“Bravo”da baş verən terror hadisəsi hər kəsə məlumdur. İnkassatora hücum etmək tək Azərbaycanda deyil, bütün dünyada nadir hallarda rast gəlinən ciddi hadisədir.
İnkassator hücumu üçün xüsusi hazırlanmış plana ehtiyac var. Ona görə ki, inkassatorlar hər zaman xüsusi qorunur və mühafizə professional şəxslər tərəfindən həyata keçirilir. Məsələ sadəcə onun qorunması və bunun professional şəkildə həyata keçirilməsi ilə də yekunlaşmır. Proses zamanı pulun transferi o qədər sürətlə həyata keçirilir ki, soyğunun uğurlu olması üçün oğrular maksimum sürətli və dəqiq olmalı, bu ikisini paralel və səlis həyata keçirməlidirlər.
Gəlin razılaşaq ki, sıradan insanlar, daha doğrusu sıradan pul oğruları bu keyfiyyətlərə sahib olacaq qədər hazırlıqlı deyillər. Ancaq xüsusi hazırlaşmış və ya hazırlaşdırılmış şəxslər bunu edə bilərdi. Üstəgəl, “Bravo”dakı insident zamanı bir inkassator əməkdaşının öldürülməsi, digərinin isə şans nəticəsində həyatda qalmasına baxmayaraq, hədəf alınması deməyə əsas verir ki, həmin şəxslərin məqsədi sadəcə “pul oğurlamaq” deyildi. Məqsədi sadəcə pul oğurlamaq olanlar heç vaxt öldürmək üçün atəş açmaz, uzağı yüngül xəsarətlər verməklə zərərsizləşdirmək məqsədi ilə atəş açardılar…
Başqa diqqət çəkən məqam isə odur ki, planı hazırlayanlar hadisənin terror aktı kimi qiymətləndirilməməsi, sadəcə “pul oğurluğu” adlandırılması üçün çalışıblar. Çünki ətrafdakı sivil insanlara atəş açılmayıb və sivillər hədəfə alınmayıb.
Buradan belə nəticəyə gəlmək mümkündür ki, insident “mesaj vermək” məqsədi daşıyıb…
Ancaq kimə və nəyə görə mesaj verildi?
Hadisə yeri təsadüfü seçilməyib. Hadisə yerində şəhərin ən böyük hipermarketlərindən biri yerləşdiyi kimi, bura insanların kütləvi olduğu ərazi sayılır. Pul oğruları maksimum diqqətdən kənar yerlər seçirlər. Ancaq cinayətkarlar onlara verilmiş tapşırıq üzrə Azərbaycan dövlətinə mesaj verirdilər. Mesajı cümlələrlə belə ifadə etmək mümkündür:
– Azərbaycanda sabitliyi poza, xaos yarada, bunun üçün terror hücumları təşkil edə bilərik.
Aydın məsələdir ki, mesajı ssenarisi Azərbaycan sərhədlərindən kənarda hazırlanıb. Hədəfi isə, Azərbaycan siyasi rəhbərliyi, onların əzmlə davam edən xarici siyasət xəttidir.
Çünki bütün təhdid və təhlükələrə baxmayaraq, Azərbaycan dövləti dünya siyasətində aktiv oyunçuya çevrilir, Qarabağ məsələsində heç kimə güzəştə getmir, bəzi dövlətlərin maraqlarına zidd olaraq beynəlxalq tranzit layihələrdə aktiv rolunu davam etdirir.
Konkret ölkələri nümunə göstərmək üçün indi tezdir. Amma İran hazırda insidentdə əsas maraqlı tərəf kimi önümüzə çıxmaqdadır. Qarabağda hüquqlarımız təmin ediləndə, “Qərbi Azərbaycana qayıdış” gündəmə çevriləndə, beynəlxalq tranzit yolu kimi Zəngəzur korridorunun açılması aktual məsələ olanda və s. bir çox məqamlarda İran həmişə Azərbaycanı, onun siyasi rəhbərliyini hədəfə alıb.
Azərbaycanın İrandakı Səfirliyində törədilən terror hadisəsi isə, İranı çox çətin siyasi vəziyyətə salıb. Tehran bu terroru planlaşdıranda düşünürdü ki, Azərbaycan qorxacaq, geri çəkiləcək və onun maraqlarına boyun əyəcək. Ancaq əksinə oldu. Azərbaycan hadisənin ilk saatlarından, elə Prezident İlham Əliyevin dili ilə terror hadisəsi olduğunu deməkdən çəkinmədi, daha sonra İrandan baş vermiş hadisə ilə bağlı dəqiq və obyektiv araşdırma tələb etdi.
Dəqiq və obyektiv araşdırmanın nəticəsi isə, İranın terror dövləti olduğunun sübutudur. İndi Azərbaycanın bu hadisənin üzərinə getməməsi, İranın “uyduracağı yalanlara” boyun əyib səfirlikdəki terrorun ört-basdır edilməsi İran üçün hava və su kimi vacibdir.
Tehran və onunla eyni maraqları bölüşən digər Azərbaycan düşmənləri yaxşı bilirlər ki, Azərbaycanın əsas gücü onun enerji ehtiyyatları və müasir silahları deyil. Azərbaycanın sosial bazası, ölkədəki siyasi sabitlik Azərbaycan dövlətinin uğurlarının əsas bazasını təşkil etməkdədir.
Yəni Azərbaycana iqtisadi və hərbi təzyiqlər göstərməklə hakimiyyəti öz qətiyyətli mövqeyindən döndərmək mümkün olmayacaq. Ancaq daxildə siyasi sabitliyi pozaraq, Azərbaycan xalqının, dolayısıyla dövlətin diqqətini taleyüklü məsələlərdən yayındırmaq olar. Əslində etiraf etmək lazımdır ki, anti-Azərbaycan qüvvələr bunu yaxşı hesablayır.
Xüsusilə Hacı Şahinin vaxtsız ölümü ilə Azərbaycanda radikal islamizmin idarə edilməsində müəyyən problemlər yaşanması, bu qüvvənin xarici ünsürlər tərəfindən təsir dairəsinə salınması kimi məsələlər müzakirə mövzusuna çevrilib. Cənubdakı qonşularımız bunu fürsət bilir və Azərbaycana qarşı istifadə etməyə cəhd edəcəklər.
Bütün bunları nəzərə alaraq, iddia etmək mümkündür ki, hazırda bütün anti-Azərbaycan qüvvələr ölkədəki sabitliyi pozmaq, beləcə vətəndəş-dövlət, vətəndaş-iqtidar birliyinə zərbə vurmaq üçün səfərbər olacaqlar. Mesaj artıq verilib. Azərbaycan qətiyyətli addımlarından geri dönmədikcə, qarşı tərəflər mesajı reallaşdırmağa çalışacaqlar.
İnkassator ssenarisində uğurlu olan, “Taroqvı”da silahlı insident törədənlər elə hesab edəcəklər ki, bu addımları təkrarlaya, səlahiyyətli orqanın boşluğunu həmişə tapa biləcəklər. Ancaq Azərbaycanın dövlət təhlükəsizliyi digər bir peşəkar qurum qoruyur. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həmin qüvvələrin sonrakı addımlarını, mümkün mənfur ssenariləri görür və tədbirlər planını hazırlayıb. Yəqin qarşı tərəflər unudur ki, axtarışda olan bir neçə şəxsi xarici ölkələrdə yaxalayan, daxildəki İran agenturasını çökdürən, dövlət təhlükəsizliyini təhdid edən bütün addımları ifşa edən DTX, başqa ölkələrin Azərbaycandakı sabitliyi pozmağa hesablanmış bütün addımlarını da zamanında zərərsizləşdirəcəkdir. Məsələnin beynəlxalq tərəfi bir qəlizdir. Bəlli məsələdir ki, artıq Azərbaycana qarşı “dövlətlər koalisiyası” yaranıb. Bir çox məsələlərdə fərqli aspektlərdə dayanan Rusiya, Fransa və İran kimi ölkələr qeyri-rəsmi koalisiya şəklində anti-Azərbaycan siyasi xətti formalaşdırır və bu, ciddi təhdidə çevrilir. Daxili təhlükəsizlik məsələlərində hər nə qədər güclü olsaq da, belə bir mənfur koalisiya ilə təklikdə mübarizə aparmaq mümkün deyil. Bu səbəbdən, Azərbaycan tərəfi həmin koalisiyaya qarşı Britaniya-Türkiyə-Çin üçlüsünün Cənubi Qafqazda aktiv rol oynamasına çalışmalıdır. Britaniya Fransanın, Türkiyə İranın, Çin isə Rusiyanın itirmək istəmədiyi əsas ölkələrdir. Britaniyasız Fransanın önəmi olmadığı kimi, Türkiyə olmadan İranın Qərbin təzyiqlərinə davam gətirməsi qeyri-mümkündür. Rusiya öz növbəsində kollektiv Qərbə qarşı mübarizəsi davam etdiyi vaxtda Çindən dəstək almağa ümidlidir. Beləliklə beynəlxalq situasiyanın da Azərbaycanın tərəfində olduğunu görürük. Qarşı tərəflərin nəyi və necə hesablamasından asılı olmayaraq, Azərbaycan öz əzmkarlığını qoruyacaq və məqsədlərinə çatmaq üçün tərəddüd etməyəcək.
Həşim Səhrablı / Busaat.az