Suriya ilə İsrail arasında artan gərginlik nəticəsində həyata keçirilən hava hücumları daha iki nəfərin həyatına son qoyub.
Busaat.az xəbər verir ki, İsrail ordusunun şənbə gecəsi Suriyanın müxtəlif bölgələrinə təşkil etdiyi 15 hava hücumu nəticəsində azı 2 mülki şəxs həlak olub, 8 nəfər isə yaralanıb. Hücumların əsasən paytaxt Dəməşq və ətrafında həyata keçirildiyi bildirilir.
İsrail tərəfi hücumlara dair əlavə sübut təqdim etmədən Suriyadakı “hərbi obyektlər, zenit topları və raket infrastrukturu”nu hədəf aldıqlarını bildirib. Baş nazir Benyamin Netanyahu isə Dəməşqin cənubundakı druz icmasına qarşı hər hansı təhlükəyə dözməyəcəklərini bəyan edib.
Qeyd edək ki, son günlər Suriyada hökumətyönlü qüvvələrlə druz döyüşçüləri arasında toqquşmalar zamanı 100-dən çox insan həyatını itirib. Əl-Cəzirənin müxbiri İmran Xanın verdiyi məlumata görə, Dəməşqə yaxın Cəramana şəhərində vəziyyət narahatlıq doğurur.
Nərmin Səmidova
Busaat.az