Fevralın 18-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Busaat.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Sonra iki ölkənin parlament sədrləri arasında təkbətək görüş keçirilib.
Görüşdən sonra qonaq Heydər Əliyev xatirə zalındakı eksponatlarla tanış olaraq, buradakı Xatirə kitabına ürək sözlərini yazıb. Daha sonra tərəflər arasında geniş tərkibdə görüş olub.
Belarus parlamentinin sədrini ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova onun rəsmi səfərlə yanaşı, həm də Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etməsini yüksək qiymətləndirib, Azərbaycan və Belarus arasında münasibətlərin səmimiliyə, etimada və dostluğa əsaslandığını diqqətə çatdırıb.
Bildirilib ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 32 il ərzində ikitərəfli əlaqələrdə fundamental ənənələr formalaşıb. Münasibətlərin inkişafında iki ölkənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin mühüm rolunu vurğulayan Milli Məclisin sədri ali və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin və imzalanan 170-dən artıq sənədin əlaqələrin daha da güclənməsinə xidmət etdiyini qeyd edib. Spiker Sahibə Qafarova ölkələrimizin beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq etməsindən, beynəlxalq platformalarda bir-birinə qarşılıqlı dəstək verməsindən məmnunluğunu ifadə edib.
Söhbət zamanı ölkələrimiz arasında əlaqələrə mühüm töhfələr verən parlamentlərarası münasibətlərin mövcud səviyyəsindən razılıqla danışılıb. Spiker Sahibə Qafarova ötən il Belarus Respublikasına rəsmi səfərini və orada keçirdiyi görüşləri xatırlayaraq, qanunverici orqanlarımızın həm qarşılıqlı əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq etdiyini qeyd edib. O bildirib ki, Belarus APA-da müşahidəçi statusu alarsa, bu, çoxtərəfli əməkdaşlığa öz müsbət təsirini göstərəcək. Spiker Sahibə Qafarova Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti və Azərbaycanda keçirilmiş COP29 ərəfəsində bəzi qüvvələrin ölkəmizə qarşı ədalətsiz münasibəti barədə qonaqlara məlumat verib.
Görüşdə Azərbaycanda və Belarusda keçirilən seçkilərində qarşılıqlı olaraq nümayəndə heyətlərinin geniş tərkibdə müşahidəçi qismində iştirak etməsindən razılıqla danışılıb.
Ölkəmizə rəsmi səfərə və APA-nın 15-ci plenar sessiyasında iştiraka dəvətə görə təşəkkürünü bildirən Natalya Koçanova qeyd edib ki, iki ölkənin bugünkü əlaqələri illərin sınağından çıxmış qarşılıqlı münasibətlərə əsaslanır.
O, iki ölkənin iqtisadi, ticarət, mədəniyyət və digər sahələrdə əlaqələrinin yüksək səviyyədə olmasından danışaraq, bu baxımdan parlamentlərarası əlaqələrin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Qonaq Azərbaycanın öz suverenliyini tam bərpa etməsinin Belarusda da sevinclə qarşılandığını deyərək, ötən il və bu il həm Azərbaycanda, həm də Belarusda keçirilən seçkilərin vətəndaşlarımızın ölkə rəhbərliyinə güclü dəstəyinin ifadəsi olduğunu diqqətə çatdırıb.
Natalya Koçanova Azərbaycanla münasibətlərə böyük önəm verdiklərini və bu münasibətləri daha da inkişaf etdirmək əzmində olduqlarını bildirib. Qonaq Belarusun Asiya Parlament Assambleyasında müşahidəçi statusu almağa namizədliyinə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib və bu təşkilat çərçivəsində müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.