Siyasətə qarışmayan “McDonald’s”-ın ikili standartları: “Azərbaycanın apardığı ədalətli müharibədə…”

image-mcdonalds-1200x800-gettyimages-1285446341backend

“Ümid edirəm, aidiyyatı qurumlar “McDonald’s” və bu tip qurumların 44 Günlük Müharibə zamanı ölkəmizə qarşı etdiklərini unutmayıblar”.

Busaat.az xəbər verir ki, bunu “McDonald’s” şirkətinin Ukraynaya təcavüzlə bağlı Rusiyanı boykot edərək, bu ölkədə olan 850 restoranını bağlamasına münasibət bildirən Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

 

Onun sözlərinə görə, “McDonald’s” şirkəti siyasətə qarışmadığını vurğulasa da, hazırda atdığı addım qeyri-səmimiliyi açıq şəkildə ortaya qoyur:

image-osmangunduz

“”McDonald’s” Vətən Müharibəsi zamanı ANCA erməni lobbisinin təkidi ilə “Qarabağ Azərbaycandır” paylaşımını öz sosial media səhifəsindən silmişdi. Bununla bağlı ciddi etirazlar olmuşdu. O zaman “McDonald’s” bunu siyasətə qarışmamaqları ilə izah etmişdi. Yəni , o zaman bu şirkət, həmçinin onları dəstəkləyən bəziləri Azərbaycanın suverenliyi məsələsini, bizim üçün milli qürur, milli maraq, beynəlxalq hüquq məsələsini “franşiza-françayzinq” səviyyəsinə, “siyasətə qarışmırıq” səviyyəsinə endirmişdilər. İndi isə həmin bu şirkət digər bir ölkənin suverenliyi və ərazi bütövlüyünə olan təcavüzlə bağlı bir anda 850 restoranı Rusiyada bağlayıb.
Necə olur ki, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qəsd edənlərə qarşı apardığımız ədalətli müharibədə bu tip addımlar “siyasətə qarışmaq” hesab olunur, amma digər ölkədə bu “təcavüzə etiraz” olur?

Təəssüf edirəm ki, o zaman ciddi ictimai etirazlar, boykot çağırışları olsa da, bütün diqqət müharibəyə yönəldiyindən rəsmi qurumlarımız bu məsələdə çox da dərinə getmədilər. Fikrimcə, dövlət üçün bu çox yanlış addım idi. Təkrarlanmaması üçün hökumət ciddi tədbirlər görməliydi. Ümid edirəm, aidiyyatı qurumlar “McDonald’s” və bu tip qurumların 44 Günlük Müharibə zamanı ölkəmizə qarşı etdiklərini unutmayıblar”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90