Tərtərdən 851, Kəlbəcərdən 735, Ağdamdan 73 kvadratkilometr ərazi alınacaq

image-resize-12backend

Ölkə Prezidenti tərəfindən Milli Məclisə qanunvericilik təşəbbüsü qaydasında “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsi təqdim olunub.

Busaat.az xəbər verir ki, noyabrın 27-də parlamentin Regional məsələlər komitəsinin iclasında qanun layihəsinə baxılıb və Milli Məclisin plenar müzakirəsinə tövsiyə edilib.

İlk dəfə 1930-cu ildə təşkil olunan Ağdərə rayonu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olub. Rayon 1991-ci ilə qədər Mardakert adlanıb. 1991-ci ilin noyabr ayında qəbul edilən “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında” qanunla rayonun adı dəyişdirilərək Ağdərə adlandırılıb.

“Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Milli Məclisin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Ağdərə rayonu 1992-ci il oktyabrın 13-də ləğv olunub. Qərara əsasən, rayonun kəndləri və onlara məxsus torpaq sahələri Tərtər, Ağdam və Kəlbəcər rayonlarının inzibati tərkibinə verilib. Rayonun mərkəzi Ağdərə şəhəri Tərtər rayonuna verilib.

1660,83 kv.km ərazidə yaradılacaq Ağdərə rayonuna Kəlbəcər rayonundan 735,84 kv.km, Tərtər rayonundan 851,25 kv.km və Ağdam rayonundan 73,74 kv.km ərazi veriləcək.

Ağdam rayonundan Baş Güneypəyə, Xatınbəyli, Məlikli, Qazançı, Orta Güneypəyə, Sırxavənd, Ballıqaya, Bəşirlər, Qaraşlar kəndləri və Yeni Qaralar, Kəlbəcər rayonundan Çərəktar, Çıldıran, Dəvədaşı, Mehmana, Dovşanlı, Bazarkənd, Hayad, Heyvalı, Yayıcı, Həsənriz, İmarət Qərvənd, Çapar, Zardaxaç, Kolatağ, Damğalı, Qızılqaya, Yuxarı Ortatağ, Qozlu, Qozlukörpü, Narınclar, Vəngli, Çormanlı və Şahmansurlu kəndləri, Tərtər rayonundan Ağabəyli, Canyataq, Gülyataq, Çardaqlı, Lüləsaz, Meqrelalay, Həsənqaya, Çiləbürt, Göyarx, Maralyansarov, Kiçik Qarabəy, Qızıloba, Seysulan, Yarımca, Aşağı Ortatağ, Qasapet, Dəmirli, Şıxarx, Talış, Ulu Qarabəy, Umudlu, Zəylik kəndləri və Ağdərə şəhəri Ağdərə rayonunun tərkibinə veriləcək.

Ağdərənin yaradılması ilə Azərbaycanda rayonların sayı 67-yə çatacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki