Səbuhi Abbasov: “Kimliyindən asılı olmayaraq, o toyda iştirak edən hər kəs qanun qarşısında cavab verməlidir”backend

Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunub. Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq avqustun 10-dan yumşaldıcı tətbirlərin tətbiq edilməsi barədə qərar qəbul edib. Koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə, kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb. Lakin buna baxmayaraq, bəzi yüksək vəzifəli məmurlar mövcud tələbləri nümayişkəranəşəkildə pozaraq, müxtəlif kütləvi tədbirlər təşkil etmişlər.

Məsələyə münasibət bildirən 7NEWS.az saytının rəhbəri, QHT sədri Səbuhi Abbasov bu hadisənin cəmiyyətdə geniş haqlı narazılığa səbəb olduğunu deyib: “Avqust ayının 18-də keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev açıq şəkildə qanunları ayaq altına atdılar, övladlarına toy mərasimi etdilər. Son 6 ayda biz hüquq-mühavizə orqanlarının bir neçə kütləvi tədbirlərin ifşa etdiyini, səbəbkarların cəzalandırıldığını gördük. Bütün cəmiyyət bu prosesi dəstəklədi və bundan sonra da sərt tədbirlərin görülməsini tələb etdi. Prezident İlham Əliyev demək olar ki, bütün onlayn müşavirələrdə, görüşlərdə, açılışlarda karantin qaydalarına riayət edilməsinin hamı üçün vacib olduğunu deyib və müvafiq tapşırıqlar verib. Məqsəd, təbii ki, xalqımızın bu bəladan az itki ilə tez bir zamanda qurtulmasından ibarət idi. Belə olan təqdirdə akademik Ramiz Mehdiyevin nəvəsinə açıq, nümayişkəranə şəkildə toy etməsi, bütün qanunları ayaq altına atması, yümşaq desək, təxribatdır. Məsələ burasındadır ki, tədbirdə bir çox məmurlar, deputatlar da iştirak ediblər. Hətta onların bəziləri açıqlama verərək xalqı qıcıqlandırmağa, aşağılamağa da cəhd ediblər. Görünən odur ki, bir çox məmurlar, hələ də, ölkə başçısının tapşırıqlarını, mövcud qanunların ciddiliyini dərk etmirlər və yaxud etmək istəmirlər. Hesab edirəm ki, tədbirdə iştirak edən, sosial statusundan asılı olmayaraq, hər kəs qanun qarşısında cavab verməli, hər kəs kimi cəzalandırılmalıdırlar. Ölkədə Prezident və I Vitse-prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatları, müsbət yenilikləri “xərcləmək”, şübhə altına salmaq istəyən hər kəs qanunun ən sərt üzünü görəcəkdir, buna heç kimin şübhəsi olmasın”