Son günlər redaksiyamıza özünü hüquqşünas kimi təqdim edən Xəyal Məmmədovun fəaliyyəti ilə bağlı bir sıra məlumatlar daxil olub.
Məlumatlarda Xəyal Məmmədovun hüquq təhsili, diplomu və peşəkar fəaliyyətini təsdiqləyən sənədlərlə bağlı açıq mənbələrdə kifayət qədər məlumatın olmadığı bildirilir. Bununla yanaşı, onun müxtəlif xarici ölkələrdə təhsil aldığı, müxtəlif vəzifələrdə çalışdığı, şirkətlər və dövlət qurumları ilə əməkdaşlıq etdiyi barədə həqiqətə uyğun olmayan təqdimatlar verdiyi qeyd olunur.
Redaksiyamıza daxil olan iddialara görə, Məmmədov əsasən Azərbaycanda fəaliyyət göstərən və ölkəyə biznes məqsədilə gələn xarici vətəndaşlarla, o cümlədən Türkiyə vətəndaşları ilə əməkdaşlıq edib. İddialara əsasən, bəzi şirkətlərlə əməkdaşlıq başa çatdıqdan sonra həmin şirkətlərdən müxtəlif məbləğlərdə pul tələb edilib.
Tələb olunan vəsait ödənilmədiyi halda şirkətlər və onların rəhbərləri haqqında müxtəlif media resurslarında xoşagəlməz məlumatların yayılması ilə bağlı təzyiq göstərilib. Həmçinin ayrı-ayrı xəbər saytlarının və televiziya kanallarının adından istifadə olunaraq şirkət rəhbərlərinə qarşı təzyiq göstərilməsi və maliyyə tələblərinin irəli sürülməsi barədə iddialar səsləndirilir.
Bu iddiaların “Devin Media” ilə bağlı məsələdə də gündəmə gəldiyi bildirilir. Xəyal Məmmədovun daha əvvəl “Devin Media”da hüquqşünas vəzifəsində çalışdığı açıq mənbələrdə də qeyd olunur.
Redaksiyamıza daxil olan məlumatlara görə, əməkdaşlıq başa çatdıqdan sonra Məmmədov tərəfindən “Devin Media” barədə müxtəlif media qurumlarında mənfi məlumatların yayımlanacağı ilə bağlı təzyiqlər göstərilib və bunun müqabilində pul tələb olunub.
Bundan başqa, onun müxtəlif şirkətlərə qarşı əvvəlki dövrlərə aid videolardan və digər materiallardan istifadə etməklə təzyiq göstərdiyi, həmin materialları xəbər saytlarına və televiziya qurumlarına ötürdüyü də iddia olunur.
Qeyd edək ki, Xəyal Məmmədov hazırda sosial şəbəkələrdə özünü hüquqşünas kimi təqdim edir.









