Tehranda qanlı mesaj: İran-İsrail qarşıdurması daha da güclənəcək

image-59backend

İyulun 31-də səhər saatlarında HƏMAS rəhbərinin Tehrandakı iqamətgahının raket atəşinə tutulması nəticəsində HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürülüb. O, İranın yeni prezidenti Məsud Pezaşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.

Bu sui-qəsdlə bağlı İran Ali Milli Təhlükəsizlik Şurası bildirib ki, Haniyənin öldürülməsinə səbəb olanlar öz cavablarını alacaqlar.

Bundan başqa, İranın Prezidenti Məsud Pezeşkian İranın öz ərazi bütövlüyünü, şərəfini qoruyacağını və terrorçu işğalçıları qorxaq əməllərinə görə peşman edəcəyini vurğulayıb. İranın ali lideri ayətullah Əli Xamənei isə Haniyəni qətlə yetirməklə, İsrailin özü üçün ağır cəzaya zəmin yaratdığını açıqlayıb.

Bəs görəsən, İran bu sui-qəsdlə bağlı hansı addımlar ata bilər və region üçün hansısa təhlükələr gözlənilirmi?

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Busaat.az-a açıqlamasında bildirib ki, sözügedən sui-qəsd Qəzza zolağında gedən müharibənin bir hissəsi olan hadisədir:

“İsrail rəhbərliyi açıq şəkildə bəyan edib ki, HƏMAS təşkilatının tamamilə ləğv edilməsini öz qarşısına məqsəd kimi qoyub. Eyni zamanda İsrail girov düşmüş insanların axtarışı ilə məşğuldur. Müharibə əməliyyatlarının davam etməsinə baxmayaraq, təxminən 24-25 nəfər girov hələ də axtarılır. Bir çox mənbələrə görə, vaxtilə HƏMAS təşkilatının bu və ya digər qanadlarının İsrail ilə əlaqələri mövcud olub. Qəzza zolağında işıq və su təminatı, o cümlədən bəzi layihələr İsrailin dəstəyi ilə həyata keçirilib”.

HƏMAS-ın siyasi rəhbərliyinin qərargahının Qətərdə yerləşdiyini bildirən T.Zülfüqarova görə, ABŞ-nin ən böyük bazaları və komandanlığı da Qətərdədir. Bu isə vəziyyətin kifayət qədər mürəkkəb olduğunu göstərir.

Tofiq Zülfüqarov: Haniyənin öldürülməsi İran-İsrail gərginliyini yeni səviyyəyə çıxara bilər

“Haniyənin öldürülməsi İran və İsrail arasındakı gərginliyi yeni səviyyəyə çıxara bilər. Çünki bu hadisə ilə yanaşı, İran müxtəlif səviyyələrdə nüvə proqramına aid danışıqları bərpa etməyə hazır olduğunu açıqlamışdı. Ümumilikdə indiki məqamda məlumatın az olması gedişatı ətraflı izah etməyə imkan vermir. Sadəcə ilkin təhlilə görə, İran-İsrail qarşıdurması daha da güclənəcək”, – deyə sabiq xarici işlər naziri vurğulayıb.

Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi ilə əlaqədar İranda üçgünlük matəm elan edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki