Taxılçılıq sahəsinin bitməyən problemləri: “Bu, məhsuldarlığın aşağı düşməsinə səbəb olur”

image-taxilciliqbackend

“Taxılçılıqda keyfiyyətli toxum, suvarma suyu çatışmazlığı sahənin inkişafında çox ciddi problemlər yaradır”.

Busaat.az xəbər verir ki, bunu taxılçılıq sahəsindəki mövcud vəziyyəti dəyərləndirən Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyib.

Ekspertə görə, hələ də digər dənli və dənli paxlalıların məhsuldarlığı ilə bağlı məlumatlar açıqlanmayıb. Buna baxmayaraq, birmənalı olaraq demək olar ki, bu il taxıl istehsalında çox ciddi geriləmə var:

“Əvvəlki ilə nisbətən cari ildə buğda istehsalı 311 min ton azalıb. 2020-ci ildə əsаs ərzаq məhsulu olan və ölkədə əkin sаhəsinə görə birinci yеri tutan buğda istehsalı 2 milyon 210 min ton nəzərdə tutulub. 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumata görə, 2020-ci ildə Azərbaycanda 2 milyon 210 min ton buğda istehsalı gözlənilirdi. DSK-nın məlumatında isə bu il buğda istehsalı 1 milyon 860,2 min ton təşkil edib. Bu da 2020-ci il üçün nəzərdə tutulduğundan 350 min ton, yəni 18,8% az olub. Onu da qeyd etməliyəm ki, əsas ərzaq məhsulu olan buğdanın istehsalı dayanıqlı deyil.

Azərbaycanda rəqabətqabiliyyətli ərzaq buğdası istehsalı üçün çox münbit şərait olduğu halda, ölkə özünün bu strateji məhsula olan tələbatının az bir hissəsini (2019-cu ildə 31%-ni) daxili istehsal hesabına ödəyə bilir. Bu gün taxılçılıqla məşğul olan fermerlərə keyfiyyətli toxum materialı təklif olunmur. Yaranmış vəziyyətdən istifadə edən işbazlar istehsal etdikləri məhsul üçün saxta yolla keyfiyyət sənədləri əldə edərək adi taxıl məhsulunu kəndlilərə toxum materialları kimi baha qiymətə satırlar. Bu da məhsuldarlığın və məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Fermerlərin min bir əzab-əziyyətlə əldə etdikləri məhsul ərzaq buğdası standartına uyğun gəlmir. Kəndlilər istehsal etdikləri məhsulu məcburiyyət qarşısında qalıb heyvandarlıqda yem kimi istifadə edirlər”.

Vahid Məhərrəmliyə görə, taxılçılıqda mövcud olan problemlərin aradan qaldırılması istiqamətində hökumət konkret addımlar atmalıdır:

“Kənd təsərrüfatı məhsulu istehsalçılarının suvarma suyuna, texnikaya, keyfiyyətli toxuma, mineral gübrələrə, pestisidlərə və digər istehsal vasitələrinə olan ehtiyaclarının vaxtlı-vaxtında ödənilməsini öz üzərilərinə götürə biləcək sahibkarlara şərait yaradılmalıdır. Həmçinin hökumət taxıl istehsalı ilə məşğul olan fermerlər üçün dövlət büdcəsindən ayrılan subsidiyaların əkin sahələrinin həcminə görə deyil, əmtəəlik məhsullara görə verilməsi mexanizmi hazırlamalıdır”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90