Sentyabrdan məktəblər bu qaydalarla açıla bilər (VİDEO)backend

Azərbaycanda sentyabrda ənənəvi formada tədris prosesinin başlanması gözlənir. Ancaq sinif və auditoriyalara, eləcə də təhsil müəssisələrinə daxil olma, həmçinin tədris prosesinin müddəti ilə bağlı ciddi dəyişikliklər edilə bilər.

Busaat.az “Xəzər TV”yə istinadən xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

O deyib ki, bununla bağlı təkliflər paketi hazırlanıb. Onun sözlərinə görə, bütün hallarda sinifdə şagird sıxlığına xüsusi diqqət yetirmək lazımdır. İbtidai siniflərdə şagird sayının 20-dən, digər siniflərdə 15-dən çox olmasına imkan vermək olmaz.

Həmçinin müəllimlərin hər məktəbdə ehtiyat bazasının yaradılması da təklif olunur. Bu, ona kömək edəcək ki, əgər hansısa müəllimin bədən temperaturu qəfil yüksələrsə, onu dərhal əvəz etməyə müəllim tapılsın. Ekspert onu da bildirib ki, siniflərə uyğun olaraq dərs prosesinin müddətinə yenidən baxılması ilə bağlı da təkliflər var.

Bundan başqa, keçirilən fənlər arasında müəyyən ixtisarların aparılması, mahiyyət etibarilə bir-birinə yaxın fənləri birləşdirərək interaktiv dərslərə üstünlük verilməsi də təklif edilir.

Ekspert əlavə edib ki, bütün bunlarla yanaşı, zəruri tibbi-sanitar normalar gözlənməli, məktəblər mütəmadi olaraq dezinfeksiya olunmalıdır.

Qeyd edək ki, mart ayının 3-dən etibarən ümumtəhsil məktəblərində eyni zamanda ali məktəblərdə tədris prosesi dayandırılıb. Məktəblərin nə vaxt açılacağı ilə bağlı hələ ki, rəsmi bir qərar yoxdur.