Salyanda qatarın qadını vurması ilə bağlı cinayət işi açılıb.
Bu barədə Busaat.az-ın sorğusuna cavab olaraq Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, avqustun 16-sı saat 10 radələrində Salyan-Salmanlı dəmiryol xəttinin Salyan şəhəri ərazisindən keçən 45-ci km-də hərəkətdə olan qatarın 1969-cu il təvəllüdlü Səadət Dadaşovanı vurması nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaq aparılır.
Salyanda qatar qadını vuraraq öldürüb.
Busaat.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin “Süd zavodu” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Arbatan kənd sakini, 1969-cu il təvəllüdlü Dadaşova Səadət Azadxan qızı dəmir yolunu keçmək istəyən zaman onu qatar vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq, S.Dadaşovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.