyyəyə çatmışdır.

Rusiya Siyasi Analizlər Mərkəzinin direktoru Pavel Danilin Rosstatın məlumatları əsasında yazır ki, bu ilin ilk 4 ayı ərzində Rusiya ilə Çin arasındakı qarşılıqlı ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz artaraq, 51 milyard dollar səviyyəsinə yüksəlib. Əgər iqtisadi əlaqələr bu templə davam edərsə, illik ticarət dövriyyəsi 200 milyard dollardan çox olacaq. Həqiqətən də olduqca çox böyük rəqəmdir, halbuki nüfuzlu analitiklər iki ölkə arasında ticarət dövriyyəsinin 200 milyard dollar həddinə 2026-cı ildən tez çatmayacağı proqnozunu verirdilər. Göründüyü kimi, Qərbin Rusiyaya qarşı sanksiyaları nəinki ona mane ola bilmədi, əksinə, yeni bazarlar tapdı. Ən əsası isə, ABŞ-ın rəqib olaraq gördüyü iki nəhəng supergüc bir-birinə daha da yaxınlaşdılar.

Cənab Kərimli gah rəqəmlər üzərində manipulyasiya edir, gah da, ümumiyyətlə, saxtakarlığa əl atır. Rəsmi rəqəmlərdən görürük ki, Rusiya-Çin ticarət əlaqələrində 26 faiz artım olub, o isə bu faizi azalma kimi qələmə verir və dolaşıqlıq olsun deyə, bu azalmanı Çinin Rusiyaya əmtəə ixracı kateqoriyasına aid edir. Yəni insanlar ilk baxışda düşünə bilər ki, Çin də ABŞ və digər Qərb ölkələrinin tutduğu yolu gedib: Rusiyadan mal idxalını artırsa da, ora mal ixracını azaldıb. Halbuki Çinlə iqtisadi münasibətlərdə hər iki kateqoriya üzrə kifayət qədər yüksək artım nəzərə çarpır: Rusiyanın Çinə mal ixracı 38 faiz, idxal isə 11 faiz artıb. Həm də Rusiyanın bu ticarət əlaqəsindəki müsbət saldosu 30 milyard dollar təşkil edir, bu templə illik 90 milyard olacaq. Bunun nə demək olduğunu cənab Kərimli yanındakı başarılı iqtisadçı kimi tanıdığım Nemət Əliyevdən soruşsun, əminəm ki, o ona dolğun cavab verər. Qısaca olaraq onu deyim ki, bu, Çin iqtisadiyyatının Rusiyadan asılılığı deməkdir.

Əgər situasiya belədirsə, Çin kimi nəhəng bir ölkə, dünyanın 3-cü supergücü Rusiyaya tətbiq olunan sanksiyalara qoşulmursa, biz nədən qoşulaq? Heç bilirsiniz, bu qərbçi lakeylərin istədiyi gerçəkləşərsə, Azərbaycan da Rusiyaya qarşı iqtisadi-siyasi sanksiyalara qoşularsa, bu nə ilə nəticələnər? Azərbaycan birbaşa fəlakətin içərisinə yuvarlanar – həm iqtisadi, həm də siyasi fəlakət ölkəmizi büsbütün məhv edər. Bu, necə ola bilər? Bax, bu haqda növbəti yazımızda ətraflı şərh verəcəyik. Bizi izləyin…

Ardı var Fərəməz Novruzoğlu

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki